Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Oqtay Gülalıyev: Reallıqda kifayət qədər insan həm işgəncəyə məruz qalır, həm də müəmmalı şəkildə dünyasını dəyişir
2019-05-10 13:52:20

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda repressiya və işgəncə hallarından danışıb.

Amerikanın Səsi: Bir sıra QHT rəhbərləri son illər ölkədə istintaq altında olan şəxslərə və məhbuslara qarşı repressiya və işgəncə hallarının artdığı barədə məlumatlar yayır. Rəsmi qurumlar isə bu iddiaları təkzib edir. Sizin təşkilat bu hallarla bağlı araşdıma aparıbmı, vəziyyət necədir?

Oqtay Gülalıyev: Suala görə çox sağ olun. Təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi həmişə bu istiqamətdə araşdırmalar aparıb. Bilirsiniz ki, yaxınlarda Repressiya və İşgəncələr Əleyhinə Komitənin yaranması ilə bağlı işçi qrupu yaradılıb və bu istiqamətdə işlər gedir. Hesab edirəm ki, bu komitənin yaranması da bu sahədə olan problemlərin mövcudluğundan xəbər verir. Belə ki, sizin də qeyd etdiyiniz kimi, ölkədə son zamanlar repressiyalar və işgəncələr artmaqdadır. Təbii ki, biz araşdırma aparırıq və bizim bu araşdırmalarımız təkcə valideynlərin, həmin şəxslərin yaxınlarının verdiyi məlumatlar əsasında olmur. Məsələn, biz, “Tərtər işi” ilə bağlı apardığımız araşdırmada Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökmlərə istinad edirik. Həmin hökmlərdə azərbaycanlı hərbçilərə birmənalı şəkildə işgəncələrin verilməsi, özü də xüsusi qəddarlıqla və amansızlıqla işgəncə verilməsi və bu işgəncələr nəticəsində, məhz işgəncə verildiyi yerdə dünyasını dəyişməsi ilə bağlı məlumatlar var. Bu məlumatlar qərar, hökm halına salınaraq həmin şəxslərə cəza tətbiq olunub. Düzdür, cəzalar birtərəflidir və adekvat deyil. Amma bu işgəncə faktları məhkəmə sənədlərində də öz əksini tapıb. Eyni zamanda həyatda, reallıqda kifayət qədər insan həm işgəncələrə məruz qalır, həm repressiyalara məruz qalır, həm də müəmmalı şəkildə dünyasını dəyişir. Yeri gəlmişkən qeyd edim ki, insanların müəmmalı şəkildə dünyasını dəyişməsi təkcə müxtəlif istintaqlar altında olmur, hətta dövlət qurumlarında, məsələn Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynov adlı şəxs müəmmalı şəkildə dünyasını dəyişir, amma bununla bağlı heç bir araşdırma aparılmır və yaxud da aparılan araşdırmalar yetərli şəkildə olmur. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycanda müəmmalı qətllər, repressiyalar və işgəncələr artan xətt üzrə davam etməkdədir. Təəssüf ki, bu istiqamətdə atılan addımlar yetərli səviyyədə deyil.

Amerikanın Səsi: Daha çox “Gəncə işi”, “Tərtər işi”, “Nardaran işi” kimi xarakterizə olunan hadisələrlə bağlı tutulan şəxslərin ailə üzvləri və özləri işgəncə hallarından danışır. Bir də siyasi məhbus kimi tanınan şəxslər işgəncələrə məruz qaldıqlarını bildirir. Bu iddialarla bağlı hüquqi və ictimai araşdıma aparılıbmı?

