192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Şəhid ailələrini Şəhidlər Xiyabanına buraxmayıblar
2018-11-20 12:41:11

Noyabrın 20-də birdəfəlik yardım ala bilməyən şəhid ailələri yenidən Milli Məclisin qarşısına toplaşıblar. Ailələr Şəhidlər Xiyabanına getmək istəsələr də, ərazidəki polislər imkan verməyib. Onları Milli Məclisin qarşısındakı dayanacağa doğru yönəldiblər. Məlumatı Meydan TV yayıb.

Şəhid ailələri jurnalistlərə deyiblər ki, polislər onları Milli Məclisin qarşısına buraxmır:

“Mətbuatda bizi bir qrup adlandırırlar, biz qrup deyilik, 10 minlərlə şəhid ailəsi var ki, 11 min manat birdəfəlik yardımı ala bilməyib. Nazir Sahil Babayevlə də görüşdük, ancaq müavinətimizi vermirlər”.

Onlar jurnalistlərə qanunsuzluqları aşkarladıqları sənədləri təqdim ediblər. Şəhid ailəsindən olan Əli Mustafayev bildirib ki, 26 yanvar 1981-ci ildə vəfat edən Qarayev Şirvan Məhi oğlunun müavinətilə bağlı 1994-cü ilin sənədində imzası var:

“Bu, necə ola bilər. Bu cür saxtakarlıqlar az deyil. Təkcə Zərdab rayonundan 3 belə fakt var, rayonun müvafiq orqanlarına müraciət edilib, o cümlədən, deputat Aqil Abbas belə sənədləri bizdən istəyib. Bəzi rayonlardan pul alanları efirə çıxarıb danışdırırlar, amma televiziyalar bura yığışanlarla maraqlanmır”.

Mingəçevirdən gələn Bənövşə Abdullayeva YAP-çı deputat Aydın Mirzəzadəyə müraciət etdiklərini bildirib:

“Dəfələrlə görüşüb ondan qarşılaşdığımız problemlə maraqlanmağını istədik, sosial şəbəkə vasitəsilə müraciət etdik. Sonda, o, bizi “tərbiyəsiz”, “mədəniyyətsiz” deyə təhqir edəndən sonra “blok”a atdı. Aydın Mirzəzadənin Migəçevirdəki obyekti şəhid ailələrinin yaşadığı binaya yaxındır, amma bir dəfə də bizimlə maraqlanmır”.

Onların sözlərinə görə, deputat Qənirə Paşayeva sonuncu görüşdə 3 günə cavab verəcəyini söyləsə də, hələ reaksiya yoxdur:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri televiziyaya çıxıb şəhid ailələrinə mənzil verildiyini minnət kimi başımıza çırpır. Axı bütün şəhid ailələrinə mənzil verilmir, niyə yalan məlumatı yayırlar?”