192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hakimiyyət birdən-birə Mehman Hüseynovun gənc olduğunu və humanizm prinsiplərini yadına salıb
2019-01-22 12:09:04

Azərbaycanda hökumətyönlü saytlar yanvarın 21-də günün ikinci yarısında həbsdə olan bloger Mehman Hüseynovun dövlət başçısına müraciətini dərc edib.

Blogerin adından dərc edilmiş bu mətndə deyilir ki, cəzasını çəkdiyi müddət ərzində onunla cəzaçəkmə müəssisəsinin əməkdaşları arasında heç bir xoşagəlməz hadisə olmayıb.

"Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam", deyə mətndə bildirilir.

Daha sonra mətndə deyilir: "2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə bu tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq".

Öz növbəsində, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Turan agentliyinə blogerin məktubu cəzasını çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə göndərdiyini təsdiq edib.

Bazar ertəsi dövlət başçısının hüquq-mühafizə və hərbi məsələlər üzrə köməkçisi Fuad Əsəsgərov hakimiyyətin Mehman Hüseynovu azad etməyə hazır olduğuna, daha dəqiq desək, ona qarşı yeni cinayət işinin açılmayacağına işarə edib.

Mehman Hüseynovun onun işində ədalətin bərpa edilməsilə bağlı dövlət başçısına müraciət etdiyini xatırladan F.Ələsgərov bildirib ki, hüquq müdafiəçilərindən ibarət qrup da analoji müraciət edib.

"Hörmətli prezident Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib ki, məhkumun gənc olduğunu, iki ilə yaxın həbs cəzası çəkdiyini, onun ailə vəziyyətini və yaşlı atasını nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipi ön plana çəkilsin, obyektiv və ədalətli istintaqın aparılması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilsin", - F.Ələsgərov qeyd edib.

F.Ələsgərovun dediklərindən belə nəticəyə gəlmək olar ki, blogerə qarşı yeni cinayət işi bağlanacaq. "Döyülən" nəzarətçi Əli Abdalov Mehmanın gənc olmasını nəzərə alıb onunla barışacaq. Döyülmənin şahidləri isə bildirəcəklər ki, heç nə baş verməmişdi.

Məntiqlə bu, cinayət işini qaldırmış prokurorun və 14 saylı koloniya rəhbərliyinin işdən kənarlaşdırılması ilə başa çatmalıdır. Çünki onların günahı üzündən ölkə rəhbərliyi dünyanın hər tərəfindən görünməmiş tənqidlərə məruz qalıb, cəmiyyətdə etiraz əhval-ruhiyyəsi yaranıb.

Ancaq ən maraqlısı prokurorun və nəzarətçinin durumu deyil, dünənə qədər "Mehman öz hərəkətinə görə cavab verməlidir, heç kim Bakıya təzyiq göstərə bilməz və göstəriş verə bilməz" deyən "hüquq müdafiəçiləri"nin, "jurnalistlər"in və hakimiyyətin qulluğunda duran xadimlərin düşəcəyi durumdur.

Mehman Hüseynovun vəkili Fuad Ağayev Meydan TV-yə müraciətdən xəbərsiz olduğunu deyib. Digər vəkil Şəhla Hümbətova isə ölkədən kənarda olduğundan telefona cavab verməyib. Atası Rafiq Hüseynov da BBC-Azərbaycancaya müraciətdən xəbərsiz olduğunu deyib.