192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ASTNA: Əsasların böhranı: iqtisadiyyat və informasiya
2019-01-31 15:09:31

Bəhanədən səbəbə doğru

2018-ci ilin sonlarında cəzaçəkmə müəssisəsində saxlanılan bloger Mehman Hüseynova qarşı yeni cinayət işinin ortaya çıxardığı son siyasi hadisələr hakimiyyət-cəmiyyət münasibətlərində ciddi tektonik dəyişiklikləri üzə çıxardı. Bu təzahürün əsas fərqləndirici xüsusiyyəti İnternetin gücünün və təsirinin artmasının və rəsmi dövlət təbliğatının insanların fikirlərinə informasiya təsirinin itirilməsinin nümayişi oldu.

Xüsusən, kütləviliyinə və vətəndaşların iştirakına və emosionallığına görə son 14 ilin aksiyalarından xeyli fərqlənən müxalifətin 19 yanvar mitinqini qeyd etmək olar. Hökumət əleyhinə sonuncu geniş miqyaslı aksiya 2005-ci il noyabrın 26-da parlament seçkiləri zamanı qeydə alınmışdı.

Hazırki mitinq müxalifət tərəfindən çağırılsa da, onda əvvəllər siyasi mübarizəyə cəlb edilməmiş insanlar da iştirak etdi. Bu, mövcud vəziyyətdən narazı olan vətəndaşların birliyinin nümayişi idi. İnsanları müxalifətin çağırışına hay verməyə vadar edən səbəbləri aşkar etmək məqsədilə mitinq iştirakçılarının kütləvi şəkildə polisə çağırılması buna dəlalət edir.

Göründüyü qədər, məhz bu profilaktik söhbətlər müxtəlif səbəbli (işsizlik, az qazanc, hüquq pozuntuları və s.), amma hakimiyyətə qarşı vahid etiraz meylinin birləşdirdiyi etiraz əhval-ruhiyyəsinin mövcudluğunu üzə çıxardı. Və bunun nəticəsi olaraq, hakimiyyət etiraz hərəkatının artan xətlə inkişafından ehtiyatlanaraq, müxalifətin növbəti aksiyalarının keçirilməsinə icazə verməmək məcburiyyətində qaldı. Baxmayaraq ki, müxalifətin növbəti mitinqinin keçirilməsindən imtina haqqında rəsmi bəyanat onun kütləvi tədbirdə vəziyyətə qanun çərçivəsində nəzarət etmək iqtidarında olmaması ilə əlaqələndirilib.

Etiraz əhval-ruhiyyəsinin artmasının səbəbləri

Narazılığın artmasının əsas katalizatoru, şübhəsiz ki, hakimiyyətin vəd etdiyi ağır vəziyyətdən tezliklə çıxış ümidlərini alt-üst edərək, əsassız olaraq uzanan sosial-iqtisadi böhrandır. Açıq formada 2015-ci ilin martında manatın devalvasiyası ilə başlayan böhran hələ də aradan qaldırılmayıb, çünki onun aradan qaldırılması üçün operativ tədbirlər görülməyib. Yalnız 2018-ci ildə bəzi tərpənişlər başladı, amma onlar qeyri-ardıcıl xarakter daşıyır və kompleks şəklində deyil. İlkin ehtiyac mallarının qiymətinin artması (40% artım), idxaldan yüksək asılılıq şəraitində (məsələn, süd idxalı 2 dəfə, ət idxalı 4 dəfə və s. artıb) iki dəfə devalvasiyaya uğramış (2,16 dəfə) manatın alıcılıq qabiliyyətinin azalması ilə birlikdə iqtisadiyyatda durğunluqla əlaqədar (ÜDM artımı neft sayəsində 1,4% təşkl edib) əhalinin, demək olar ki, bütün təbəqələrinin həyat səviyyəsinin düşməsi (əhalinin orta nominal əmək haqqı 542 dollardan 224 dollara düşüb) davam edib. Bu, cəmiyyətin öz sosial-iqtisadi və siyasi hüquqları uğrunda mübarizədə fəallaşması üçün əsas səbəb olub. Məhz məhkumluq və ümidsizlik etiraz əhval-ruhiyyəsini əsaslandıran amilə çevrilir.

