Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Fəallar həbsdə olan dindarlara qarşı qeyri-insani rəftara son qoyulmasını tələb ediblər
2019-05-11 11:38:04

Fəallar həbsdə olan dindarların səhhəti və onlara qarşı rəftarla bağlı narahatlıqlarını bildiriblər. "Turan"-a əsasən, dindar siyasi məhbusların hüquqlarını Müdafiə Komitəsinin mayın 10-da təşkil etdiyi "Siyasi məhbuslara qarşı repressiyalar və işgəncələr" mövzusunda "dəyirmi masa"nın iştirakçıları hakimiyyəti dindarlara qarşı işgəncə faktlarının araşdırılmasına, onlara tibbi yardım göstərilməsinə və onların hüquqlarının bərpasına çağırıblar.

Komitənin həmsədri Eldəniz Quliyev görüşü açaraq həbsxanalarda dindarlara qarşı qeyri-insani rəftar və işgəncələr barədə daxil olan məlumatlarla bağlı narahatlığını bildirib.

2018-ci ilin Gəncə hadisələri üzrə ittiham olunanlar xüsusilə amansız rəftara məruz qalıblar.

"Həmin insanlara qarşı törədilənlər nə qanunla bir araya sığır, nə də humanizmlə. İş o yerə çatıb ki, məhbuslardan biri nəzarətçidən dərman istədiyinə görə onu döyüblər və ayağından asıblar", - E.Quliyev bildirib.

Komitənin digər həmsədri Rövşən Əhmədli ictimaiyyəti dindar siyasi məhbuslara qarşı özbaşınalığa laqeyd qalmamağa çağırıb.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti konsolidasiya olmalı və işgəncələrə, alçaltmalara, dini fəallar da daxil olmaqla, bütün siyasi məhbusların əsassız təqib olunmasına son qoyulmasını tələb etməlidir.

Yazıçı Zümrüd Yağmur diqqəti dindarların səhhətinin pozulmasına yönəldib.

Qobustan həbsxanasında işgəncə nəticəsində Abbas Hüseynovun ayağında maye toplanması prosesi gedir.

Cabbar Cabbarov qaraciyər xəstəliyindən əziyyət çəkir. Ceyhun Əliyev və Sahil Rzalının da ciddi problemləri var. Babək Həsənovun qaraciyər və onurğa problemi var.

Nardaran əməliyyatı zamanı ayağından yaralanmış Şamil Abdullayevin əməliyyata ehtiyacı var. Əks halda onu ayağının 15 sm. qısaldılması təhlükəsi gözləyir. Ancaq sözügedən məhbuslar keyfiyyətli tibbi yardımla təmin olunmurlar.

Nardaran hadisələri vaxtı həbs olunanların müdafiəsinə yönəlik yazılarına görə 3 il 3 ay həbsdə saxlandıqdan sonra bu ilin martın 17-də əfv sərəncamıyla azadlığa çıxan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, zülmə susmayan din adamları bu hakimiyyəti qane etmir: "Bunlara yaltaq, nəzir qutusundan o yana getməyən din adamları lazımdır. Əvvəllər repressiyalara nümunə kimi, ötən əsrin 30-cu illərində baş verənləri deyirdik. Amma İlham Əliyevin hakimiyyətin dövründə elə zülmlər yaşandı ki, 37-ci il yaddan çıxdı. Nardaranda, Gəncədə, Tərtərdə tutulanlar və onların ailələrinin başına gətirilənlər 21-ci əsr Azərbaycanında əsl fəlakətdir. Bu ölkədə siyasi mübarizə yoxdur. Haqla nahaq arasında mübarizə var. Qarabağ uğrunda döyüşən insanlar şər-böhtanla cəzalandırılır. Adamlara göstərirlər ki, bizim üçün vətənin dəyəri yoxdur, onun uğrunda döyüşməyə dəyməz".

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova bildirir ki, bir neçə gün əvvəl Qobustan həbsxanasında saxlanılan həyat yoldaşıyla görüşüb. M.Səmədovla söhbətdən məlum olub ki, Qobustan həbsxanasında olan siyasi məhbuslarla sərt, qəddar davranırlar: "Hacıdan öyrəndim ki, orada xüsusən siyasi məhbuslara qarşı kampaniyaya başlayıblar. Onlara təzyiq göstərirlər, çalışırlar nə yolla olursa olsun, onları aşağılasınlar, sındırsınlar. Mövsüm Səmədova əfv ərizəsi yazmaq üçün də təzyiq göstəriblər. Görəndə ki, alınmır, başqa bir məhbusdan bu məqsədlə istifadə etməyə başlayıblar".

Görüşün yekunlarına əsasən bəyanat qəbul edilib. Bəyanatda hakimiyyətdən təhqiqatların obyektivliyinin təmin edilməsi, məhbuslarla qanunsuz davranış formalarına yol verilməməsi, onların hüquqlarına əməl edilməsi, işgəncələrin törədilməsində və cinayət işlərinin saxtalaşdırılmasında günahı olanların cəzalandırılması tələb olunur.