192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
REAL-la AXCP arasında dava yenidən qızışdı
2018-11-22 11:33:24

AXCP və REAL arasında dava yenidən qızışıb. Buna səbəb AXCP sədri Əli Kərimlinin şənbə günü saxlanılıb, iki gündən sonra azadlığa buraxılması və bununla bağlı REAL-ın sərgilədiyi mövqedir. Cəbhəçilər iddia edirlər ki, REAL AXCP sədri həbs edilərkən onu gözlənildiyi kimi müdafiə etməyib.

Sosial şəbəkələrdə açılan müzakirələrdə REAL rəhbəri İlqar Məmmədov həbsdə olarkən Ə.Kərimlinin sona qədər onu müdafiə etdiyi bildirilir.

AXCP-yə ittihamlardan biri də budur ki, Əli Kərimli məqsədli şəkildə belə şou düzəldib və bununla gündəmə gəlib.

Bu məsələlərlə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında dedi ki, İlqar Məmmədov Əli Kərimlinin saxlanılması ilə bağlı sosial şəbəkələrdə öz fikirlərini bildirib: “Bunun doğru olmadığını qeyd etdi. Eyni zamanda bunun Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Birliyi və Şurası ilə danışıqlarda müəyyən problemlər yarada biləcəyi ilə bağlı mövqeyini sərgilədi. Əli bəy İlqar Məmmədov həbs edilərkən onu müdafiə etmişdi. Biz bunu danmırıq. Buna görə dəfələrlə təşəkkür bildirmişdik. Amma onu da bildirim ki, İlqarın məhkəməsi başlayandan bir il sonra Əli Kərimli onun məhkəməsində iştirak etdi. REAL-ın rəsmilərinin hər biri Əli Kərimlinin saxlanılması ilə bağlı öz mövqeyini bildirib. Partiya olaraq bəyanat verməməyimizin səbəbi iqtisadi terminlə desək, bəyanatın devalvasiyaya uğramasıdır. Çünki bəyanatın arxasında hər hansı bir hərəkətlilik yoxdursa, bəyanat sözünün anlayışı ciddi mənada gözdən düşüb. Bu baxımdan bəyanat verməyə lüzum görmədik. AXCP üzvləri tərəfindən səsləndirilən ittihamların heç bir əsası yoxdur. Burada heç bir problem görmürəm”.

REAL funksioneri düşünür ki, belə bir vəziyyətdə Əli Kərimlinin məlum olay üzrə saxlanılması düşünülmüş plan və məqsədi gündəmi dəyişmək olub: “Siyasi təkliflərlə çıxış edən müxalifət liderinin deyil, başqa bir siyasi gücün önə çıxmasını sanki lazımlı bildilər. Belə bir addımlar atılmaqla REAL-ın siyasəti konstruktiv çərçivəyə və siyasi müstəviyə gətirmə cəhdləri sanki kölgədə saxlanılmağa çalışıldı. Bu cür vəziyyətin yaradılması Azərbaycan siyasəti üçün elə də yaxşı hal deyil. Biz bu gün də, sabah da çalışacağıq ki, siyasətin dili, üslubu, danışığı, gündəmi proqramlar, sənədlər, qanun təklifləri üzərində olsun. Yəni siyasət forması bu yöndə diskussiyalara səbəb olsun. Siyasəti qorxulu bir sənət, iş, həbslər, təqiblər kimi təqdim etməyi artıq 25 ildir görürük. Bu cür hallar xalqın siyasətdən daha da kənarda qalmalarına səbəb olur. Ona görə də biz çalışacağıq ki, cəmiyyətə verdiyimiz mesajlara, gördüyümüz işlərə uyğun şəkildə siyasəti yenidən mədəni bir çərçivəyə salaq. Bu qanun layihələrindən sonra növbəti təkliflərimiz, mövqe sənədlərimiz və qanun layihələrimiz olacaq. Çalışacağıq ki, iqtidar-müxalifət münasibətləri bu qanunlar, sənədlər üzərində sivil qaydada diskussiyalara səbəb olsun. Hazırda müxalifətdəki abı-hava kimlərəsə sərf etsə də, REAL-a əsla sərf edə bilməz”.