Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Müsəlman Birliyi“ Hərəkatının koordinatoru Ə. Nuruzadə cərimə təcridxanasına salınıb
2019-05-22 12:34:39

"Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb. Bu barədə onun anası Zeynəb Hüseynova məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən həftənin şənbə günü baş verib. "Ötən həftənin şənbə günü Əhsən evə zəng etməli idi. Lakin biz nə qədər gözləsək də, Əhsən zəng etmədi. Sonra bizə oradakı məhbuslardan biri xəbər göndərdi ki, Əhsəni və digər məhbus olan Məhəmmədəlini cərimə kamerasına salıblar. Bu günə qədər Əhsən Nuruzadə bizimlə əlaqə saxlamayıb. Mən ona görə çox narahatam. O, oruc tuturdu və bu hala salınması məni çox narahat edir. Onun mədəsində də problem var", deyə Zeynəb Hüseynova qeyd edib.

Ana bildirib ki, bundan əlavə, oğlu birinci dəfə tutulanda işgəncələrə məruz qalıb və dizlərində ağrılar əmələ gəlib:

"Ehtimal edirəm ki, döyülərək işgəncələrə də məruz qalıb. Sabah çalışacağam gedim onunla görüşüm".

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Amerikanın Səsi"nə Əhsən Nuruzadənin cərimə təcridxanasına salındığını təıdiq ediblər.

"O, daxili intizam qaydalarına əməl etmədiyinə görə cərimə təcridxanasına salınıb. Nuruzadənin işgəncəyə məruz qalması ilə bağlı yayılan xəbərlərin isə əsası yoxdur, tam yalandır", deyə İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı bildirib.

Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb, bu da 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. 2018-ci il martın 6-da o, 7 il azadlıqdan məhrum edilib.

Ə.Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən dini fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub. O, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.