192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Sumqayıtın 52 metrlik tort, Gəncənin kərpiclə xatırladığı Eldar Əzizov
2018-11-17 11:45:48

Onun adı gələndə çoxları 52 metrlik paxlava və ya tort xatırlayır. Bu şirniyyatlar o, Gəncədə və Sumqayıtda icra başçısı olanda Prezident İlham Əliyevin ad günündə bişirilirdi. Amma Bakının Səbail rayonuna icra başçısı gələndən sonra bu ənənəyə son qoydu. Artıq onda 2015-ci il idi. Milli valyuta iki dəfə devalvasiyaya uğramışdı və ölkə başçısının ad günü ərəfəsində icra hakimiyyətindən AzadlıqRadiosu-na demişdilər ki, tort olmayacaq. Bəlkə də bu, maliyyə çatışmazlığı ilə yox, əyalət dəbinin paytaxta gətirilməməsi istəyi ilə bağlıydı...

Söhbət noyabrın 15-dən paytaxtın icra hakimiyyətinə başçı gətirilən Eldar Əzizovdan gedir.

O, icra başçısı olduğu şəhərlərdə yalnız ağızları şirin etməklə yadda qalmayıb. Onun Gəncədə sakinlərə kərpic barılar tikdirməsi, sahibkarlara obyektlərini alkaponla üzlətməsi, Sumqayıtda isə qara şüşələr saldırması ilə xatırlanır.

Eldar Əzizovun başçı olduğu vaxtda Sumqayıtda bəzi obyektlərin sökdürülməsi və bu zaman obyekt sahiblərinə kompensasiya ödənilməməsi də yaddan çıxmayıb.

“Nə qədər adam alkapon üzlüklərə görə Gəncədə borca düşdü”

Gəncə sakini İlqar Musayevsə Eldar Əzizovun əvvəlcə kərpic barılar tikdirməsindən danışır.

“Haqsızlıqları çox olub. Camaatı məcbur edirdi ki, hamı barısını kərpicdən tiksin. Bir tanış hasarını suvayırdı, tökülüşdülər ki, bunu kərpicdən tikməlisən. Bu adamın da pulu yoxdur tikdirməyə. Sonradan o barıları yeni, indi artıq köhnə başçısı Elmar Vəliyev sökdürdü. Bir dəfə şikayət etdik ki, kanalizasiya çaya axır, antisanitariyadır, bu su ilə camaat taxıl sulayır. Baxan olmadı. Burda yaşayış massivinin içində beton zavodu tikirdilər, yolu bağladıq...”

Eldar Əzizov artıq Bakının icra hakimiyyətinin başçısıdır. Əzizov bu vəzifədə hazırda baş nazirin müavini olan, 17 il Bakıya rəhbərlik etmiş Hacıbala Abutalıbovu əvəzləyir. Keçmiş başçının işi çox tənqid olunub. Xüsusən də Bakıda yağış, qar yağanda yollardakı vəziyyət, plansız aparılan tikinti haqqında çox danışılıb.

Eldar Əzizov Bakı icra başçısının müavini olarkən, yəni faktiki paytaxta başçılıq edərkən iki ilkə imza atıb: yeraltı keçidlərin su altında qalmaması üçün qum kisələri düzdürüb. İkincisi, paytaxtda artıq bir neçə aydır küçə və prospektlərə baxan balkonlardan paltar asmağa icazə verilmir, eyni zamanda, su çənləri damlardan yığışdırılır. Yeri gəlmişkən, paltar asmaq qadağasını o, Sumqayıtda da tətbiq etmişdi. Sakinlər Bakıdakı kimi Sumqayıtda da bu qərardan narazı idilər. Hesab edirlər ki, şəhər rəhbərliyi daha ciddi problemlərlə məşğul olmalıdır, nəinki paltar zivələri ilə..

Sıravi sakin İlqar Musayev bu fikirdədir ki, icra başçılarının hamısı eyni sistemə xidmət edir, ona görə ondan fərqli iş gözləmir.

İqtisadçı Məhəmməd Talıblı da yeni icra başçısının islahat aparacağına, faydalı işlər görəcəyinə inanmır. O da hesab edir ki, fərdlərin yerini dəyişməklə sistemin idarəetməsində hər hansı müsbət dəyişiklik mümkün deyil. Eldar Əzizovu isə belə dəyərləndirir:

“İnzibati idarəetmə ilə bağlı peşəkarlığı şübhə doğuran, daha çox təyin olunduğu rayonların biznesini idarə etməkdə bacarığı ilə tanınan şəxsdir. Daha çox möhkəm əlin, gücün tərəfdarı olan icra başçısı kimi yadda qalıb.”

Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan və iyulun əvvəlində Gəncədə Elmar Vəliyevin güllələnməsindən sonra mer seçkilərinin keçirilməsi gündəmə gəldi. Hesab olunur ki, prezidentə tabe olan şəxsin deyil, seçki nəticəsində başçı olan məmurun daha çox iş görmək imkanı olacaq. İqtisadçı Məhəmməd Talıblı da hesab edir ki, Bakı merinin seçki vasitəsilə müəyyənləşməsi daha doğru yoldur:

“Çox təəssüf ki, Bakıda bu qədər başçı olsa da, paytaxtın idarə olunmasına, təsərrüfat sisteminin yaxşılaşmasına müsbət təsir göstərməyiblər. Qış gəlməmiş milyardlar xərclənmiş Bakı yolları tanınmaz hala düşür...”

Məhəmməd Talıblının qənaətincə, seçki keçiriləcəyi halda yeni başçıdan gözləntilər arta bilər...

Mənbə azadliq.org