Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Günahkarlar qaldı, günahsız adamları tutub cəzalandırdılar”
2019-05-18 14:54:03

Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü, 29 nəfərin xəsarət almasıyla nəticələnən yanğınla bağlı məhkəmənin hökmü hər iki tərəfi narazı salıb. Həm bu hadisədə təqsirli bilinib cəzalandırılanlar, həm də zərərçəkən tərəf hökmdən şikayətçidir.

Hökmə əsasən, Narkoloji Mərkəzdə spirtli içki asılılığına görə müalicə alan və özünü öldürmək məqsədilə üzərindəki yorğanı yandırıb, sonra da fikrindən daşındığı iddia olunan 65 yaşlı Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edildi. Mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov 4 il, onun təsərrüfat işləri üzrə müavini Mahir Abdullayevə 3 il 6 ay həbs cəzası kəsildi.

Mərkəzin şöbə müdiri, hər ay 100 manat rüşvət hesabına Məhəmməd Məmmədovu illərlə orada saxlamaqda ittiham olunan həkim-narkoloq Afət Məmmədova rüşvət ittihamıyla təqsirli bilinsə də, şərti cəza aldı. O, M.Məmmədovun müalicə həkimi olub.

Narkoloji Mərkəzdə yanğın vaxtı qardaşı Akifi itirmiş Arifə Abbasova yanğını Məhəmmədin törətdiyinə inanmır. Hesab edir ki, məhkəmə zamanı da onun təqsiri sübuta yetirilmədi. Onun sözlərinə görə, şahidlərin bir neçəsi də yanğının Məhəmmədin qaldığı 14-cü palatadan yox, 15-ci palatadan başladığını deyiblər.

Hökmün qanunsuz və ədalətsiz olduğunu deyən A.Abbasova bununla əlaqədar Prezident Administrasiyasına şikayətə gedəcəyini, Baş prokurora məktub göndərəcəyini bildirib.

Məhəmməd Məmmədovun yaxınları da hökmün ədalətsiz olduğunu, onun günahı olmadığı halda cəzalandırıldığını bildirir. Məhəmmədin özü kimi, onlar da iddia edir ki, hadisədən sonra onu qurban seçib, işgəncə verərək, etirafedici ifadəyə imza atdırıblar. M.Məmmədov özü də məhkəmədə bildirib ki, onu tutub əvvəlcə Xətai Rayon Polis İdarəsinə, oradan da DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Polis əməkdaşlarının ona işgəncə verdiyini, hətta nalayiq hərəkətlər etdiyini deyən M.Məmmədovun sözlərinə görə, o da məcburiyyət qarşısında onların hazırladığı ifadəni imzalayıb.

İddia olunur ki, M.Məmmədov 1998-ci ildən bu yana müəyyən fasilələrlə dəfələrlə Narkoloji Mərkəzdə alkoqolizmdən müalicə olunub. Sonuncu dəfə saxlanma müddəti martın 1-də daha 3 ay artırılıb. Bunu eşidəndən sonra M.Məmmədov gecə intihar etmək məqsədilə yorğanı yandırıb. Amma sonra fikrindən daşınıb, yorğanı üstündən atıb qaçıb.

M.Məmmədov isə bildirir ki, deyilənlər yalandır. Əgər o, Narkoloji Mərkəzdən qaçmaq istəsəydi, bunun üçün imkanı vardı. Çünki Mərkəzin həyətində təmir işləri görürdü, qaça bilərdi.