Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanda dözümsüzlüyün bariz nümunələri ortaya çıxdı
2019-05-10 15:24:14

ABŞ-da yaşayan və son illər İnternetdə təsis etdiyi “Osmanqızı” telekanalının aparıcısı, jurnalist Sevinc Osmanqızı şəxsi həyatı ilə təhdid olunduğunu bildirib. Jurnalist videomüraciətində bildirib ki, heç bir şantaja və təhdidlərə boyun əyməyəcək və işini davam etdirəcək.Amnesty İnternational beynəlxalq hüquq- müdafiə təşkilatı, beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycanın hakimiyyətyönlü KİV-lərində jurnalist Sevinc Osmanqızına qarşı başlanmış böhtan kampaniyasını pisləyiblər.Azərbaycanda bir çox jurnalist şəxsi həyatla bağlı təhdidlərlə üzləşib. Amma son illər bu təcrübədən o qədər də istifadə olunmurdu. İndi yenidən həmin təcrübədən istifadə olunması bir çox suallar ortaya çıxarıb. Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli mövzu ilə əlaqədar ASTNA-nın suallarını cavablandırıb.

***

-Ələsgər bəy, xaricdə yaşayan və fəaliyyət göstərən jurnalist Sevinc Osmanqızı şəxsi həyatı ilə təhdid olunduğunu bildirir. Sizcə, bu təhdidi edənlər nəyə nail olmaq istəyirlər?

-Ümumiyyətlə, Azərbaycanda son illər, xüsusilə 2000-ci illərdən sonra kütləvi şəkildə ifadə azadlığına dözümsüzlüyün bariz fərqli nümunələri ortaya çıxdı. Bunlardan biri də ifadə azadlığı carçısı olanların, xüsusilə hansısa korrupsiya faktlarını, hökuməti narahat edən hansısa məsələləri ortaya çıxaran şəxsləri şəxsi həyatı ilə bu və ya digər formada təhdid etməkdir. Bunun nümunələri çox oldu. Bəzi şəxslər buna görə təəssüf ki, mövqelərini dəyişib və yaxud fəaliyyətini dayandırıb, susaraq buna reaksiya göstərib. Xüsusən kişilərə yönələn təhdidlərlə bunu daha konkret gördük. Amma qadınlara yönələn təhdidlərdə bu o qədər də effektiv olmadı. Indi təkrar bu məsələnin yenidən gündəmə gəlməsi göstərir ki, hökumət və yaxud da hökumətdə bu düşüncədə olan insanlar, bu düşüncəyə daha çox önəm verən şəxslər düşünürlər ki,istənilən qədər effektiv olmasa da yenə də müəyyən qədər effektiv ola bilər və kimisə durdura bilər, kimisə susdura bilər, kimlərinsə hansısa narahatlığı varsa, bu çərçivədə onlar fəaliyyətini yenidən gözdən keçirib hökumətlə münasibətini yenidən qura bilər. Hər halda buradakı məqsəd, bu təhdidin artması həmin şəxsin bugünki fəaliyyəti ilə, bugünki mövqeyi ilə birbaşa bağlıdır. Həmin jurnalist xanımı durdurmaq üçün, mövqeyindən çəkindirmək üçün cəhd olunur.

-Sizin də dediyiniz kimi, Azərbaycanda jurnalistlərin şəxsi həyatı ilə təhdid olunması təcrübəsi 2000-ci illərin əvvəllərindən başlayıb. Və bir çox jurnalist buna məruz qalıb. Amma xeyli vaxtdır bu təcrübədən istifadə olunmurdu. Indi yenidən bu təcrübənin meydana gətirilməsində məqsəd nədir?

