192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hüseyn Abdullayevin işi üzrə prosesdə zərərçəkmişlərin ifadələri başlayıb
2019-04-17 17:59:47

Almaniyada oturum almasına baxmayaraq, bir il öncə Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilən Hüseyn Abdullayevə verilən ittihamlardan biri də Cinayət Məcəlləsinin 182-ci maddəsi - hədə-qorxu ilə tələbetmədir. H.Abdullayev anasının mülkiyyətində olan tikilini icarəyə verdiyi Elnur Məmmədovu hədələməkdə təqsirləndirilir.

Aprelin 16-da Bakı Hərbi Məhkəməsində Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva da daxil, 9 nəfərin işi üzrə prosesdə zərərçəkmişlərin ifadələri başlayıb. Abdullayevlərin mülkiyyətini icarəyə götürmüş Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov da zərərçəkmiş qismində ifadə verib. O, H.Abdullayev tərəfindən hədə-qorxuya məruz qaldığını deyib:

“Hüseyn Abdullayevə məxsus obyekti kirayə götürmüşdüm. Elə oldu ki, icarə haqqı bir müddət gecikdi. Bundan sonra Hüseyn mənə Almaniyadan zəng edib, hədə-qorxu gəldi. Dedi ki, icarə haqqını ödəməsən, başına oyun açacam. Mən də bərk qorxdum. Amma icarə haqqını da ödədim”.

Həmin tikili “Araz-İnşaat” ASC-nin binası olub. Cinayət işinin materiallarına əsasən, bu şirkətin hüquqi baxımdan sahibi Zeynəb Abdullayeva olsa da, faktiki idarəçilik oğlu H.Abdullayevin nəzarətində olub. O, Almaniyada olduğundan Bakıda işlərə ASC-nin sədr müavini, hazırda təqsirləndirilən şəxslər sırasında olan Namiq Babayev nəzarət edib. Tikilinin bir hissəsi E.Məmmədova 3 min manata icarəyə verilib. Ödəniş gecikəndə məbləğ 6 minə qaldırılıb.

Təqsirləndirilən şəxslər isə icarə pulunun tələb olunmasına görə onlara hədə-qorxu ilə tələb etmə ittihamının verilməsinin qanunsuzluq olduğunu bildiriblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Rəcəb Rəcəbov da zərərçəkən qismində ifadə verib. O isə H.Abdullayevdən şikayətçi olmadığını söyləyib.

Məhkəmə prosesi aprelin 18-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslər arasında Zeynəb Abdullayevanı rüşvət müqabilində bacısının pasportu ilə ölkədən çıxmasına icazə verməkdə təqsirləndirilən sərhədçilər Pərviz Kazımov, Həbib İbrahimov və Zaur Quliyev, Abdullayevlərin qohumu İntiqam Süleymanov, sabiq deputatın anası ölkədən gedərkən onu taksi ilə Balakənə sərhəd-buraxılış məntəqəsinə aparmış taksi sürücüsü Nazim Əliyev və başqaları var.

H.Abdullayev Cinayət Məcəlləsinin 178 (dələduzluq), 182 (hədə-qorxu ilə tələb etmə), 192 ( qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) maddələrilə, anası 312 (rüşvət vermə), 326 (rəsmi sənədləri məhv etmə) və 318-ci (qanunsuz sərhədi keçmə) maddələrilə, sərhədçilər isə 342 (qulluğa səhlənkar yanaşma), 341 (hakimiyyətdən sui-istifadə etmə) və 339-cu (sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.