Oqtay Gülalıyev: Əlbəttə, bayaq da qeyd etdim ki, biz, bu istiqamətdə araşdırmalar aparırıq. Yeri gəlmişkən deyim ki, həm “Tərtər işi” ilə bağlı, söhbət hərbçilərin müəmmalı şəkildə qətlə yetirilməsi və onların kütləvi həbsindən, həm də ağır işgəncələrə məruz qalmasından gedir. Eyni zamanda, keçən ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrlə bağlı olaylardan söhbət gedir. Biz hər iki işlə bağlı geniş araşdırma aparırıq. Eyni zamanda “Nardaran işi” ilə bağlı bizim ayrıca hesabatımız olub. 2012-ci ildə həbs olunmuş “Eurovision məhbusları” ilə bağlı ayrıca araşdırmamız var. Yeri gəlmişkən bildirim ki, biz artıq “Gəncə işi” ilə bağlı hesabat hazırlamağa başlamışıq. Yaxın zamanlarda bu hesabat xalqa təqdim olunacaq. Bütün bu hesabatlarda birmənalı şəkildə işgəncə faktları geniş şəkildə əks olunub. Təəssüf doğuran haldır ki, hər dörd qrup üzrə baş verənlər bir-birinə çox oxşardır. Yəni, “Gəncə işi”, “Tərtər işi”, “Eurovision məhbusları” və “Nardaran məhbusları”. Hər dörd qrupun işində müəmmalı qətllər var. Hər dörd qrupun işində ağır işgəncələr var və ifrat dərəcədə insanlara cəza verilməsi, onların uzun müddətə həbsə məhkum edilməsi halları var. Təəssüflər olsun ki, hər dörd işdə siyasi motiv var. Bu istiqamətdə işlərimizi davam etdiririk. Ümidvaram ki, bu istiqamətdə xeyli ictimai məlumatlandırma olub və bundan sonra da məlumatlar üzə çıxacaq. Bilirsiniz ki, son zamanlar dövlət qurumları artıq bu məsələlərə reaksiya verməyə başlayıb. Mən çox ümidvaram ki, bu problemlər aradan qalxmalıdır. Çünki, ortada insan taleyindən söhbət gedir. Ortada heç bir günahı olmayan insanların qətlə yetirilməsindən söhbət gedir. Bir nümunə deyim, bilirisiniz ki, “Tərtər işi” ilə bağlı qətlə yetirilən ən azından, bizdə olan məlumata görə, 8 nəfərdən 4 nəfərinə bəraət verilib. Deməli, ən azından, bu dörd nəfər günahsız olub. Eləcə də “Gəncə işi” ilə bağlı qətlə yetirilən insanların bir çoxu hadisə baş verən ərəfədə və gündə nəinki Gəncədə, ümumiyyətlə Azərbaycanda olmayıb. Onlara qarşı irəli sürülən xarici ölkələrdə gizlənmə, xarici ölkələrdə olma itithamları da çox şübhəlidir və bir çox hallarda öz təsdiqini tapmır. Həmin şəxslərin ailə üzvləri onların ümumiyyətlə silah gəzdimədiklərini bildirir. Təbii ki, indi birmənalı, bütün məsələlərlə bağlı fikir demək çətindir. Biz araşdırma aparırıq. Araşdırmalarımızı ilkin olaraq dövlət qurumlarına, ictimaiyyətə təqdim edəcəyik. Bizim istəyimiz odur ki, bu istiqamətdə qətllər, repressiyalar, işgəncələr minimuma endirilsin.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Oqtay Gülalıyev: Biz hesab edirik ki, ölkədə fundamental islahatlar aparılmalıdır. Yəni, indiki kimi elan olunan, kağız üzərində qalan yox, sözün gerçək mənasında bütün istintaq orqanlarında, məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmalıdır. Həyatımızın özündə, cəmiyyətimizin özündə islahatlar aparılmalıdır. Hesab edirəm, bu, islahatları hakimiyyət aparmalıdır, dövlət səviyyəsində aparılmalıdır. Ciddi islahatlar aparılarsa, Azərbaycanda müstəqil məhkəmə sistemi bərpa olunarsa, onda, biz vəziyyətin yaxşılaşmasına doğru ümiddən danışa bilərik.