-Mən düşünmürəm ki, bu və ya digər formada şəxsi həyata müdaxilə dayanmışdı, yenidən başladı. Müxtəlif platformalarda bu cəhdlər davamlı olub. Bu cəhdlərin davamlı olmasının səbəbi həmin cəhdlərin bu və ya digər formada kimlərəsə təsirini göstərməsidir. Yüz faiz nəticə əldə olunmasa da, hər halda hökumət əlli faizdən yuxarı nəticə əldə edib ki, təkrar bu məsələyə gəlir. Ikinci bir məqam odur ki, hökumətdə bəzi qüvvələr təəssüf ki, siyasi mədəniyyət və ya siyasi mübarizə mədəniyyəti göstərmək əvəzinə çox bəsit, məişət səviyyəsində, etik çərçivələrə sığmayan metodologiyalara əl atır. Dövlətin resurslarından istifadə edərək bunu edirlər. Xüsusilə, xüsusi xidmət orqanlarının vasitələrinin köməyi olmadan hansısa şəxsin özəl yazışmalarını əldə etmək, şəxsin telefon danışıqlarına müdaxilə etmək mümkün deyil. Ayrıca, qanunu pozmadan da bunu etmək mümkün deyil. Bu baxımdan düşünürəm ki, baş verən hadisə, sadəcə, bir şəxsin özəl həyatına müdaxilə və onun fəaliyyətini çəkindirmək deyil, eyni zamanda bu, həm də qanunsuz olaraq fərdi məlumatların toplanması və istifadəsidir, qanunsuz olaraq şəxsi həyata müdaxilədir, qanunsuz olaraq şəxsin gizli telefon danışıqlarını və məxfi yazışma sirrini pozmaqdır. Bunların hər biri qanunvericiliyə görə məsuliyyət daşıyır. Xüsusilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156 və 155-ci maddələrinin pozulmasıdır. 155-ci maddə gizli yazışma sirrini qoruyur, 156-cı maddə isə şəxsi həyatı qoruyur. Hər ikisi bunu cinayət əməli hesab edir. Bu cinayət əməli hökmən qarşılığını görməzsə, xüsusilə, bu vəzifəli şəxslərin vəzifə səlahiyyətindən sui-istifadə edərək bunu edib, mediaya ötürməsi, medianın da bunu tirajlaması mahiyyət etibarı ilə burada üçlü-dördlü məsuliyyət yaradır. Amma bunlar bu prosesdən ona görə geri çəkilmir ki, hüquq onu tətbiq etməli olanlaraişləmir. Vətəndaşların hüquq və azadlıqlarını əmanət etdikləri və onların hüququnu qorumalı olan, istər prokurorluq, istər digər hüquq-mühafizə orqanları tərəfindən qorunmur. Həmin orqanlar tərəfindən pozuntulara göz yumulur. Ona görə də bu proseslər belə ardıcıl olaraq davam edir.

-Bir çoxları düşünür ki, hökumət yumşalma siyasəti həyata keçirir. Onların düşüncələrinə görə, bu cür addımları atanlar hökumətin yumşalma siyasətinə qarşı olanlardır. Bəziləri isə bu fikirlərlə razılaşmır və deyirlər ki, hökumətin ritorikasında heç bir dəyişiklik yoxdur. Siz necə düşünürsünüz? Doğrudanmı hökumətin illərdir davam edən ritorikasında heç bir dəyişiklik yoxdur?

-Hökumətin yumşalma siyasəti və ya ümumiyyətlə, ritorikasının dəyişməsi məsələsinə gəldikdə hadisələrə görə dəyişə bilər. Məsələn, hökumətin bəzi sosialyönlü siyasətində dəyişiklik hiss olunur. Amma hökumətin siyasi opponentlərə və ya jurnalistlərə qarşı, xüsusən də ifadə azadlığı çərçivəsində fəaliyyət göstərənlərə qarşı ritorikasını 10 il öncə ilə müqayisə etsək, daha sərtdir. 10 il öncə İnternetə müdaxilə yox idi, indi var. 10 il öncə şəxsi həyata bu formada müdaxilə edilmirdi, amma indi edilir. 10 il əvvəl indi olduğu kimi gizli telefon danışıqlarını və ya yazışmaların skrinlərini görə bilməzdik, indi bunu görürük. Əgər ayıraraq desək ki, biri var siyasi platformada mübarizə və siyasi opponentlərlə münasibət, burada ritorika nəinki yumşalıb, hətta sərtləşib. Sadəcə, bir siyasi ritorika siyasi müstəvidə olan deyil, həm də ictimai müstəvidə, xüsusilə, media və jurnalistlərə qarşı ritorikada bu var. Son illər diqqət etsək, məsələn, Əfqan Muxtarlının o formada Gürcüstandan gətirilib, həbsə atılması olsun, Xədicə İsmayılın şəxsi həyatı olsun, bu gün Sevinc Osmanqızının şəxsi həyatına olan müdaxilələr olsun, bunların xüsusilə də hökumətin özünün lisenziya verdiyi bir media orqanında tirajlanması onu göstərir ki, bu ritorika qətiyyən yumşalmayıb, əksinə, bu ritorikaya yeganə geriyə dönüşü olmayan bir ritorika deməyə əsas verir. Təəssüf ki, bu, çox yanlış düşüncədir. Bunun geriyə dönüşü yox, ümumiyyətlə, uğura gedişi yoxdur və bu ümumiyyətlə, məhv olmağa yönələn, məhv olmağa məhkum olan bir ritorikadır.