İnformasiya ilə özünütəşkil

Azərbaycanda istifadəçisi 8 mln. olduğu deyilən internet, 3 mln. istifadəçisi olan sosial şəbəkələr etirazçı elektoratın artmasının informasiya katalizatoru olub. Proletariat inqilabının klassiki Vladimir Leninin qəzetin rolu haqqında dediklərini bir qədər dəyişdirərək, belə demək olar: "İnternet təkcə kollektiv təbliğatçı və kollektiv təşviqatçı deyil, həm də kollektiv təşkilatçıdır". TV və mətbuatı geridə qoyan bu ən kütləvi informasiya meydanı hakimiyyətin məhdud nəzarəti altında (baxmayaraq ki, hakimiyyət uğursuz şəkildə internetə nəzarət etməyə çalışır) inkişaf edən yeganə interaktiv kommunikativ vasitədir. İnformasiya şəbəkəsinin üç mühüm tərkib hissəsi: 1) nəzarət olunan və olunmayan müxtəlif informasiya axınları vətəndaşların müxtəlif mənbələr əsasında az-çox obyektiv baxışlarını formalaşdırmasına imkan verir. Kim, harada, nə vaxt və niyə suallarına cavab axtaran istənilən mütəxəssis kimi. Dünya şəbəkəsi interaktiv informasiya mübadiləsi aparmağa və bununla da, informasiya istifadəçilərinin, istehsalçılarının və yayıcılarının birgə hərəkatına çevrilməyə imkan verir. 2) İnformasiya məhsullarını istehsal etmək və internet təbliğatçılarının bir hissəsi olmaq qabiliyyəti. Kütləvi əhval-ruhiyyə yaratmaq və yaymaq, tətbiq etmək qabiliyyəti. Daxili etirazın məqsəd və istiqamətlərini işləyib hazırlamaq qabiliyyəti. 3) Və nəhayət, kollektiv addımların məqsəd, vəzifə və zərurətinin səlis şəkildə başa düşülməsi informasiya ictimaiyyəti iştirakçılarını vitual dünyadan kənarda - meydanlarda, küçələrdə real addımlara keçməyə vadar edir.

Bumeranq effekti

Azərbaycanın informasiya ictimaiyyətinin inkişafının gedişatına nəzər salsaq, hakimiyyətin əvvəlcə çap mətbuatının, daha sonra kütləvi informasiya vasitələrinin etik-hüquqi norma çərçivələrini necə metodik şəkildə məhv etdiyini müşahidə etmək olar. Hakimiyyət inernetöncəsi dövrdə birtərəfli qaydada öz düşmənlərinin nüfuzdan salma, qara piar, təhqir yolu ilə məhvi qadağasını aradan qaldırıb. Bu təcrübə internetin inkişafı dövründə də yayılıb, bu da onun əleyhdarlarının cavab addımlarını təşviq edib. Dünya şəbəkəsi buna imkan yaradırdı. İllərlə mövcud olan prezidentin və vəzifəcə bir pillə aşağı olan digər məmurların təhqir edilməsi qadağası norma olmaqdan çıxdı, bu da onların toxunulmazlıq statusunun devalvasiyasına səbəb oldu. Və bu qavrayış təkcə əhalini deyil, dövlət maşınının özünü də əhatə edir, burada "böyük-kişik" iyerarxiyası prinispi ilə qurulmuş sistemi dağılmağa başlayır. Dövlət başçısının imicinin devalvasiyası avtomatik olaraq dövlətin, özü də avtoritar dövlətin devalvasiyasına aparıb çıxarır. Son müşahidələr göstərir ki, etirazçı əhval-ruhiyyə dövlət başçısının imicinin və dövlət sisteminin devalvasiyasına yönəlmiş informasiya hərəkatının inkişafına paralel olaraq artır. Dövlətin təbliğat maşınının informasiya ictimaiyyətinə qarşı qoya biləcəyi çox az şey var. Bu, hökumətyönlü informasiyaya etimadın birbaşa hakimiyyətə etimadla bağlı olması ilə əlaqədardır, hakimiyyətə etimad isə göz önündə tükənir.

