192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycandakı siyasi məhbusların üzləşdiyi xüsusi qadağalar var
2018-12-18 10:43:06

Azərbaycanın rəsmiləri ölkənin cəzaçəkmə müəssisələrində siyasi məhbusların olmasını inkar etsə də, əksər yerli və beynəlxalq insan haqları təşkilatları bununla razılaşmırlar. Bir çox köhnə və hazırkı siyasi məhbus ailələri, siyasi fəaliyyətinə görə həbs edilənlərin nəinki ədalətsiz olaraq azadlıqdan məhrum edildiklərini, hətta onların kitab oxumaq və ailələri ilə danışmaq kimi sadə haqlarından da məhrum qoyan qadağalarla üzləşdiklərindən danışırlar.

 "Meydan.tv"-ə əsasən, siyasi məhbusların Müdafiə Mərkəzinin hazırladığı hesabata əsasən, hazırda Azərbaycanda 150-dən çox siyasi məhbus var.

“Amnesty İnternational”, “Human Rights Watch” və “Freedom House” kimi beynəlxalq insan haqları təşkilatları dəfələrlə Azərbaycan hökumətinə qarşı jurnalistlərin aktivistlərin təqib və həbs edilməsini pisləyən sərt açıqlamalar veriblər.

Buna baxmayaraq, hakimiyyət ölkədə siyasi məhbusların olmasını inkar edir.

Siyasi məhbus İlkin Rüstəmzadənin anası Atlas Hüseynova deyir ki, dəfələrlə İlkinin özü istədiyi kitabları həbsxanaya aparsa da, içəri keçirməyəcəklərini deyib geri qaytarıblar.

Demokratiya naminə NİDA Vətəndaş Hərəkatının üzvü olan İlkin Rüstəmzadə Azərbaycan ordusundakı əsgər ölümlərinə etiraz etdiyinə görə beş ildən çoxdur ki, həbsdədir. Rüstəmzadə 2013-ci ildə həbs olunub və “kütləvi iğtişaşları təşkil etmək” ilə ittiham olunurdu. “Human Rights Watch” bu ittihamı “saxta” adlandırıb.

Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu, 2013-ci ildə İsmayıllıda baş verən iğtişaşları təşkil etməkdə günahlandırılaraq həbs edilmiş və 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Tofiq Yaqublu deyir ki, həbsxanalarda məhkumların hamısı məhdudiyyətlərlə üzləşirlər, amma siyasi məhbuslara nəzarət daha sərtdir.

“Siyasi kitablar bir cinayətkara, ya da narkotik satıcısına gətirilərsə, heç bir məhdudiyyət tətbiq edilmir. Onlar kitabları içərisində narkotik olub-olmadığına görə yoxlayırlar. Lakin siyasi məhbus kitab istədikdə dərhal məzmununa və kitabın adına baxırlar”.

Tofiq Yaqublu deyir ki, bu cür məhdudiyyətlərin əsl səbəbi nəzarət etməkdir və səlahiyyətli şəxslərin birbaşa göstərişi ilə reallaşır.

Yaqublu onu da əlavə edir ki, məhbusları gərginlikdə saxlamaq üçün süni maneələr yaradılır.

Azərbaycanlı hüquqşünas Fariz Namazlı qeyd edir ki, qanunla qadağan edilmiş kitabların rəsmi siyahısı var, lakin çox halda siyahıya alınmamış kitablar da qadağan edilir.

Namazlı OC Media-ya bildirib ki, öz müşahidələrinə əsasən bu “xüsusi” qadağa adətən siyasi səbəblərdən tutulanlara tətbiq olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi Natiq Adilovun sözlərinə görə, may ayında həbs edilmiş üç partiya üzvü — Babək Həsənov, Aqil Əli Məhərrəm və Ruslan Nəsirli də dörd aydır ki, ailə üzvləri ilə telefonla danışa bilmir.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin may ayında Gürcüstanda oğurlanıb və bir gündən sonra Azərbaycan həbsxanasında olduğu məlum olub. Əfqan Muxtarlı qaçaqmalçılıq, qanunsuz sərhədi keçmə və polisə müqavimət göstərməkdə günahlandırılaraq, 6 il həbs cəzasına məhkum edilib.

Qanuna görə Muxtarlı hər həftə ailəsi ilə danışma hüququna malikdir. Lakin həyat yoldaşı Leyla Mustafayeva deyir ki, son zamanlar Əfqan ayda cəmi bir dəfə zəng edə bilir.

Dövlətə xəyanət və casusluq ittihamı ilə siyasi məhbus olmuş jurnalist Rauf Mirqədirov deyir ki, məhbusların həbsxanadan siyasi proseslərə qoşulması mümkün deyil və hökumət bunu bilir. Sadəcə məqsəd birbaşa psixoloji gərginlik yaratmaqdır. Çünki ziyalılar belə situasiyada özlərini əzilmiş, tərk edilmiş hiss edirlər.