192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda jurnalistlərə qarşı ittihamlar əsaslıdırmı?
2019-02-01 12:39:44

Halid Ağaliyev, mediekspert - Turan: "Azərbaycanda iki tanınmış jurnalist həbs təhlükəsi ilə üz-üzədir. Söhbət bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə və kriminal.az saytının baş redaktoru Anar Məmmədova açılmış cinayət işindən gedir. Həmin cinayət işi üzrə bir neçə həftə əvvəl başlamış məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə ittihamları təsdiqləsə, jurnalistlər 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.

İttihamların məzmunu

2018-ci ilin ortalarında Mingəçevirdəki elektrik stansiyalarından birində qəza baş vermiş, nəticədə az qala bütün ölkə elektriksiz qalmışdı. 2018-ci ilin iyulunda isə Gəncə şəhərində şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilmişdi. Hər iki olay aylarla medianın müzakirə etdiyi əsas mövzulardan oldu. Təkcə yerli media deyil, beynəlxalq media quruluşları da bu mövzulara mütəmadi yer verdilər. Həmin olaylar zamanı rəsmi açıqlamalarda ziddiyətlər vardı, bir qurumun verdiyi açıqlama bəzi hallarda digər əlaqəli qurumun açıqlaması ilə uyuşmurdu.

Bəzi medialar böyük ictimai əks-səda doğuran həmin iki olayın fonunda diqqəti əlaqəli başqa problemlərə də yönəltdilər. Məsələn, Gəncə olayları zamanı şəhər adminstrasiyasının hadisəyə qədərki fəaliyyətinin məzmunu da müzakirə predmetinə çevrildi. Eyni zamanda enerji sektoru infrastrukturunun durumu Mingəçevirdəki qəzanın fonunda çək-çevir edilməyə başlandı. Medianın belə yanaşması doğal idi, əslində bu, media fəaliyyətinin təbiətidir.

bastainfo.com və kriminal.az saytları da qeyd edilən olayları işıqlandırıblar. Ancaq söyləmək də olmaz ki, bu saytlar həmin olaylarla bağlı xüsusi bilgi qaynağı rolunu daşıyıblar. Loru dildə desək, "hamı necə, biz də elə" (kontrolda olmayan medialar cərgəsində) axarında çalışıblar. Məhz həmin vaxtlarda yayılan yazıların bir qismi jurnalistlərə qarşı açılmış cinayət işinin əsasını təşkil edir. Saytların rəhbərlərinə qarşı ittihamda 5 yazıdan söhbət gedir. Həmin yazıların isə 4-ü bu saytların öz məhsulu deyil, jurnalistlər məqalələri başqa medialardan götürüb, yayıblar. 1 yazını isə 2-3 il əvvəl başqa bir neçə medianın yaydığı xəbərlərin yenidən işlənmiş icmalı saymaq olar. Rəsmi ittihama görə, sözügedən məqalələr dövlət əleyhinə yönələn açıq çağırış məzmunlu olub (məqalələrin məzmununa və "dövlət əleyhinə yönələn açıq çağırış" ittihamına 2-ci yazıda toxunulacaq). Hər iki jurnalist həmin məqalələrin müəllifliyinə görə, "dövlət əleyhinə yönələn açıq çağırış" cinayətində, həmin məqalələri öz saytlarına daxil etdiklərinə görə isə "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərini aşma" cinayətlərində ittiham edilirlər.

Vəzifə cinayətləri və jurnalistlər

Bu yazıda sonuncu iki ittihamın - "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərini aşma" ittihamlarının əsaslı olub-olmadığına toxunulur ("dövlət əleyhinə yönələn açıq çağırış" ittihamına növbəti yazıda tpxunulacaq). Bunun üçün bu suala açıqlıq gətirmək kifayət edir - Bir məqalənin (zənn edək ki, qanunsuz əməllərə çağırış məzmunlu) xəbər saytına daxil edilməsi "vəzifə səlahiyyətlərini aşmaq" və "vəzifə saxtakarlığı" cinayəti sayıla bilərmi? Bu suala cavab vermək üçün Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrini geniş anlamda şərh etməyə lüzum görünmür. Çünki sualın cavabı elə həmin maddələrin mətnində göstərilib.

