192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gəncədə aksiya keçirən valideynlərin polisə aparıldığı deyilir
2019-04-23 14:19:55

«Ötən il baş verən Gəncə hadisələri ilə bağlı həbs edilmiş şəxslərin bəzi yaxınları dünən, aprelin 22-də saxlanıb buraxılıblar. Onlar həmin gün Gəncədə etiraz aksiyası keçirmişdilər».

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, aprelin 22-si axşam polislər evlərə gələrək aksiya keçirənlərdən bəzilərini Gəncə Şəhər Polis İdarəsinə aparıblar: «Övladlarına azadlıq tələb etdiklərinə görə məhbus anaları Sevinc Hüseynova, Aybəniz Əliyeva və başqaları evlərindən zorla polis bölməsinə aparılıb...».

Hüquq müdafiəçisinin vurğulamasına görə, saxlananların hamısı sonra buraxılıb. O.Gülalıyevin deməsinə görə, onlara aksiya zamanı işgəncə iddiaları ilə bağlı bəzi polis və prokurorluq əməkdaşlarının şəkillərini nümayiş etdirmələri irad tutulub.

Amma bu deyilənlərə, hələlik, nə Daxili İşlər Nazirliyindən, nə də Gəncə Şəhər Polis İdarəsindən münasibət öyrənmək mümkün olub.

Aprelin 22-də Gəncədə ötən il bu şəhərdə baş verən hadisələr zamanı həbs edilən şəxslərin valideynləri etiraz aksiyası keçiriblər. Onlar əllərində həbs edilən uşaqlarının və keçmiş prezident Heydər Əliyevin şəkillərini tutublar.

Aksiya iştirakçıları keçmiş prezidentdən belə bir sitat da gətiriblər: «Dövlət iki halda sarsıla bilər. Günahkarlar cəzasız qalanda, günahsızlara cəza veriləndə».

Aksiya iştirakçıları deyiblər ki, uşaqları tutulduqdan sonra həm Gəncədə, həm də Bakıda işgəncələrə məruz qalıblar. Çıxışçıların deməsinə görə, elektrikə verilənlər, ağır şəkildə döyülənlər və təhqir edilənlər olub.