192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Siyasi məhbusların olduğu ölkədə məhkəmələr müstəqil ola bilməz - İntiqam Əliyev
2019-04-06 12:10:40

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Azərbaycan prezidentinin 3 aprel tarixli "Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında" fərmanına şübhə ilə yanaşır.

Əvvəlcə real islahatlar aparmaq lazımdır ki, sonra onları dərinləşdirəsən. Bu cür fərmanlar və proqramlar əvvəllər də olub, lakin heç nəyə gətirib çıxarmayıb. Bu fikri Turan agentliyinin "Çətin sual" verilişinə müsahibəsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev bildirib.

"Ölkədə islahat yoxdur və onların dərinləşdirilməsindən söhbət belə gedə bilməz", deyə ekspert bildirib.

İslahat aparmaq üçün fərmanlar deyil, real iradə lazımdır.

"Real iradə ölkədə bir sıra institutların mövcudluğunu tələb edir. Söhbət ilk növbədə azad seçkilərdən, hakimiyyət bölgüsündən, plüralizmin təmin edilməsindən və bir sıra digər məsələlərdən gedir. Bu olmadan nəyisə dərinləşdirmək olmaz. Olmayan şeyi necə dərinləşdirmək olar?", deyə İntiqam Əliyev sözünə davam edib.

Onun sözlərinə görə, azad seçkilərin olmadığı yerdə müstəqil parlament və müstəqil məhkəmə hakimiyyəti ola bilməz.

Bu isə həm də azad mətbuatın, azad vətəndaş cəmiyyətinin olmasını tələb edir.

"Jurnalistlər məhkəmə proseslərinə buraxılmırsa, buraxıldıqdan isə proseslər haqqında yazmaq və hətta qeydlər aparmaq qadağan edilirsə, hələ video və audioyazılardan danışmıram, hansı aşkarlıqdan danışmaq olar? Bütün bunlar təmin edilməsə, yeni fərman da əvvəlkilər kimi kağız üzərində qalacaq", İntiqam Əliyev belə hesab edir.

Onun fikrincə, hakimiyyət məhkəmələrin ədalətli olmasını istəyirsə, məhkəmələrə təzyiqə son qoymalıdır, qanunsuz siyasi motivli həbslərə son qoymalıdır.

İntiqam Əliyev hesab edir ki, əvf edildikdən iki həftə sonra yenidən həbs edilən və işgəncələrə məruz qoyulan Bayram Məmmədovun işi bir daha təsdiq edib ki, bu barədə göstəriş ölkə rəhbərliyindən gəlib.

"Bu mənada, siyasi məhbusların olduğu ölkədə məhkəmələr müstəqil ola bilməz. Siyasi məhbuslar varsa, deməli məhkəmələrə təzyiq var. Buna görə yeni fərman köhnə nağılların davamıdır", İntiqam Əliyev belə hesab edir.

O, vəkilliyin vəziyyətinə də toxunub.

Vəkillər Kollegiyasına vəkillərin hakimlər və cinayət təqibi həyata keçirən orqanların nümayəndələri ilə qeyri-prosessual münasibətlərinin qarşısının alınması üzrə tədbirləri gücləndirmək tövsiyə olunursa, bu, öz-özlüyündə vəkillik institutunun vəziyyətinin və bütünlükdə ölkədə qanunçuluğun göstəricisidir.

"Bu, məhkəmə sistemində korrupsiyanın da etirafıdır. Uzun illər bu, inkar edilib. Amma indi bu, prezident səviyyəsində etiraf olunur... Vəkillər deyil, sistem özü günahkardır. Hakimlərə, məhkəmələrə ləkə yaxan idarəetmə sistemi günahkardır. Vəkillər vasitəçidir.

Hazırki sistemdə vəkil rüşvət verməsə, bunu başqa biri edəcək. Çünki hamı bilir ki, bu ölkədə hakimlərin rüşvət almasına və rüşvət verilməsinə görə heç kim cəzalandırılmır", deyə İntiqam Əliyev qeyd edib.