Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
İqtidarın sosial şəbəkələrə yönələn yeni siyasəti
2019-05-20 17:59:00

Müşahidələr göstərir ki, artıq ölkədə ictimai rəyi əsasən ümumölkə televiziyaları deyil, sosial şəbəkələr yaradır. Yetkin və fəal insanların mütləq əksəriyyəti gündəlik xəbərləri, ciddi sosial-siyasi analizləri, ictimai-siyasi diskussiyaları və müzakirələri sosial şəbəkələrdən izləyir. Uzun müddətdir ölkədə mövcud olan informasiya blokadası tədricən dağılır.

Vətəndaşlar alternativ fikirlərə çıxış əldə ediblər, müqayisə aparmaq imkanı yaranıb və özünüifadə müstəvisisindən yararlanmağa çalışır. Mobil rabitənin, İnternet kommunikasiya texnologiyalarının sürətli inkişafı getdikcə insanları məlumatlara əlçatan edib. İnsanlar arasında operativ virtual əlaqə imkanlarının artması da cəmiyyətə müsbət impuls verməkdədir. Cəmiyyətin bütün sahələrində ictimai fəallıq yüksəlir.

Eyni zamanda müxalifətin qanuni fəaliyyətinin bütün müstəvilərdə qapadılması onları sosial şəbəkələrdə daha fəal olmağa vadar edib. Müxalifətin sosial şəbəkələrdə fəaliyyəti sistemli qurulmasa da bütün virtual müstəvilərdə hakimiyyəti üstələyir. Hətta Milli Şuranın 19 yanvar 2019-cu il tarixli mitinqi ilə bağlı sosial şəbəkələr üzərindən apardığımız sorğu-monitorinqlərdən məlum oldu ki, bu mitinqdə iştirak edən respondentlərin təqribən 82%-i mitinq barədə məlumatı məhz sosial şəbəkələrdən alıb.

Hakimiyyətin sosial şəbəkələrə texniki əngəl yaratmaq imkanı varmı?

Texniki baxımdan sosial şəbəkələrin tamamilə qapadılması mümkün deyil. İnternetin yayım məkanı mövcud olduğu müddətdə belə bir addımın heç bir önləyici təsiri ola bilməz. Ölkədə İnternetin tamamilə qapadılması da istisnadır.

İqtidar sosial şəbəkələrə nəzarət istiqamətində bir neçə dəfə cəhd göstərsə də uğurlu nəticə ala bilməyib. Ölkədə bir çox müstəqil və müxalif saytlara girişin bloklanması təcrübəsi yaxın dövrdə sınaqdan keçirildi. Ancaq bu qərarların hökumətə siyasi və psixoloji əks təsirləri daha çox toxundu. Çoxsaylı köməkçi proqramlar vasitəsi ilə ölkə daxilindən bütün saytlara girişlər mümkün olduğuna görə bu qərarların ciddi əhəmiyyəti qalmadı.

Hüquq- mühafizə orqanlarının gücü ilə sosial şəbəkələrə nəzarətin həyata keçirilməsi təcrübəsi isə daha böyük uğursuzluqla sonuclandı. Sosial şəbəkə fəallarının həbsi birmənalı olaraq ifadə azadlığının boğulması kimi qiymətləndirildi və beynəlxalq hesabatlarda ölkəyə qarşı əlavə təzyiqlərə səbəb oldu. Eyni zamanda, ölkə daxilində müəyyən etik və qanuni çərçivəni gözləyərək tənqid edən ictimai-siyasi fəalların yerini xaricdən yayımlanan yeni fəallar tutdu. Ölkə daxilində çox böyük sürətlə izləyicilər toplayan bu yayınlar hökumət üçün daha ciddi problemə çevrildi. Hakimiyyət gözləmədiyi halda bütün mənəvi çərçivələri aşan tənqid və təhqirlərlə üzləşdi.

Hakimiyyət virtual müstəviyə necə nəzarət etməyə çalışır?

İnzibati metodlarla sosial şəbəkələrin önündə sədd yaratmaq mümkün olmadığına görə hökumət yeni yanaşma sərgiləmək məcburiyyətində qalıb. Əsasən iki istiqamətdə çalışmalar diqqəti çəkir.

