192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi: "Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam"
2019-01-22 14:16:43

“AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq və reallıq hissini itirərək, xalqın adından danışmaq səlahiyyətlərini üzərlərinə götürüb hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar”.

Bu sözləri “Report”a müsahibəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib. O, müxalifətin ünvanına tənqidi fikirlər söyləyib və deyib ki, növbəti mitinqin qarşısını almağa çalışacaq:

“Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”.

Mirqafar Seyidovun açıqlamasını Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli xatırladıb ki, Azərbaycan konstitusiyasında hər kəsin sərbəst toplaşmaq hüququ var:

“Əgər söhbət sərbəst toplaşmaq hüququndan, dinc askiyadan gedirsə, siyasi partiyalar da dövlət qeydiyyatından keçiblərsə, onlar hər hansı terror və sair hərəkətlərə qoşulmadığı halda təşkilatların ictimai asayişi pozacaq davranış olacağını düşünmək yersizdir”.

Ələsgər Məmmədlinin sözlərinə görə, güc strukturları müraciətlər zamanı kriminogen vəziyyət, baş verə biləcək və ya ola biləcək durumu araşdırırlar, buna uyğun şəkildə də müvafiq qurumlara raport hazırlayırlar. Bu zaman güc strukturları obyektiv olmalıdırlar. İstənilən halda əməliyyat məlumatları da varsa, onları ictimaiyyətə də təqdim etməlidirlər, sadəcə, “biz uyğun görmürük” demək, hüququ məhdudlaşdırmaq üçün yetərli deyil.

“Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına qoşulub, 11-ci maddə bilavasitə birləşmək və sərbəst toplaşmaq azadlığını tənzimləyir. Dövlət qurumları, o cümlədən, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti birmənalı olaraq gəldikləri nəticəni demokratik cəmiyyət testində əsaslandırmalıdırlar ki, nəyə görə bir hüququn icrasının dayandırılmasını düşünürlər. Bunun hansı qanuni mənafeyə söykəndiyini açıq şəkildə cəmiyyətə inandırmalıdırlar,” – deyə hüquqşünas vurğulayıb.

Ələsgər Məmmədli Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin asayişin pozulması barədə fikirlərini belə şərh edib:

“Bilirsiniz, asayişi pozmaq niyyəti qeyri-müəyyən ifadədir. Dinc aksiya keçirib, Azərbaycan bayrağını dalğalandırıb, şüar səsləndirmək asayişin pozulma deyil. Asayişin pozulması qırıb dağıtmaq, xalqın malına, mülkinə zərər vermək, silahlı çağırış etmək və sairdir. Sual yaranır; cənab rəis, adamların ağlından keçəni oxumusanmı? “Niyyət pisdir” demək yetməz. Sabah hökumət Avropa Məhkəməsində bu məsələni əsaslandıra bilməyəcək. Sual verəcəklər ki, polis bu qənaətə haradan gəlib, hansı hadisə olmuşdur ki, belə qənaət yaranıb. Sadəcə, “biz mitinqin keçirilməsini uyğun görmürük” söyləmək yetərli deyil”.

Milli Şura yanvarın 19-da “Məhsul” stadionunda bloger Mehman Hüseynov da daxil olmaqla siyasi məhbuslara azadlıq şüarı ilə mitinq keçirib.

Növbəti mitinq yanvarın 26-na təyin olunub.