Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Qonşuların interneti ilə Azərbaycandakı arasında böyük fərq var
2019-05-23 12:36:20

Azərbaycanda son bir neçə gündə internet istifadəçiləri onun keyfiyyətindən yenə narazılıq edirlər. Bu narazılıqlar demək olar səngimir, sadəcə, vaxtaşırı bir qədər də artır. Məsələn, Samir Əsədli AzadlıqRadiosu-na deyir ki, adıçəkilən provayderin xidmətindən təxminən 3 ildir istifadə edir və hər zaman problemlərlə üzləşir, “bəzən saatlarla internet kəsintisi yaranır”.

Jurnalist Kamran Mahmudov da bugünlərdə Facebook sosial şəbəkəsində yazıb: “KATV1 kimi müştərilərinə saymamazlıq, laqeydlik edən ikinci şirkət tanımıram. Ödənişin vaxtından 1 saat keçməmiş internet kəsilir. Amma 1 aya yaxındır internetlə bağlı problem yaşanır, heç veclərinə deyil. Bu gün bu provayderdən rəsmən imtina etdim”.

Sübhan Qəhrəmanov da provayderi hörmətsizlikdə ittiham edir və istifadəçisi olduğu 3 ildə boğaza yığıldığını yazır: “Bir problem olan kimi də telefon zənglərinə cavab vermirlər”.

AzadlıqRadiosu adıçəkilən provayderlə əlaqə saxlayıb. Onlar bununla bağlı az sonra özlərinin geri zəng edəcəklərini söyləsələr də, günün sonunadək xəbər çıxmayıb.

Jurnalist Şəmşad Ağa adını açıqlamadığı mənbəyə istinadla yazır: “Deyilənə görə, bəzi provayderlərə qeyri-rəsmi tapşırıq verilib ki, internetin sürətini azaldın və gecələr fasilələrlə verin (elə bil Hövsana su verirlər). Fərqində deyillər ki, bununla təkcə informasiya azadlığına müdaxilə etmirlər, həm də əhalidə provayderlərə etimadsızlıq yaradırlar. Etimadsızlıq mühiti həm də onların iqtisadi durumuna mənfi təsir edəcək. Allah bilir, yenə nə iyrənc planları var...”

Şəmşad Ağa AzadlıqRadiosu-na deyir ki, məlumatı ona verən şəxs adının çəkilməsini istəmir, səbəb də yerli provayderlərdən birində çalışmasıdır və onun sözlərinə görə, məqsəd informasiya məhdudlaşdırılması ola bilər.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz ölkədə internetin baha və keyfiyyətsiz olduğunu vurğulayır:

“Qonşu ölkələrlə müqayisə edəndə görürsən ki, bizim ödəyib əldə etdiyimiz sürətlə, onların ödəyib əldə etdiyi sürət arasında on dəfə fərq var. Təsəvvür edin, Azərbaycanda vətəndaş 30 manat ödəyib məsələn, dövlət provayderləri olan Aztelekom və Baktelekomdan 5-6 meqabit ala bilirsə, Rusiyada, Qazaxıstanda, Gürcüstanda bu məbləğə vətəndaş 10, 20 dəfə çox sürət ala bilir. Bu, ciddi problemdir”.

Osman Gündüz bu məsələlərlə bağlı bütün sualları Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin cavablandırmalı olduğunu söyləyir:

“Artıq interneti topdan satan provayderlər qiyməti endirdiklərini elan ediblər. 70 faiz azaldıblar. Ancaq özəl provayderlər onu ucuz satmağa ehtiyatlanırlar. Çünki onlar dövlət provayderlərinin resurslarından – dövlətin quyularından, xətlərindən və sairdən yararlanırlar. Dövlət provayderindən xəbərsiz addım atsalar problem yaranacağından ehtiyatlanırlar. Dövlət provayderləri olan Aztelekom-la Baktelekom isə bazarın düz 50 faizinə nəzarət edir. Bunların rəhbərliyi nazirlikdir. Nazirlik buna reaksiya verməlidir. Nazirlik indi həm bazarı tənzimləyir, həm qiymət müəyyənləşdirir, həm də kommersiya ilə məşğuldur. Bu da yolverilmzədir”.

Azərbaycanda internetin dövlətin inhisarda olduğunu və bu üzdən problemlər yarandığını, müştəriyə ödədiyi pula uyğun xidmət göstərilmədiyini ekspertlər dəfələrlə bildiriblər.