192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nərmin Şahmarzadə: ‘Təhlükəsizliyimə təminat yoxdur’
2019-05-16 16:13:32

Mübariz İbrahimov haqqında yazdığı fikirlərə görə həbsi tələb olunan psixoloq Nərmin Şahmarzadə məhkəməyə gəlməyib. Amma məhkəməyə məktub göndərərək göstərib ki, hər dəfə gəlib-gedəndə qarşı tərəfi müdafiə edən şəxslərin təhqirlərilə üzləşir, onun təhlükəsizliyinə təminat yoxdur. Bu barədə martın 15-də Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseyn məlumat verib.

Nərmin Şahmarzadənin məhkəməyə iki vəsatət göndərdiyini deyən hakim onların məzmunu haqda da qısa məlumat verib.

Vəsatətlərdən birində Nərmin Şahmarzadə bildirir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi yazılar ona aid deyil:

“Bildirir ki, həmin yazılar saxta profillər vasitəsilə sosial şəbəkələrdə onun adından yayılıb. Əslində isə ona heç bir aidiyyəti yoxdur”.

İkinci vəsatətində isə o, bu işə xitam verilməsini, qarşı tərəfin iddiasının təmin olunmamasını xahiş edib.

Nərmin Şahmarzadəni Mübariz İbrahimovun anası Şamama İbrahimova və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kikboksinq üzrə idman ustası Araz Musayev məhkəməyə veriblər.

Onlar xüsusi ittiham qaydasında qaldırdıqları iddiada Nərmin Şahmarzadənin CM-in 147 (böhtan) və 148 (təhqir) maddələri ilə 3 il azadlıqdan məhrum edilməsini istəyirlər.

Şamama İbrahimova məhkəməyə gəlməyib, ancaq vəkili Ramil Rüstəmov psixoloqun məcburi gətirilməsini, hətta onun haqqında həbs qətimkan tədbiri seçilməsini istəyib:

“Onu kimsə öyrədir ki, prosesi uzatsın. Bu adam artıq təqsirləndirilən şəxs qismində tanınıb. Məcburi gətirilməlidir. Belə hal təkrarlansa, həbs qətimkan tədbiri seçilməlidir. Çünki məhkəmədən yayınır. Yazılar da ona aiddir, sadəcə, məsuliyyətdən yayınmaq istəyir”.

Növbəti məhkəmə iclasını mayın 22-nə təyin edən hakim bildirib ki, bir daha təqsirləndirilən şəxs və onun vəkilinin gəlməməsi təkrarlansa, artıq başqa tədbir görüləcək.