Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Orxan Baxışlı: Mən siyasi məhbusam
2019-06-05 13:18:27

İyunun 4-də Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlının barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişərək 6 illik həbs cəzasını 3 il ilə əvəzləyib.

İmran Hacıqayıbovun sədrliyilə məhkəmə iclasında ittiham 234.4.3-cü maddədən (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 234.1-ci maddəyə (satış məqsədi olmadan narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması) tövsif edilib.

Orxan Baxışlı 2018-ci il mayın 6-da külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Həmin il avqustun 8-də 6 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Məhkəmə ilcasında çıxış edən O.Baxışlı günahsız olduğunu və həbsin siyasi motivli olduğunu bildirib. Onun sözlərinə görə, narkotik maddəni onun üzərinə polis bölməsində qoyublar. Belə ki, Orxanı parkda saxlayaraq bölməyə aparmışdılar. "Saxlanmadan iki saat sonra əməliyyat qrupu yaradıldı. Saxlanma zamanı mənə dedilər ki, telefon oğurlayan adama bənzəyirəm. Sonra maşına oturdaraq Yasamal rayon 26-cı polis bölməsinə apardılar. Oradan isə 28-ci bölməyə apardılar. Saxlanmadan 4 saat sonra şəxsi baxış oldu. Məhz bu vaxtda narkotik maddəni mənim üzərimə qoydular. Biz vəkil Elçin Sadıqovla birlikdə məhkəmə proseslərində vəsatət qaldırdıq ki, bölmələrdəki video-müşahidə kameralarından qeydlər təqdim edilsin. Ancaq imtina etdilər. Bölmədə mənim üzərimə baxış keçirilməsi barədə bildirəndə məhkəmənin qərarını tələb etdim, cavabında isə müstəntiq dedi ki, onun özü həm hakimdir, həm də qanun. Bundan sonra gödəkçəmin cibindən narkotik maddə çıxardılar, mənim qarşıma qoyub dedilər ki, "bu, sənindir". Mən məhkəmənin qərarını tələb etdikdən sonra onları polis əməkdaşı Şirəli Babayev qoydu. Bundan öncə mən cibimdə nə vardısa hamısını çıxarmışdım. Gödəkçəmi bir neçə dəfə çırpmışdılar, görsünlər cibində bir şey qalıb ya yox. Bundan sonra orada narkotik maddə necə ola bilər? Əgər mən narkotik maddə alverçisi olsaydım evimdə axtarış aparardılar. Ancaq bunu etmədilər. Mən heç siqaret çəkmirəm", - O.Baxışlı bildirib.

O, öz vəkilini tələb etsə də polisdə bundan imtina ediblər və elə adam gətiriblər ki, nəinki onu müdafiə etməyib, əksinə polis əməkdaşlarına kömək edib.

"Mən məhkəmədən ədalət gözləmirəm, ancaq sizdən qarşınızdakı bütün maneələri aşaraq ədalətli qərar çıxarmağı xahiş edirəm. Mən siyasi məhbusam. Bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır", - O.Baxışlı bildirib.

Vəkil Elçin Sadıqov deyib ki, müttəhimin barəsində qərar ədalətsizdir və istintaq qanun pozuntusu ilə keçirilib. Belə ki, O.Baxışlının üzərinə baxışı onu saxlayan əməliyyatçı keçirib, bu isə qanuna ziddir.

E.Sadıqov Avropa məhkəməsindən presedent nümunə gətirib. Əgər saxlanılan şəxs yarım saatdan çox müddətə yoxlanılmırsa və sonradan onun üzərində narkotik maddə tapılırsa, böyük ehtimalla onları onun üzərinə qoyublar. "Şahid bir dəfə narkotik maddə satışına görə həbs olunub, əfvə düşüb, azad edildikdən sonra şahid olub. Nə vaxta qədər belə adamlar narkotik maddəyə dair işlərdə şahid qismində keçəcək", - vəkil deyib.

E.Sadıqov məhkəmədən O.Baxışlıya bəraət verilməsini və Avropa İnsan Hüquqları Konvensiyasının 6 və 17-ci maddələrinin pozulmasının tanınmasını xahiş edib.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev məhkəmədən kassasiya şikayətini təmin etməməyi və Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamağı xahiş edib.

Məhkəmə məşvərətdən sonra birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi barədə qərar qəbul edib və cəzanı 3 ilədək azaldıb.