Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ekspert: “Azərbaycanın dünya turizm modelinə uyğun yanaşması yoxdur“
2019-06-04 13:42:20

Bakıda keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Arif Vəliməmmədov bildirib. Arif Vəliməmmədov deyib ki, insanları ora getməməyə məcbur edə bilməzlər. Harada dincəlməyi seçmək insanların haqqıdır:

“Amma bu turistləri Azərbaycanda saxlamaq, eləcə də digər ölkələrdən Azərbaycana turistlər gətirmək üçün işlər görməliyik. Buna görə Azərbaycanda dincəlmək üçün Gürcüstandan da yaxşı şərait yaradılmalıdır. Düşünürəm ki, bunun üçün imkanlar mövcuddur. Azərbaycanla Gürcüstanın təbiəti və mətbəxi demək olar ki, eynidir”.

Gürcüstanın Milli Turizm Administrasiyasının açıqlamalarına görə Gürcüstana gedən turistlərin sayı ilbəil artır. Məlumata görə, beş ay ərzində bu ölkəyə azı iki milyondan çox adam gedir. Gürcüstana gedən turistlərin içində azərbaycanlılar çoxluq təşkil edir. Bir ay ərzində 15 minə yaxın.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, Gürcüstanın turizmlə bağlı əldə etdiyi nailiyyətlər yenidən Amerikanı kəşf etmək deyildi. Gürcüstan yeni heç nə kəşf etməyib. Sadəcə 3 önəmli istiqamətdə addımlar atıb və turizm çox gözəl uğura nail olub:

“Əvvəla Gürcüstan bugünədək 108 ölkəylə viza sistemini tamamilə ləğv etdi. Ətraf ölkə vətəndaşlarının ölkədə qalma müddətlərini artırdı. Məsələn, Türkiyə ilə hətta pasportsuz gediş-gəliş sistemi qurub. Türklər Gürcüstana şəxsiyyət və ya sürücülük vəsiqəsi ilə gedə bilirlər. Bu 108 ölkənin vətəndaşları ilə viza ləğvi Gürcüstanın turizminin inkişafında önəmli rol oynadı”.

Natiq Cəfərli deyir ki, Gürcüstan aşağı büdcəli aviaşirkətlərə də qapılarını açdı. Bu gün Gürcüstanda 12 aşağıbüdcəli şirkət fəaliyyət göstərir və onlar dünyanın müxtəlif ölkələrinə ucuz uçuşlar həyata keçirir. Nəticədə bu ölkəyə turist axını güclənir:

“Həm də Gürcüstan öz turizm hekayələrini yaratmağa başladı. Qədim Kaxetiya, yunan əfsanələrinin Gürcüstan ərzilərindəki bağları və s. Yaxşı şərab turları təşkil etməyə başladılar. Müxtəlif şəhərlərinə hekayələr yazdılar, monastralara turlar təşkil etdilər və s. Turistlər üçün cəlbedici hekayələr, nağıllar qurmağa başladılar. Onlar bu ideyalarını dünyaya satmağa nail oldular. Turistə də nə lazımdır? Onlar həmin əfsanələrdə adıkeçən tarixi abidələri, yerləri görmək üçün Gürcüstana axın edirlər”.

İqtisadçı deyir ki, əsas istiqamətlərdə ciddi iş apardıqlarına görə Gürcüstan turizmin inkişafına nail oldu. Azərbaycanda isə bunların heç biri yoxdur:

“Azərbaycan hətta qonşu ölkələrlə belə viza rejimini ləğv etmir. Təkcə MDB ölkələrindən başqa. Bundan əlavə, Azərbaycanda AZAL-ın hegemonluğu və inhisarçılığı hökm sürür. Aşağı büdcəli aviaşirkətlər ölkəyə buraxılmır. Bu da uçuş qiymətlərini sərfəsiz edib. Bundan əlavə, Azərbaycanın satıla biləcək turizm hekayələri yoxdur. Bu hekayələri yarada bilmirik. Sanki Azərbaycan yeməklə, lülə kababla turist cəlb etməyə çalışır. Bu da dünya turizm modelinə uyğun yanaşma deyil. Azərbaycanda bu məsələlərdə axsaqlıq olduğu üçün Gürcüstandan xeyli dərəcədə geri qalır”.