-Jurnalistlərin bu cür təhdidlərlə geri çəkilməsi təcrübəsi jurnalist Xədicə İsmayılova şəxsi həyatı və intim görüntüləri ilə təhdid olunanda bitdi. Xədicə ismayılova öz duruşu ilə bu tendensiyaya son qoydu və fəaliyyətini davam etdirdi. Indidaha bir jurnalist xanım təhdidlərə baxmayaraq, fəaliyyətini davam etdirəcəyini bildirir. Bir sözlə, artıq bu, jurnalistləri qorxutmur. Bəs niyə bunu edənlər bu ritorikadan geri çəkilmirlər?

-Hökumət birmənalı olaraq bu tip fəaliyyətlərdən heç bir nəticə əldə etmədi demək doğru deyil.Bəli, Xədicə İsmayılovanın şəxsi həyatına olan müdaxilə və ona qarşı olan bütün ittihamlara baxmayaraq, o fəaliyyətindən geri çəkilmədi, korrupsiya araşdırmalarını davam etdirdi. Bu, istisnadır. Amma belə istisnalar təəssüf ki, azdır. Hökumət daha çox belə istisnalar az olduğu üçün zatən bu prosesi davam etdirir. Hökumətdə olan bəlli qüvvələr, xüsusilə belə istisnaları çox da aydın, sistemli bir istisna, sistemli bir hadisə kimi yox, həqiqətən istisna kimi görür. Əsas isə odur ki, bu tip dırnaqarası faktlar, ümumiyyətlə şantaj metodologiyası bir formada görünür hökuməti razı salır ki, o, bunları işləyir, davam edir. Və geriyə baxsaq, şəxslərin adını açıqlamasam da, bu tipli hallara görə geri çəkilmələr çox olub. Zaman-zaman olmayıb. Məsələn, vaxtilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı belə hadisə olmuşdu. Amma o, geri çəkilmədi. Başqaları, geri çəkilənlər oldu. Bu, hamının gözünün qarşısında baş verib. Hər halda bu metodologiyanın hələ də tərk edilməməsinin səbəbi bəlli istiqamətdə bu tip fəaliyyətlərdən tam olmasa da, müəyyən nəticələr əldə olunmasıdır. Bu dırnaqarası nəticələr şəxsləri çəkindirir, qorxudur, cəmiyyətdə gözdəndüşmə qorxusunu önə çəkir və onlar da bu çərçivədə bəzən siyasi fəaliyyətdən imtina edirlər. Bəzən ictimai funksiyalarından, araşdırmalarından imtina edirlər. Bunun nümunələri var. Ona görə mən düşünürəm ki, Xədicə İsmayılova yaxşı mənada böyük bir fəaliyyət və böyük bir cəsarət göstərərək fəaliyyətini davam etdirdi və bu tip şantajların onun fəaliyyətini heç bir formada dayandırmayacağını göstərdi. Amma bu formatı seçən çox az insan var. Və bu formatda fəaliyyətini davam etdirən çox az insan olduğundan hökumət hələ də şantajın bir metodologiya olaraq işlədiyini düşünür.

-Sizcə, Azərbaycanda jurnalstlərin normal fəaliyyət göstərməsi üçün nə etmək lazımdır?

-Ilk növbədə qanunun üstünlüyünü, hüququn aliliyini qorumaq lazımdır. İlk növbədə hüquqi mühiti təmin etmək lazımdır. Ölkədə, dünyanın hər yerində medianın, jurnalistlərin normal fəaliyyəti üçün hökumətin üzərinə düşən yük normal mühiti təmin etməkdir, azadlıq mühitini qorumaqdır, hüquqların üstünlüyü və qanunun aliliyi prinsipini qorumaqdır. Bunlar mövcud olarsa, fəaliyyət davam edər. Azərbaycanda bu gün ən böyük problemlərdən biri jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilədir. Qanunsuz müdaxilələrin heç bir formada hüquq- mühafizə orqanları müstəvisində mübahisələndirilməməsidir. Bu qanunsuz müdaxilələrin bir çoxu qanunun özündə, legitim olmayan qanunlarda olan müdaxilələrdir. Məsələn, bloklanma kimi, diffamasiya məsələləri və s. Və bütün bu aspektdən baxanda hüquqi mühiti liberallaşdırmaq və demokratik dəyərlərin şərtlərini uyğunlaşdırmaq lazımdır. Hüququn üstünlüyünü təmin etmək, jurnalistin və medianın fəaliyyətinə müdaxilə etməmək onların normal fəaliyyət göstərməsinə şərait yaradar.