Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Çingiz Sultansoy: Səməd Seyidovun açıqlaması yalandır
2019-05-13 15:18:51

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun mühacirlərin ölkəyə qayıtması üçün heç bir problem olmayacağı haqda açıqlaması sosial şəbəkələrdə və mediada müzakirə predmetinə çevrilib.

Səməd Seyidov bildirib ki, mühacirətdə yaşayan azərbaycanlılar ölkələrinə sərbəst gələ bilərlər və Azərbaycan hüquqi dövlət olduğu üçün heç kəs qanunsuzluq etmədiyi halda məsuliyyətə cəlb oluna bilməz:

“O insanlar qərarlarında sərbəstdirlər. Öz ölkələrinə gələ bilərlər. Onları hər hansı bir təhlükə gözləmir. Bu sualı onlara ünvanlamaq lazımdır ki, niyə gəlmək istəmirlər”.

Deputat “siyasi mühacirlərin fəaliyyətinə görə, qohumları burada təzyiqlərə məruz qalıbsa, özlərini də təhlükə gözləmirmi” sualına belə cavab verib:

“Əgər kimsə özünün günahsızlığına əmindirsə, hansısa qanunsuz əməldə iştirak etməyibsə, ölkəsinə sərbəst gələ bilər. Yenə də deyirəm ki, hər hansı bir təhlükə yoxdur. Son zamanlar atılan uğurlu addımları da görürsünüz. Meydan TV əməkdaşları ilə bağlı eşitdiklərimiz buna nümunədir”.

Avropada mühacir həyatı yaşayan və bir müddət Meydan TV-nin rus versiyasının redaktoru olmuş, telejurnalist Çingiz Sultansoy Səməd Seyidovun vədinə inanmır və dediklərini yalan adlandırıb.

Çingiz Sultansoy deputat Səməd Seyidovunheç kəs qanunsuzluq etmədiyi halda məsuliyyətə cəlb oluna bilməzfikrini xatırladaraq sual edib ki, keçmiş və indiki siyasi məhbus sayılan şəxslər hansı günahın sahibdirlər:

“Bir hissəsi azad olunsa da, hələ də ölkədən çıxa bilmir. Yaxud həbsdə olan Seymur Həzi, Əfqan Muxtarlı hansı qanunsuzluq ediblər? Əksinə, onlara qarşı qanunsuzluq edilib. Səməd Seyidov deyir ki, mühacirətdə olanlar qərarlarında sərbəstdirlər, gələ bilərlər. İndi sual yaranır, niyə gəlmək istəmirik? Mən ölkədən niyə getdiyimi deyə bilərəm. Heç kəs öz istəyi ilə getməz. Ona görə getdim ki, həbs təhlükəsi ilə rastlaşmışdım. Meydan TV-nin ardıcıl olmasa da, əməkdaşlıq etdiyi, yaxud vaxtilə sayta yazı verən insanları şahid qismində istintaqa cəlb etmişdilər. Mən də Meydan TV-nin rus versiyasının redaktoru idim, ondan da əvvəl sayta hakimiyyətə ünvanlanmış tənqidi materiallar yazmışdım. Bütün bunları nəzərə alıb ölkədən çıxdım. Ona görə də Səməd Seyidovun “kimsə özünün günahsızlığına əmindirsə, gələ bilər” açıqlaması yalandır”.

O deyib ki, Əfqan Muxtarlı, Seymur Həzi yalnız jurnalistika fəaliyyətinə görə və həqiqəti dedikləri üçün repressiyaya məruz qalıblar.

“Mənim özümü “AzadliqRadiosu”nda işlədiyim üçün sorğu-suala aparmışdılar. Meydan TV ilə əməkdaşlıq edənlərin ölkədən çıxışına məhdudiyyətin götürülməsi nümunə ola bilməz, Səməd Seyidov bu məsələdə də doğru danışmır. Çünki haqqında cinayət işi olmayan jurnalistlərin çıxışına məhdudiyyət qoyulması o deməkdir ki, onlar azad sözə xidmət ediblər. Nə qədər ki, həbsxanalarda günahsız insanlar var, ölkə başçısı siyasətinin dəyişməyi haqda bəyanat verməyib, ciddi islahatlar aparmayıb, bütün siyasi məhbusları həbsxanadan buraxmayıb, Vəkillər kollegiyasından çıxarılan müstəqil vəkilləri quruma bərpa etməyiblər, Seyidovun vədlərinə inanmağa dəyməz”.

O, misal kimi video-bloger Orduxan Bəbirovun dinc etirazlara çağırdığını və buna rəğmən onun əsası olmadan Rusiya kəşfiyyatına xidmətdə suçlanmasını qeyd edib.

“Bu, yalnız böhtan deyil, cinayətdə ittihamdır. Yaxud mənim telejurnalist Sevinc Osmanqızı ilə yazışmam və onun da öz sevgilisi ilə yazışmasından bir parça yayıb Vətənə xəyanətdə suçlayırlar. Axı Vətənə xəyanəti nə ilə sübut edirlər, nə üçün onu şantaj edirlər? Şantaj özü cinayətdir. Sevinc Osmanqızı insan hüquqları və jurnalistləri müdafiə edən beynəlxaq təşkilatlara müraciət edib, onlar da hökumətə və Real tv-yə sorğu göndərib, amma cavab yoxdur. Bu cür misallar çoxdur. Bu mənada 3-5 adamın çıxış məhdudiyyətinin götürülməsi ilə heç nə dəyişmir. Kaş, siyasət dəyişərdi, qayıtmaq istəyənlər də qayıdardı, mən də o cümlədən. Amma verilən vədlər yalandır”.

Avropada mühacir həyatı yaşayan Rauf Mirqədirov Səməd Seyidovun açıqlamasını xoşməramlı münasibət sayıb:

“Ola bilər ki, hakimiyyət daxilində müəyyən düşüncələr var. Amma cənab Seydovun bəyanatının hüquqi əsası yoxdur”.

Rauf Mirqədirov hesab edir ki, xaricdə yaşayan siyasi mühacirlərin qayıtması üçün onlar barəsində qaldırılmış cinayət işləri xətm olunmalıdır.

“Bir çox hallarda ədalətsiz cinayət işləri açılıb. O cümlədən, şərti cəzalar da aradan qaldırılmalıdır. Çünki ən azından şərti cəza sınaq müddətində olduğundan “domokl qılıncı” kimi onların başının üstündən asılıb. Yəni istənilən vaxt xırda təxribat törədib həbs edə bilərlər. Ona görə hakimiyyət Səməd Seyidovun dediklərinin yalnız xoşməram kimi qalmamasını göstərmək istəyirlərsə, prezident əfv fərmanı imzalamalıdır. Belə bir fərman üçün də heç bir müraciət lazım deyil. Əgər kimsə müraciət edirsə, o zaman bu, siyasi mühacirin öz günahını etiraf etməsi deməkdir. Ancaq mühacirlər belə bir müraciəti imzalamaq niyyətində deyillər. Çünki söhbət konkret şəxslər haqda olan məhkəmə qərarlarından və cinayət işlərindən gedir. Əgər əfv fərmanı imzalansa, insanlar qayıda bilərlər. Məsələ ondadır ki, mühacirlər üçün xaricdə yaşamaq həyatlarının məqsədi olmayıb və bu barədə düşünmürlər də”.