Daxili komponent

Hakimiyyətdaxili mübarizə vəziyyəti ağırlaşdırır, son təmayüllərdən göründüyü kimi, burada hakimiyyət prezidentin əlində cəmləşir və məmur oliqarxiyası zəifləyir. Bu günə qədər Əliyevin ardıcıl təşəbbüsündən və əhatəsindəki köhnə insanlarla mübarizəsinin uğurlarından danışmaq olardı, amma prosesin informasiya və mitinq komponentləri klanların artan müqavimətini göstərdi. İnformasiya mübarizəsinin iştirakçılarına hər iki tərəfdən baxdıqda cəmiyyətin infromasiya cəhətdən pozulmasının və prezidentin imicinin sarsılmasının katalizatorlarının əsasən klanlara məxsus şəxslər, daha az səviyyədə isə klandan kənar fəaliyyət göstərən şəxslər olduğunu görmək olar. İlk baxışda bu, müxtəlif baxışlar, mədəniyyətlər arasında mübarizədir, amma reallıqda bu, ilk növbədə Birinci şəxsə və ikinci növbədə məmur oliqarxlara qarşı etirazçı əhval-ruhiyyənin fokuslanmasıdır.

Xarici amil

Beynəlxalq demokratik dairələrin Əliyev administrasiyasına güclü siyasi təzyiqində özünü göstərən Mehman Hüseynovu güclü müdafiə sistemi xarici qüvvələrin birləşdiyini nümayiş etdirdi. Rejimə həm Hüseynov və digərləri ilə bağlı Qərb tərəfindən, həm də erməni əsilli Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsini informasiya məkanına atan Rusiya tərəfindən təzyiq göstərilirdi. Bu duplet təzahürü rejimin uzunmüddətli qeyri-müəyyənliyinin nəticəsi kimi də qiymətləndirmək olar. Rejim əvvəlcə Avropa istiqamətində hərəkatın sürətini azaltdı və faktiki olaraq, onu böhran həddinə çatdırdı, bu böhran özünü 2015-ci ildə başlamış iqtisadi böhranla paralel olaraq büruzə verdi. Qərblə qarşıdurması şəraitində Rusiyanın da hakimiyyətə təzyiqini rəsmi Bakı üçün Avropayönlü hərəkatın sürətləndirilməsi zərurəti haqqında siqnal kimi qiymətləndirmək olar. Nə qədər qəribə də səslənsə, Gürcüstan, Ukrayna, Ermənistanda dövlət böhranları zamanı belə duplet təzahürlər artıq özünü göstərib və siyasi dekorasiyaların dəyişməsinə və Avropayönlü inteqrasiyanın sürətlənməsinə gətirib çıxarıb. Bizdə bu proses daha da uzandığı təqdirdə rejimə beynəlxalq xarakterli növbəti xoşagəlməz vəziyyətlər yarana bilər.

Beləliklə

Deyilənlərə yekun vursaq və

Azərbaycanda iqtisadi böhranın mövcud olduğunu, etirazçı informasiya ictimaiyyətinin formalaşdığını, hakimiyyətin transformasiyasının uzandığını, hakimiyyətdaxili mübarizənin etirazçı informasiya ictimaiyyətinə söykəndiyini, xarici qüvvələrin gözləməkdən yorulduğunu və etirazçı informasiya itcimaiyyətindən istifadə etməyə hazır olduğunu qeyd etsək, belə bir nəticəyə gəlmək olar ki, bütün bu amillər bu gün inqilabi nəticələrə aparıb çıxaran real siyasi proseslərin əsas komponentləridir.

ASTNA.biz