Öncə hər iki cinayət əməlinin anlayışına diqqət yetirək. Cinayət Məcəlləsinin vəzifə cinayətlərindən bəhs edən 33-cü fəslinin birinci - 308-ci maddəsinin "qeyd" bölməsində "vəzifəli şəxs"lərin çərçivəsi göstərilib. Onlar aşağıdakılardır:

hakimiyyət nümayəndələriyerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

Beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, yerli, xarici və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar da bu sırada sadalanır. Jurnalistlər bu sadalananlar sırasına daxil deyil.

Xəbər, məqalə hara, rəsmi sənəd hara?

Jurnalistlərin işində ortaya çıxan digər vacib sual xəbərin, məqalənin rəsmi sənəd sayıla bilib-bilməyəcəyi ilə bağlıdır. Bu suala cavab tapmaq üçün öncə "vəzifə saxtakarlığı" cinayətinin anlayışına yada salaq/ Əvvəldə də qeyd etdiyimiz kimi vəzifə saxtakarlığı dedikdə, vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusunun rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməsi, həmin sənədlərə və ya informasiya resurslarına onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi başa düşülür.

Hər bir cinayətin predmeti olmalıdır. Vəzifə saxtakarlığının predmeti rəsmi sənədlərdir. Söhbət hansı sənədlərdən gedir? Yaxud, nədir rəsmi sənəd?

Hüquqi əhəmiyyəti olan məlumatları və faktları təsdiq etmək üçün dövlət və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə orqanları tərəfindən verilən yazılı aktlar rəsmi sənədlərdir. Rəsmi sənədlər bir qayda olaraq özünəməxsus rekvizitlərə malik olur və müvafiq vəzifəli şəxs tərəfindən imzalanır. Məcəllədə aydın mətnlə yazılır ki, dövlət və ya özünüidarəetmə orqanı olmayan qurumlar tərəfindən verilən rəsmi sənədlər birmənalı olaraq, bu cinayətin predmeti ola bilməz.

Bizə həm də rəsmi sənədlərlə yanaşı, 313-cü maddədə qeyd edilən "informasiya resursu" ifadəsinin anlayışını da aydınlaşdırmaq gərəkldir. Nədir "informasiya resursu"?

Bu anlayış "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda izah edilib. Həmin qanun yazır ki, "informasiya ehtiyatları dedikdə, informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri başa düşülür.

Yuxarıda qeyd etdiklərimizdən çıxan aydın nəticələri qısaca aşağıdakı kimi ifadə edə bilərik.

- M.Hacıbəyli və Anar Məmmədlinin ittiham edildiyi iki maddənin - Cinayət Məcəlləsinin 309 və 313-cü maddələrində nəzərdə tutulan cinayətlərin subyekti yalnız vəzifəli şəxslərdir (yaxud dövlət qulluqçusu, yerli özünüidarə orqanı qulluqçusu). Ən azı M.Hacıbəyli və Anar Məmmədlinin işində jurnalistlər vəzifəli şəxs deyillər, hesab edilə bilməzlər.

- Jurnalistlərin ittihamdakı kimi vəzifəli şəxs, yaxud dövlət qulluqçusu, yerli özünüidarə orqanı qulluqçusu hesab edilməsi belə ittihamların əsaslılığına yetmir. Çünki, M.Hacıbəyli və A.Məmmədovu qeyd edilən iki maddə ilə ittiham etmək üçün həm də cinayətin predmeti olmalıdır. Yəni, jurnalistlərin "rəsmi sənədlər"i "informasiya resursu"nda yayması lazımdır. Cinayət Məcəlləsinin və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun işığında baxdığımızda isə nə jurnalist məqaləsi "rəsmi sənəd"dir, nə də xəbər saytı "informasiya resursu"dur".