Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Milli Şuranın 28 May bayram tədbirinə qarşı polis zorakılığı ilə bağlı bəyanat
2019-06-03 12:39:35

 Milli Şuranın 28 May bayram tədbirinə qarşı polis zorakılığı ilə bağlı bəyanat yayıb: "Milli Şura əvvəlki illərdə olduğu kimi, bu 28 may günündə də Cümhuriyyət bayramını Novxanıda, M.Ə.Rəsulzadənin abidəsi önündə qeyd etdi. Lakin bu dəfə hakimiyyət orqanları Milli Şuranın bayram nümayişinə xüsusi neqativ münasibətilə fərqləndi. Əraziyə cəlb olunan polis qüvvələri heç bir səbəb və bəhanə olmadan, nümayiş iştirakçılarına hücum çəkərək fiziki zor tətbiq etdi, MŞ Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu başda olmaqla 8 nəfəri həbs etdi, onlarla şəxsə xəsarət yetirdi, iştirakçıların əlindən bayraqları almağa çalışdı və bayraqlardan bir neçəsini yararsız hala saldı, iştirakçıların bəzilərinin əynindəki üzrəində Rəsulzadənin şəkli və Cümhuriyyətə aid sözlər olan köynəkləri cırdı. Dövlətimizin yaranış günü kimi böyük bir milli bayram günündə Azərbaycan hakimiyyət orqanlarının törətdiyi bu əməl nə qədər təəccüblü və gözlənilməz görünsə də, artıq illərdir ki həyata keçirilən bir siyasətin tərkib hissəsidir. Bu siyasətin adı Azərbaycan xalqını ona özgüvən, üstünlük hissi aşılayan, bir araya gətirib bütövləşdirən tarixi hadisə və günlərindən qoparıb uzaqlaşdırmaqdır. Təəssüf ki, indi Azərbaycanı idarə edənlər onun təkcə sərvətini talamaqla məşğul deyil, həm də mənəvi aləmini dağıtmaqla, keçmişini saxtalaşdırmaq, tarixi yaddaşını zədələməklə məşğuldur. Artıq bir neçə ildir ki, hakimiyyət orqanları Azərbaycanın dövlət müstəqilliyini yenidən qazanmasında müstəsna rolu olmuş tərəqqipərvər qüvvələrinə bu dövlətin əlamətdar bayram və hüzn günlərini kütləvi tədbirlər, ziyarətlərlə qeyd etməyə imkan verməmək xətti tutub. Milli Şuranın 28 May Cümhuriyyət bayramı nümayişinə tədbir başlamamış polis hücumunun da məqsədi bu idi. 

Milli Şura hakimiyyətin oxşar hərəkətləri demokratik düşərgəni təmsil edən başqa qüvvələrə qarşı etdiyini də vurğulamağı özünə borc bilir. Elə bu 28 may günündə də Müsavat Partiyasının Novxanıda keçirdiyi Cümhuriyyət bayramı tədbirinə polis müdaxiləsi olub, ReAl Partiyasının Bakının mərkəzində "İstiqlal" abidəsini ziyarət etməsinə isə ümumiyyətlə icazə verilməyib. Milli Şuranın Novxanıda bayram tədbiri pozmaq üçün isə təxribat planları lap əvvəldən işə salınmışdı. Belə ki, gah hakimiyyətin ruporu olan bir sıra informasiya resursları üzərindən Milli Şuranın 28 May tədbirində hansısa təxribatların törədiləcəyi tirajlandı, gah saxta sosial şəbəkə hesablarından həmin tədbirin ümumiyyətlə təxirə salındığı elan edildi və s. Lakin bütün bu təxribatlar nəticəsiz qalandan sonra isə bayram günü nümayiş iştirakçılarına açıq polis hücumuna əmr verildi.

Milli Şura hakimiyyətin xalqa hörmətsizlik olan bütün bu davranışlarını qətiyyətlə pisləyir və belə halların təkrarlanmamasını tələb edir. Milli Şura bildirir ki, İlham Əliyev hakimiyyətinin böyük pullar hesabına təşkil etiyi ucuz şoularla özünü dünyaya tolerant, mədəni, müasir göstərmək cəhdləri daxildə öz vətəndaşlarına qarşı hətta ən böyük milli bayram günlərində də yadelli barbarlar kimi davranmaqla puç olub gedir. Milli Şura hakimiyyəti bu siyasətdən əl çəkməyə, tariximizə və xalqın öz tarixi günlərini qeyd etmək hüququna sayğı ilə yanaşmağa çağırır. Milli Şura bəyan edir ki, 28 may günü hakimiyyət törətdiyi o əməllə bir daha cümhuriyyətə qarşı olduğunu, cümhuriyyət prinsip və dəyərlərinə nifrət bəslədiyini ortaya qoydu. Açıq etiraf elədi ki, ölkədə respublikanın yalnız adı var, mahiyyətdə isə ailə hakimiyyəti hökm sürür və bu hakimiyyət respublikaçılıqdan uzaq olduğu qədər də xalqdan qopuq, onun şanlı keçmişinə yaddır. Milli Şura bəyan edir ki, mövcud hakimiyyətin bütün cəhdlərinə baxmayaraq xalqımızın əlamətdar günlərini yaşatmağa və dinc kütləvi tədbirlərlə qeyd etməyə bundan sonra da davam edəcək".