192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Parlamentinə 'Azərbaycanda insan haqlarının pozulmasına' dair qətnamə layihəsi təqdim olunub
2019-01-17 14:08:07

Azadlıq Radiosunun xəbərinə görə, Avropa Parlamenti bloqqer Mehman Hüseynovun işi ilə bağlı qətnamə layihəsi barədə təklifin müzakirəsinə başlamaq niyyətindədir.

“Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsi yanvarın 17-də Bakı vaxtilə saat 15:00 radələrində başlanmalıdır.

Qətnamə layihəsində Azərbaycan hökumətinə Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad olunmasına, habelə ona qarşı bütün yeni ittihamlara xitam verilməsinə, habelə ona lazımi peşəkar tibbi yardımın göstərilməsinə çağırış edilir.

Qətnamə layihəsində habelə "Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunması istənir".

Sənəddə siyasi məhbus adlandırılan Əfqan Muxtarlının, İlkin Rüstəmzadənin, Rəşad Ramazanovun, Seymur Həzinin, Qiyas İbrahimovun, Mehman Hüseynovun, Bayram Məmmədovun, Araz Quliyevin, Tofiq Həsənlinin, İlgiz Qəhrəmanovun, Əfqan Sadıqovun adları xüsusi vurğulanır, onlara qarşı da bütün ittihamların ləğvinə çağırış edilir.

Qətnamə layihəsində Azərbaycanda bir sıra tanınmış insan haqları müdafiəçilərinin, jurnalistlərin, müxalifətçi və fəalın son illərdə həbsxanadan azad edilməsi təqdir olunur, lakin bildirilir ki, İlqar Məmmədov, İntiqam Əliyev, Xədicə İsmayılova və başqalarının hərəkət azadlığının məhdudlaşdırılmasına son qoyulmalıdır.

Qətnamə layihəsində Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərinə əməl etməsinə çağırış edilir.

Bu mənada Avropa İnsan Haqları Məhkəməsi hökmlərinə tam ehtiram göstərilməsi və onların icrası istənir.

Vətəndaş cəmiyyəti qruplarının maliyyələşdirilməsi

Layihədə bu da deyilir ki, Azərbaycan Avropa Şurası Venesiya Komissiyası və insan haqları komissarı ilə əməkdaşlıq etməli, onların tövsiyələrinin icrasına çalışmalıdır.

Bu tövsiyələrdə müstəqil vətəndaş cəmiyyəti qruplarının və fəallarının azad və məhdudiyyətsiz fəaliyyətinin təmin olunmasına və vətəndaş cəmiyyətinin maliyyələşdirilməsinə sərt məhdudiyyətlər qoyan qanunlara düzəliş edilməsinə çağırış edilir.

Qətnamə layihəsi Azərbaycan hakimiyyətini mətbuat və media azadlığına ehtiram göstərməyə çağırır.

Vəkillər Kollegiyasının müstəqilliyi

Sənəddə habelə Vəklillər Kollegiyasının icra hakimiyyətindən müstəqilliyinin təmin olunmasına çağırış edilir və müstəqil vəkillərin fəaliyyətlərinə imkan verilməsi, vəkillərin qanunsuz diskvalifikasiya edilməsinə son qoyulması tələb olunur.

Qətnamə layihəsində habelə Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinə, habelə Azərbaycanda insan haqları pozuntularının gizlədilməsi məqsədilə Avropa rəsmilərinə təsir göstərilməsinə dair iddialarla bağlı narahatlıq ifadə olunur.

Avropa İttifaqı-Azərbaycan sazişi

Sənəddə Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin mühümlüyü bir daha vurğulanır, lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi yeni sazişin özəyini təşkil etməlidir.

Bu məqsədlə qətnamə layihəsində Avropa Şurasına, Avropa Komissiyasına Avropa İttifaqı-Azərbaycan münasibətlərində Mehman Hüseynovun və bütün başqa siyasi məhbusların azad olunması məsələsinin prioritet olaraq saxlanmasına çağırış edilir.

Qətnamə layihəsi Avropa İttifaqının və onun üzvü olan ölkələrin Azərbaycandakı nümayəndələrinə siyasi məhbuslara, jurnalistlərə və bloqqerlərə, antikorrupsiya fəallarına, insan haqları müdafiəçilərinə və vətəndaş cəmiyyəti üzvlərinə dəstək səylərini ikiqat artırmaq çağırışı edir.

Layihədə son olaraq bu qətnamənin Avropa Şurasına, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinə, Avropa Komissiyasına, ATƏT-ə, habelə Azərbaycan hökuməti və parlamentinə göndərilməsi rica edilir.