192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İnsan haqları 2018 – İlqar Məmmədov azadlıqda, saytlar bloklanır, mühacirlərə iş açılır
2018-12-22 13:26:15

Azərbaycanda ilin ən yaddaqalan və “xoş hadisəsi” REAL Partiyasının sədri, İsmayıllı hadisələrinə görə 7 il azadlıqdan məhrum edilən İlqar Məmmədovun 5 il sonra şərti azadlığa buraxılmasıdır. Siyasi şərhçi Zərdüşt Əlizadə belə deyir: “İlqar Məmmədov ədalətsiz məhkəmə qərarı ilə çəkdiyi həbsdən qurtuldu”.

Amma hüquq müdafiəçiləri təəssüflənirlər ki, İlqar Məmmədovun həbsi kimi xoş hadisələr bu il çox azdır. Onlar bu il də hakimiyyət tənqidçilərinin həbs edildiyini, təqib olunduğunu, ifadə azadlığının məhdudlaşdırıldığını vurğulayırlar.

“Elə bil həbsxanalarda rotasiya gedir, kimsə azad edilir, kimsə həbs olunur”, – hüquq müdafiəçisi Arzu Abdullayeva söyləyir. O, insan haqları sahəsindəki duruma “yaxşı qiymət” verə bilmədiyini qeyd edir. “Hələ ki vətəndaş cəmiyyəti təqiblər ucbatından normal işləyə bilmir”, – hüquq müdafiəçisi əlavə edir.

“Təəssüf ki, biz 2018-ci ildə insan haqlarının qorunması haqqında pozitiv danışa bilmirik, kobud qanun pozuntuları baxımından çox zəngin il oldu”, – “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev deyir.

Hüquq müdafiəçisi bu il müstəqil mətbuatın sıradan çıxarılaraq susdurulduğunu, saytların bloklandığını, vətəndaş cəmiyyətinə basqıların davam etdiyini əlavə edir.

“Bu il də siyasi məhbus problemi həll olunmadı, siyasi məhbus siyahısı bir az da artdı. İctimai siyasi fəallar oğurlandı, sutkalarla onların yeri naməlum qaldı. Ən pis tendensiya bu oldu ki, layiq olmadığı cəzanı çəkib qurtarmasına baxmayaraq, azadlığa çıxmasına bir-iki gün qalmış AXCP fəalı Məmməd İbrahim və hicab məhbusu Telman Şirəliyevə qondarma cinayət işi açaraq həbsxanada saxladılar. İnsan haqları sahəsində daha bir ürəkağrıdan mənzərə bu oldu ki, Gəncə hadisələri zamanı sorğusuz-sualsız bir neçə vətəndaşımız qətlə yetirildi. Bəzilərinin nəşi dəfn edilmək üçün ailəsinə verilmədi. Eyni zamanda bu hadisəylə bağlı kütləvi həbslər aparıldı”, – Oqtay Gülalıyevin qiymətləndirməsi belədir.

Deputat: “Gəncə hadisələri zamanı aşırı gücdən istifadə olundu”

“Gəncə hadisələri daha çox kriminal hadisədir. Dini-fanatik ünsürlərin qarşıdurma yaratması önləndi. Həbslər labüd idi, əks halda ölkədə xaos yarana bilərdi. Bu məqsədlə ola bilsin aşırı gücdən istifadə olundu. Amma sonradan bu proses davam etmədi”, – Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyir.

İnsan haqları sahəsində durumu şərh edən deputat hüquq müdafiəçiləri ilə razılaşmayaraq Azərbaycanda daha çox mülkiyyət hüququnun pozulduğunu, “siyasi motivli ciddi, təlatümlü hadisələr”in baş vermədiyini söyləyir.

Fazil Mustafa ictimai-siyasi fəallarla bağlı “neqativ addımlar” atılmasını istisna etməsə də, bütünlükdə ifadə, söz və ya sərbəst toplaşmaq azadlığına xüsusi məhdudiyyət qoyulmadığını bildirir.

“Turan” xəbər agentliyinin direktoru Mehman Əliyevsə 2018-ci ildə mediaya basqıların bir qədər də çoxaldığını, saytların bloklandığını, cinayət işlərinin açıldığını qeyd edir.

“Sosial şəbəkələrdə, informasiya məkanında daha çox gərginlik yaşayırıq. Bəlkə də bu, bir nömrəli problemdir. Sosial medianın, ənənəvi medianın aktiv olmasını istəmirlər. Baxmayaraq ki, hakimiyyətdaxili mübarizədə medianın, sosial şəbəkənin gücündən istifadə edirlər. Bir neçə ay qabaq bağlanan APA hakimiyyətdaxili mübarizənin qurbanı oldu. Və ya BDU-nun rektoru Abel Məhərrəmovu hakimiyyət və hakimiyyətə yaxın media iki gün ərzində nə günə qoydu. Bundan sonra onun müdafiəsinə qalxanlar belə oldu. Biz bu hadisə zamanı hakimiyyətin mediadan necə istifadə etdiyini gördük. Bu, ciddi vasitədir. Ona görə də idarə olunmayan medianın, sosial şəbəkənin fəallığı onları narahat edir”, – agentlik rəhbəri izah edir.

Mehman Əliyev bu il sosial mediada fəal olan və xaricdə yaşayan bəzi azərbaycanlılara qarşı cinayət işi açıldığını da xatırladır.

AzadlıqRadiosu