Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Altay Göyüşov: Hakimiyyət demokratikləşmə məsələsində güzəştə getmir
2019-04-29 16:15:18

Azərbaycan ictimaiyyətində bu günlər rəsmi Bakı və Avropa İttifaqı arasında imzalanmasına hazırlıq görülən sazişlə bağlı müzakirələr davam etdirilir. Demokratik qüvvələr Azərbacyanın Avropaya inteqrasiyasının tərəfdarı olduqlarını bildirir, lakin eyni zamanda, sazişin ictimai müzakirəyə çıxarılmalı olduğunu vurğulayır. Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Azərbaycan və Avropa İttifaqı arasında saziş üzrə danışıqları şərh edib.

Altay Göyüşov bildirib ki, Azərbaycanın demokratik qüvvələri Avropaya inteqrasiyanı strateji baxımdan, ölkənin inkişafı və dəyərlər baxımından “yeganə mümkün vasitə” hesab edir. Lakin onun sözlərinə görə, Azərbaycanda demokratiya uğrunda fəaliyyət göstərən insanlar, müxalifət partiyaların və vətəndaş cəmiyyətinin “çox acı bir təcrübəsi var”.

“Bu təcürbə ondan ibarətdir ki, 2000-ci ilin əvvələrində biz Avropa Şurasına qoşulanda Avropa Şurasının sənədlərində qeyd olunur ki, bu şuranın məqsədi demokratiyanın, onun ayrı-ayrı elementləri olan qanunun aliliyinin, azad və ədalətli seçkilərin keçirilməsini qəbul etdiyi ölkələrdə oturuşmasını təmin etmək, bu prinsiplərin yayılmasına şərait yaradır. Lakin biz bilirik ki, bugünkü Azərbaycanı əgər Avropa Şurasına qoşulan dövrdə Azərbaycanla müqayisə etsək, çox maraqlı faktlar meydana çıxacaq. Məsələ burasındadır ki, o dövrdə Azərbaycan parlamentində müxalifət var idi, bu gün Azərbaycan parlamentində müxalifət yoxdur. O vaxt Azərbaycanda proporsional seçkilər var idi, indi proporsional seçkilər yoxdur. O vaxt Azərbaycan konstitusiyasında bir nəfərin iki dəfədən artıq seçilməmək məsələsi var idi, bu gün artıq o, konstitusiyada yoxdur. Başqa məsələlər. Toplaşmaq azadlığı, media azadlığı, vətəndaş cəmiyyəti - hamısı o dövrdə qat-qat güclü idi, nəinki indi mövcud durumda, xüsusən son məşhur repressiyalardan sonra.”

Altay Göyüşov Azərbaycan hökumətinin Avropa İttifaqı ilə danışıqlarında demokratikləşmə, Avropa dəyərlərinin təmin edilməsi məsələlərində heç bir güzəştə getmək istəmədiyini bildirib. O, Avropa İttifaqının Azərbaycan hökumətini üzərinə götürdüyü öhdəliklərə əməl etməsi üçün məsul tutmalı olduğunu deyib.

“Heç olmasa demokratik müxalifətin, demokratik qüvvələrin, vətəndaş cəmiyyətinin minimum tələbi irəli sürülür, minimum tələbi var. O minimum tələb də ondan ibarətdir ki, heç olmasa siyasi məhbuslar buraxılsın, heç olmasa, Azərbaycan hökuməti öz üzərinə öhdəlik götürsün ki, bundan sonra siyasi təqib, siyasi görüşlərə görə təqiblər olmayacaq. Azərbaycanda siyasi məhbuslar olmayacaq. Əlbəttə, mən başa düşürəm ki, Azərbaycan hökumətinin bu sözü verəndən sonra onu həyata keçirməsinə əmin ola bilmərik. Amma heç olmasa, öhdəliyi boynuna götürsün ki, o öhdəlik əsasında Azərbaycan hökumətini elədiyi mənfi hərəkətlərə görə hər hansı şəkildə ona qınaq edə bilsin, ona lazım olanda cəza tədbirləri görə bilsin. Sanksiyalar və digərləri şəklində.”

Altay Göyüşov Avropa İttifaqı ilə sazişin imzalanmasının Azərbaycanda vəziyyətin yaxşılaşmasına öz töhfəsini verəcəyinə inandığını deyib.

“Mən hesab edirəm ki, Avropa Birliyi ilə bu sazişin imzalanması sözsüz ki, Azərbaycan hökumətini müəyyən dərəcədə ehtiyatlı davranmağa və perspektivdə faktiki olaraq, mən hökuməti deyə bilmərəm, perspektivdə Azərbaycanda vəziyyətin yaxşıya doğru dəyişməsinə öz töhfəsini verəcək. Bir daha təkrar edirəm ki, bu müqavilənin imzalanması Azərbaycan xalqı, Azərbaycan dövlətinin xeyrinə olacaq istənilən halda. Strateji nöqteyi-nəzərdən bu Azərbaycana lazımdır, təkcə Azərbaycan hökumətinə deyil, Azərbaycan dövlətinə, Azərbaycan xalqına, həmin o demokratik qüvvələrə, hamımıza lazım olan məsələdir. Və bundan sözsüz ki, hamımız ancaq bəhrə görəcəyik, bunun başqa alternativi yoxdur. Mən bayaq Avropa Şurasından danışdım. Sözsüz ki, Avropa Şurasına qoşulandan sonrakı 20 ilə yaxın müddətdə Azərbaycandakı vəziyyət pisləşib. Amma bunu Avropa Şurası etməyib, bunu Azərbaycan hökuməti edib. Avropa Şurasının orada olması, həmin o insan haqları məhkəməsinin və s. olması, hətta belə demək mümkün olarsa, Azərbaycan hökumətinin daha da `ağ eləməsinin` qarşısını alıb. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, Avropa Birliyi ilə saziş Azərbayacana ancaq xeyir gətirəcək.”