Birincisi, çoxsaylı izləyiciləri olan müxalif və müstəqil virtual səhifələrə kütləvi "troll" müdaxiləsi, digəri isə hakimiyyət nümayəndələrinin və onun siyasətini dəstəkləyən şəxslərin sosial şəbəkələrdə fəal mövqe ifadə etməsidir.

Müşahidələr göstərir ki, çox primitiv təşkil edilən "troll" fəaliyyəti tamamilə hakimiyyətin əleyhinə işləyir. Virtual ictimai rəyin formalaşmasına təsiri "yox" səviyyəsindədir. Əsasən müdafiə taktikası üzərində qurulan bu yanaşma kənar izləyicilərdə hökumət tərəfdarlarını xeyli zəif və çarəsiz göstərir. Həmçinin bu işə muzdlu və könüllü cəlb edilmiş şəxslərin özlərində də hökumətin gələcək perspektivinə ciddi şübhələr oyadır.

Eyni zamanda mövzulara aid olmayan şablon şərhlərin, təhqirlərin, qarayaxma və ələsalmaların mənfi yükünü dolayısı ilə hakimiyyətin öz üzərinə yükləyirlər. Nədənsə bu "tərəfdarlar" bütün virtual müstəvilərdə arqumentli açıq müzakirələrdən yayınırlar. Bəzən bir saatlıq canlı yayım zamanı fərqli adlarla dəfələrlə eyni şərhləri yazmaqla sanki öz "missiya"larını bitmiş sayırlar.

"Troll" fəaliyyətinin müxalifətə qarşı istifadə edilən nisbətən effektli hissəsi əsasən canlı efirlərə zəng edərək birbaşa verilişlərə qoşulan hazırlıqlı şəxslərdir. Kişilərdən və qadınlardan ibarət olan bu peşəkar qrupun işi daha təsirlidir. Bu qrup mütəmadi canlı yayımlara zəng edir və fərqli regionların ləhcələri ilə danışmaqla ölkədəki mövcud problemləri kəskin şəkildə səsləndirirlər. Hökuməti çox sərt tənqid etməklə izləyicilərin etimadını qazanmağa və diqqəti özlərinə cəlb etməyə çalışırlar. Həlledici anda mütləq müxalifət barəsində elə ifadələr səsləndirirlər ki, sadə izləyicilərdə tərəddüd və çaşqınlıq yaratmağa nail olurlar.

İkinci istiqamət üzrə yeni çalışmaları hələlik birmənalı qiymətləndirmək çətindir. Hakimiyyət nümayəndələrinin və dəstəkçilərinin sosial şəbəkələrdə canlı çıxışı, fəal mövqe ifadə etmək cəhdləri, müzakirələrə meyllənməsi müsbət haldır. Öncəki inzibati basqılarla müqayisədə bu yanaşma xeyli uğurlu sayıla bilər. Hökumət tərəfdarlarının yeni virtual yayım platformaları yaratması, sosial şəbəkələrdə sosial-siyasi diskussiyalara qoşulması müsbət tendensiyadır.

Hakimiyyətin sosial şəbəkələrə fəal qoşulması nə ilə nəticələnə bilər?

Cəmiyyətdə ictimai rəyə təsir göstərən şəxsləri son illərədək əsasən ölkə televiziyaları formalaşdırmışdı. Bu şəxslər istisnasız olaraq hakimiyyətin siyasətinə dəstək məqsədi ilə efirlərdən çıxış edirdi.

Artıq ölkədə sosial şəbəkələrin təqdim etdiyi yeni çoxsaylı ictimai rəy liderləri var. Bu şəxslərin əksəriyyəti məhz cəmiyyətin gerçək iradəsinin ifadəçisidir. Hakimiyyət ölkədəki sosial problemləri həll etmədən, hüquq və azadlıqların pozulması ilə bağlı neqativləri ortadan qaldırmadan, azad seçki keçirmədən gerçək rəy liderlərinin dəstəyini alması çətin olacaq.

Eyni zamanda bu problemlər qaldıqca hökumət üzvlərinin və tərəfdarlarının açıq müzakirələrə qoşulması da effektli ola bilməz. Sosial şəbəkələrin çox sürətlə yaratdığı yeni sosial-siyasi mühit iqtidarın dəyişməsini zəruri edir. Problemlərin səbəblərinə və həllinə yanaşmadan tutmuş, idarəetmə sisteminədək köklü dəyişikliklər qaçılmazdır.