192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Abbas Hüseynova yeni cinayət işi açılıb
2019-01-15 17:51:00

“Nardaran məhbusu” Abbas Hüseynovun Qobustan həbsxanasında döyülüb başqa yerə aparılması xəbərinin ardından onun haqqında yeni cinayət işi başlanması barədə məlumat yayılıb. Meydan TV-yə daxil olan məlumatda bildirilir ki, A.Hüseynov tək deyil, onunla birlikdə daha bir neçə nəfər “Nardaran məhbusu”nun haqqında yeni iş başlayıb. Onların hamısı saxlandıqları cəzaçəkmə yerlərindən 1 saylı Bakı istintaq təcridxanasına köçürülüblər.

Sosial şəbəkələrdə A.Hüseynovun DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Bakı istintaq təcridxanasına aparılması barədə fərqli məlumatlar yayılıb.
A.Hüseynovun anası Rəhimə Hüseynova Meydan TV-yə bildirib ki, hazırda Kürdəxanıda – Bakı İstintaq Təcridxanasındadır. Onun sözlərinə görə, oğlunun təcridxanaya gətirilib orada saxlandığını təsdiqləyiblər. Lakin hələ A.Hüseynovun hansı səbəbdən gətirildiyi, haqqında başlanmış yeni cinayət işi, nədə ittiham olunması barədə heç bir məlumat verilməyib.

A.Hüseynovla yanaşı, təcridxanaya köçürülən digər məhbusların da kimliyini öyrənmək hələlik mümkün olmayıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da bu barədə məlumat verməkdən imtina edib. O, Nardaran məhbuslarının təcridxanaya köçürülməsi barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

“Qanunvericilik məhkumun saxlanma yerini açıqlamağı qadağan edir”, - Mehman Sadıqov Azadlıq Radiosuna belə deyib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə yanvarın 14-də ailə üzvləri ilə telefon danışığı zamanı A.Hüseynovun həbsxanada döyüldüyünü, qan içində aparıldığını bildirmiş və bu haqda onun ailəsinin, ictimaiyyətin məlumatlandırılmasını istəmişdi.
İlahiyyatçının bildirdiyinə görə, bu hadisə Qobustan həbsxanasında yanvarın 13-də baş verib.

A.Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində T.Bağırzadə və digərləri ilə birlikdə həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseynov 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.