192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Parlamentində və AŞPA-da Mehman Hüseynovla bağlı müzakirə olacaq
2019-01-15 12:30:57

Ötən il dekabrın 26-da həbsdə olan bloger Mehman Hüseynova qarşı yeni cinayət işi qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərlə qarşılanıb.

Amerikaninsesi.org-un xəbərinə görə, Yanvarın 14-də Avropa Parlamentinin deputatı Petras Austrevicius Azərbaycan hökumətini blogeri azadlığa buraxmağa çağırıb.

"Biz bloger Mehman Hüseynovun işini diqqətlə izləyirik, çünki vəkillər onun adından yayılan müraciətdən təəccübləniblər. Mən Mehman Hüseynovun qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıram," Petras Austrevicius özünün Twitter mikrobloqunda yazıb.

Qeyd edək ki, yanvarın 17-də Avropa Parlamenti təcili qaydada Mehman Hüseynovun işilə bağlı qətnamə qəbul etməyi planlaşdırır.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennak isə yanvarın 17-də Strasburqda Avropa Şurasının Parlament Assambleyasının qıs sessiyasının plenar iclasında bloger Mehman Hüseynovla bağlı məsələ qaldırılacağını bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də, qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Müsavat Partiyasının mənzil-qərargahında blogerə dəstək məqsədi ilə ictimaiyyətin nümayəndələri yanvarın 2-dən aclıq aksiyası keçirir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları olub.

Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.

Yanvarın 13-də hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadə həbsxanada aclıq aksiyasına başladıqları barədə müraciət yayıb. Hazırda həbsdə olan 9 siyasi məhbus kimi tanınan şəxsin aclıq etdiyi bildirilir.

Beynəlxalq ictimaiyyət də blogerə dəstək verməkdə davam edir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb.

Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.