192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bundestaq "Azərbaycan qalmaqalı" ilə bağlı deputatı cəzalandırıb
2019-01-31 13:34:20

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Huq Uilliamson təşkilatın saytında dərc olunmuş məqaləsində Almaniya parlamenti Bundestaqın kansler Angela Merkelin mənsub olduğu Xristian Demokrat İttifaqı (CDU) partiyasının üzvü, 2009-cu ildən millət vəkili Karin Strenzin cəzalandırılmasından yazıb.

Müəllif qeyd edir ki, deputat Azərbaycan və onlarca Avropa siyasətçisi arasında 2,9 milyon dollarlıq rüşvət qalmaqalındakı roluna görə töhmət alıb.

Huq Uilliamson yazır ki, Karin Strenz Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə baxmayaraq, rəsmi Bakını müdafiə etmək kimi bir reputasiyaya malikdir.

Məqalədə deyilir ki, bu, 2017-ci ildə açılıb. Məlum olub ki, xanım Strenz Avropa Şurası Parlament Assambleyasında (AŞPA) 2012-2014-cü illərdə Azərbaycan hökumətindən pul və hədiyyələr alan üzlərin arasında olub.

Huq Uilliamson xatırladır ki, məhz həmin dövrdə AŞPA Azərbaycanda siyasi motivli həbslərlə bağlı həlledici qətnaməni rədd edib.

Məqalədə deyilir ki, Strenz “Azərbaycanın pulyuyan maşını” adlı qalmaqal qopandan bir neçə ay sonra Xristian Demokrat İttifaqının AŞPA-dakı nümayəndə heyətindən xaric edilib.

Bu il yanvarın 18-də nəhayət, Bundestaq bu məsələyə baxıb və xanım Strenzin kənar gəlirlərin bəyan edilməsinə dair parlament qaydalarını pozduğu barədə qərar qəbul edib. Bu barədə Almaniya mediası, o cümlədən Spiegel yazıb.

Strenz parlamentin qərarını qəbul etdiyini desə də, buna çox etinasız reaksiya verib: “Bəllidir ki, maşını düzgün park etməyəndə, cərimə qəbzi alırsan.”

Bununla belə millət vəkilini çox ciddi cəza gözləyir. İndi o, 60 min avro məbləğində cərimə oluna bilər. CDU və onun koalisiya müttəfiqi Sosial Demokrat Partiyasından olan millət vəkilləri Karin Strenzin deputat mandatından məhrum edilməsinə çağırıblar.

Bundestaq üzvlərindən Frank Şvabe bu barədə Twitter-də yazıb: “Azərbaycan hökumətini təmizə çıxarmaq, seçki monitorinqi ilə manipulyasiya etmək, yalan danışmaq və eyni zamanda varlanmaq maşını düzgün park etməməklə eyni əməl deyil.”

Huq Uilliamsonun fikrincə, Bundestaq xanım Strenz barədə ölçü götürməkdə bəlkə də ləngiməyə yol verib, lakin o bütün başqa milli parlamentlərdən daha cəld tərpənib. Beləliklə Strenz Azərbaycandan pul almasının siyasi nəticələri ilə üzləşən ilk millət vəkili olub.

Məqalədə deyilir ki, AŞPA özünün 16 keçmiş üzvünü Strasburqdakı qərargahından xaric edib, amma Avropanın aparıcı insan haqları qurumu olan Avropa Şurasının əsasını sarsıtmış bu siyasətçilərlə bağlı mahiyyət etibarilə ciddi nəsə baş verməyib.

Sonda Huq Uilliamson ümid etdiyini yazır ki, İspaniya, Belçika və üzvlərinin bu qalmaqalla qarışacağı olan başqa parlamentlər də tezliklə Bundestaqdan nümunə götürəcəklər:

“Bu, Azərbaycanda, bütünlüklə Avropada insan haqlarının müdafiəsinə qalxmaq məsələsidir” , məqalədə qeyd edilir.