192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan Avropa Məhkəməsini ‘saymamaqda’ birinci yerdədir
2018-12-08 11:49:43

AzadlıqRadiosu yazır ki, Avropa Məhkəməsinin icrasız qalmış qərarlarının sayına görə, Azərbaycan birinci yerdədir. Avropa Şurasının məlumatına görə, hazırda Azərbaycanla bağlı çıxarılan qərarların hardasa 99 faizi icra olunmur.

Dekabrın 6-da Avropa Məhkəməsi daha bir qərar verib və jurnalist Seymur Həzinin həbsini qanunsuz sayıb. Hüquqlarının pozulmasına görə Azərbaycan hökuməti jurnalistə ümumillikdə 14 min 500 avro ödəməlidir. Amma jurnalistin xanımı Nigar Həzi deyir ki, bu qərarla nə Seymur azadlığına qovuşacaq, nə də dəymiş ziyana görə kompensasiya vaxtında ödənəcək. Əlavə edir ki, atası, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu da 2 ildir ona dəymiş kompensasiyanı ala bilmir:

Amma Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirir ki, kompensasiyalar ödənilir, ödənişlərin edilməməsi haqda hər hansı rəsmi şikayət yoxdur: Lakin Avropa Məhkəməsinin qərarların icrasında mövcud durumun təhlili ilə bağlı bu ilin oktyabrındakı məlumatına görə Azərbaycana dair 203 qərar, başqa sözlə, ümumi qərarların 99 faizi icra olunmayıb.

Hüquqşünas İntiqam Əliyev bildirir ki, Azərbaycanın qərarları icra etməməkdə məqsədi vətəndaş cəmiyyətinə təzyiqləri artırmaq, Avropa Məhkəməsinin qərarlarını nüfuzdan salmaqdır. İntiqam Əliyevin özü də keçmiş siyasi məhbusdur

Azərbaycan hökuməti Avropa məhkəməsinin qərarları ilə son iki ildə təxminən 1 milyon avro cərimələnib.

Avropa Məhkəməsinin sözçüsü Andrew Cutting deyir ki, qərarların icrası vəziyyətinə Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. Avropa Şurasına üzv olan hər bir ölkə də bu qərarları icra etməlidir:

“Nazirlər Komitəsi müntəzəm olaraq, qərarların tam və zamanında icrasını nəzarətdə saxlayır. Ehtiyac olarsa, siyasi təzyiqi və diplomatik danışıq tonunu artıra bilər. Qərarların icra olunmaması İnsan Haqları Konvesiyasının daha bir pozuntusudur. Avropa Məhkəməsinin qərarının icra olunmaması ilə bağlı şikayət yeni bir təcrübədir. Və indiyə kimi ancaq bir dəfə İlqar Məmmədovun işində rast gəlinib”.

Azərbaycan hökuməti son zamanlar həm də, müstəqil vəkillərə və hüquqşünaslara təzyiqlərinə görə tənqid olunur. Son illər bir neçə vəkil Vəkillər Kollegiyasından çıxarılıb.

Azərbaycan hökuməti bütün bu tənqidləri rədd edir. Azərbaycanda bütün hüquq və azadlıqların qorunduğunu bəyan edir.