Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Əminə Hacıyeva: 15 il vermisiz, daha nə istəyirsiz?
2019-04-23 13:24:00

“Bu üç ildə qardaşıma, mənə, ümumiyyətlə, bizim ailəyə qarşı o qədər qanunsuzluq baş verib ki, saymaqla qurtarmaz. Bunları eləyən adamlar məktublarımızın da prezidentə gedib çatmasına imkan vermirlər. İstəmirlər ki, əməllərinin üstü açılsın”, - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Meydan TV-yə açıqlamasında bildirib.

Bakı Apelyasiya Məhkəməsində C.Hacıyevin saxlandığı 1 saylı Bakı istintaq təcridxanasının rəhbərliyinə qarşı şikayətinə baxılıb. C.Hacıyev ailə üzvlərilə görüşməsinə və telefonla danışmasına qadağa qoyulmasıyla əlaqədar məhkəməyə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi şikayətə baxmaqdan imtina edib. Bu qərardan apelyasiya şikayəti verilsə də, nəticə dəyişməyib.

Ə.Hacıyeva bildirir ki, 7 aydır qardaşıyla görüşmürlər, hətta telefonla da danışmır. Onun sözlərinə görə, qardaşına göndərdikləri bədii kitabları belə, ona çatdırmaqdan imtina edirlər: “Qanunsuzluqlarla əlaqədar dəfələrlə Penitensiar Xidmətə və başqa dövlət orqanlarına şikayətlər etmişik. Baxan, cavab verən yoxdur. Bu, nə yanaşmadır? Bu qədər qanunsuzluq, bu qədər özbaşınalıq olar? Mən bu proseslərdə gördüm ki, Azərbaycanda məmurlar nə qədər özbaşınalıq edirlər. Həm də sanki cəzalanmayacaqlarına arxayın şəkildə. Bugünlərdə Penitensiar Xidmətdən cavab gəlib, yazırlar ki, “Cahangir Hacıyevin hüquqlarının təmin olunmasında heç bir məhdudiyyət yoxdur”. Bu qədər yalan olar?!”

Ə.Hacıyevanın sözlərinə görə, bir müddət öncə vəfat etmiş anasından qalan əmlakın vərəsəlik əsasında onun adına rəsmiləşdirilməsi məsələsində də problem yaradırlar: “Bu vərəsəlik işi adi məsələdir, amma notariuslar bu işi görmək istəmir. Çünki sifariş var. Başa düşə bilmirəm ki, Cahangirdən nə istəyirlər. Əlinizdə heç bir sübut olmaya-olmaya 15 il həbs vermisiz, daha nə istəyirsiz?”

Üç ildir ki, özünün də ölkədən çıxışına qadağa olduğunu söyləyən Ə.Hacıyeva həm özü, həm də qardaşıyla bağlı baş verənlər haqda beynəlxalq təşkilatları məlumatlandırmaq niyyətindədir. Bildirir ki, Avropa İnsan Haqları Məhkəməsi 2018-ci ilin dekabrında onun şikayətinə baxaraq, ölkədən çıxışına olan qadağanı hərəkət azadlığının pozuntusu kimi qiymətləndirib. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yenidən bu məsələyə baxıb, qadağanın aradan qaldırılmasına qərar versə də, həmin qərar da icra olunmayıb: “Nə Avropa Məhkəməsinin qərarı icra olunur, nə də yerli məhkəmənin. Konkret bu məsələ ilə əlaqədar Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edəcəyik. Çünki Avropa Məhkəməsinin qərarlarının icrasına bu orqan nəzarət edir. İllərdir davam edən təzyiqlər qardaşımın səhhətinə, psixoloji durumuna da çox pis təsir göstərib. Bununla əlaqədar da beynəlxalq qurumlara müraciət edəcəyik. Çünki yerli dövlət orqanlarına yazırıq, heç bir reaksiya yoxdur. Prezidentə də çatdırmırlar. Bizə başqa yol qoymurlar”.

Penitensiar Xidmətdən Meydan TV-yə bildirilib ki, C.Hacıyevə qarşı heç bir qadağa yoxdur.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

Hazırda həmin məhkəmədə onun haqqındakı ikinci cinayət işi üzrə araşdırmalar gedir. Ona və digər təqsirləndirilən 21 nəfərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. C.Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib.

Lakin o, özünü təqsirli bilmir.