192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ağalar Məmmədov: "Oğlumu əsgərliyə sağ-salamat yola saldım, 9 ay sonra sağ böyrəyini götürdülər".
2018-11-09 12:20:16

"Oğlumu əsgərliyə sağ-salamat yola saldım. 9 ay sonra sağ böyrəyini götürdülər. Adını da qoydular anadangəlmə qüsur. Anlamıram, qüsurlu insanı sağlam adı ilə niyə əsgərliyə göndəriblər?"

Astaranın Ərçivan kəndinin sakini Ağalar Məmmədov belə deyir. Bildirir ki, oğlu Röyal Məmmədzadə ötən ilin mart ayında hərbi hospitala daxil olub. Bir də xəbər tutublar ki, sağ böyrəyi çıxarılıb:

"Biz qoyulan diaqnozla razı deyilik. Hərbiyə sağlam uşaq göndərmişik. Necə olur ki, anadangəlmə problemli imiş, bilinməyib, 9 ay əsgərlik də çəkib".

A.Məmmədov bildirir ki, ona bir valideyn kimi çatmır, oğlu aylarla hərbi hissədə bu qüsuru ilə necə xidmət edib. Ümumiyyətlə, onu hərbiyə necə aparıblar:

"Bilirsiniz məsələ necə olub, oğlumu 3 nəfər əsgər yoldaşı ilə sözü düşüb. 3 nəfər üstünə düşüb onu döyüblər. Xəstəxanalıq olub. Bu zaman məlum olub ki, böyrəyində problem var".

Ata deyir ki, oğlu 8-9-10 və 11-ci siniflərlə hərbi komissiyadan keçib. Əsgərliyə gedəndə 3 ay karantində olub:

"Hələ həkim nəzarətindən də keçib. Necə olub ki, bu, bilinməyib? Ya onlar özləri özlərini aldadıb, xəstə uşağı əsgər aparıblar, ya da indi olanları ört-basdır etmək üçün deyirlər ki, guya qüsuru anadangəlmə olub. Oğlum 9 ay əsgərlik çəkib. İndi deyirlər ki, yararsızdır. 52 manat sosial pensiya kəsilib. Mənim uşağımın böyrəyi evdə olanda, yanımda olanda yox, əsgərlikdə çıxarılıb".

A. Məmmədov deyir ki, bu gün bir ata kimi ürəyində şübhələri var. Bilmir, oğlu döyülüb bu vəziyyətə düşüb, yoxsa böyrəyini satmaq məqsədilə çıxarıblar:

"Müdafiə naziri Zakir Həsənova məktubla müraciət etmişəm. Heç bir cavab gəlməyib. Aşağı dərəcəli məmurlar isə işi ört-basdır edirlər. Mən valideyn kimi şübhədəyəm. Bilmirəm, uşağımın böyrəyi aldığı travmadan yararsız hala düşüb, yoxsa böyrəyini çıxarıb satıblarmı. Amma adını anadangəlmə inkişaf qüsuru qoyublar".

Meydan TV məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib. Gün ərzində edilən zənglər cavabsız qalıb.