192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mingəçevir təhsilinin baş bəlası
2018-11-29 12:46:00

Repetitorluq Mingəçevir təhsilinin baş bəlasına çevrilib. "Azadlıq.info"nun bildirdiyinə görə, şəhərin tam orta təhsil verən əksər məktəblərində 10-11-ci siniflər kağız üzərində “fəaliyyət” göstərir. Bəzi müəllimlərin məktəbdə faktiki olaraq gün keçirdiyini, təhsilin keyfiyyət(sizliy)ini görən valideynlər övladlarını müxtəlif vasitələrlə məktəbdən yayındıraraq əlavə imkanlardan – repetitorluqdan istifadə edirlər. Valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) onu fərdi müəllim yanına göndərirlər. Bu gün hətta birinci sinfə getməyə hazırlaşan uşaqların valideynləri yaxşı məktəbdən çox, yaxşı repetitor tapmaq haqqında düşünürlər. 

Çox zaman repetitorluq dərslərin hesabına həyata keçirilir. Belə ki, müəllim yanına gedən şagirdlər dərslərə gəlmir, direktorla anlaşır, adları məktəbdə qeyd olunur, yalnız yoxlama olandan-olana və yaxud ayın, ya həftənin müəyyən günlərində sinif rəhbərlərinin çağırışıyla məktəbə gəlirlər. Bu isə məktəb mühitinin dağılmasına gətirib çıxarır.

Bu gün Mingəçevir şəhərində orta məktəb(lər)in verdiyi təhsilin aşağı səviyyədə olması bəzi müəllimlərə repetitorluq üçün şans yaradır. Əksər müəllimlər dərs dediyi şagirdləri fərdi şəkildə evdə təşkil etdiyi dərslərə cəlb edirlər. Hazırlığa gedən şagirdin gələcəkdə tələbə olacağına heç bir zəmanət verilmədiyinə baxmayaraq, valideynlər boğazından kəsib son pullarını belə repetitor(lar)a verirlər. Qiymətlər də kifayət qədər yüksəkdir. Müqayisə üçün bildirək ki, Mingəçevir kimi kasıb şəhərdə bir şagirdin 4-5 fəndən (bir fənn üçün hazırlıq qiymətini 30 manatdan hesablasaq) repetitor yanına getməsi valideynə orta hesabla 150 manata (bəzən daha baha qiymətə) başa gəlir. Bura hazırlıq zamanı tələb olunan dərs vəsaitlərinin alınması, eləcə də məktəb rəhbərliyinə şagirdin dərsə gəlməməsi (“qiyabi”yə çıxması) üçün ödənilən məbləği və s. əlavə etsək, yetərincə böyük rəqəm alınır. Hələ bir evdən 2-3 uşağın hazırlığa getdiyini nəzərə alsaq, ortada necə böyük pulların dövr elədiyini təsəvvürə gətirmək çətin olmaz. Hər kəsə məlum olan bu faktlardan isə şəhər Təhsil şöbəsinin, yerli İcra Hakimiyyətinin, Ərazi Vergilər Departamentinin və nəhayət, bu günlərdə “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsini müzakirə etmək üçün ölkə müəllimlərini bir araya gətirmiş Təhsil Nazirliyinin xəbərsiz olması inandırıcı deyil.

Biz Mingəçevirdə yuxarı sinif şagirdlərinin diliylə desək, “qiyabi”yə çıxmağın qiymətləri və şərtləriylə maraqlandıq. Məlum oldu ki, burda da bazarda olduğu kimi “tələb-təklif” çox önəmlidir. Məsələn, şəhərdəki 10 saylı məktəbdə (direktor Xumarə Mikayılova), Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü  Liseydə (direktor Aidə İsmayılova) qiymətlər kifayət qədər yüksəkdir. Araşdırmalara görə, bir şagirdin “qiyabi”yə çıxması üçün 200-300 manat tələb olunur. Şəhərdəki şəhid Noel Ahəngəri adına 13 saylı orta məkətbdə 150-200 manat arasında dəyişir. Sonuncuda qiyməti aşağı salmaq imkanları var.

Bir sözlə, məktəb günahı şəhər icra hakimiyyətinin, icra hakimiyyəti isə məktəbin üzərinə atmaqla məsələni qapatmışdılar.

Bir maraqlı faktı da qeyd edək ki, Mingəçevirin mərkəzində yerləşən, vaxtilə bölgənin sayılıb-seçilən təhsil ocaqlarından biri olmuş 13 saylı məktəb bu gün şəhərin bütün məktəblərindən pis mənada fərqlənir. Məktəbin istər binası, istər ərazisi baxımsızlıqdan xarabazarlığı xatırladır. 1993-cü ildən son bir neçə ilədək burada məskunlaşmış qaçqın və məcburi köçkünlər uzun illər məktəbin həm əvvəlki, həm də sonrakı rəhbərliyi üçün əsl “dolanışıq” mənbəyi olub. Bu gün digər məktəblərdə “qiyabi təhsillə” bağlı məktəb rəhbərliyilə “dil tapa bilməyənlər” düşünmədən buranı seçirlər. Tələb olunan vəsaiti hissə-hissə – 2 dəfəyə ödəmək imkanı buranın əsas üstünlüyüdür. Çünki təmirsiz, tam bərbad, normal dərs keçmək üçün şəraiti olmayan bu məktəbdə dərsə davamiyyət ən sonuncu yerdə duran məsələlərdəndir.

Bir daha xatırladaq ki, Mingəçevirin əksər məktəblərində oxşar situasiya hökm sürür.

Maraqlıdır ki, repetitorluğun ləğvi dəfələrlə gündəmə gəlsə də, problem bugünədək həllini tapmayıb.