192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azər Qasımlı: "Hesabatlarda Azərbaycanın avtoritar rejimdən yavaş-yavaş totalitarizmə keçidin başlandığı qeyd edilir"
2019-02-06 14:11:44

"Freedom House" təşkilatının son hesabatında Azərbaycan "qeyri-azad ölkələr" sırasında yer alıb. Məsələn, qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurslarından sui-istifadədən və həqiqi siyasi opponentlərin təqibindən, habelə birbaşa fırıldaqdan faydalanmaqla növbəti müddətə prezidentliklərini təmin ediblər.

AzadlıqRadiosu yazır ki, Azərbaycanda siyasi şərhçilər və hakimiyyətin tənqidçiləri hesabatda deyilənlərlə razılaşırlar. REAL Partiyası Ali Məclisinin başqanı Azər Qasımlının sözlərinə görə, adətən son 5 ildə qurumun hesabatlarında Azərbaycanda insan haqları və demokratiyanın durumunda böyük problemlərin olduğu, ölkənin geriyə getdiyi, avtoritar rejimdən yavaş-yavaş totalitarizmə keçidin başlandığı qeyd edilir.

"Bəzən bu həqiqətlər hesabatlarda əksini tapmasa da, biz Azərbaycanda yaşayırıq və bunları görürük. Fikirləşirəm ki, vəziyyət hesabatdakından da pisdir", Məclis başqanı bildirir.

"Turan" xəbər agentliyinin direktoru Mehman Əliyev Azərbaycanın həqiqətən də "azad olmayan ölkələr" sırasında durduğunu deyir. Onun qənaətincə, Rusiya ilə Azərbaycan eyni platformada duran, eyni vəziyyətdə olan iki ölkədir.

"Söz, ifadə azadlığı ilə bağlı qanunvericilik bazasına baxsaq, Azərbaycan çox vaxt Rusiyanın hüquqi bazasından, eləcə də onun təcrübəsindən istifadə edir. Bu, reallıqdır. Rusiya bizi çox şeydə "qabaqlayır". Rusiya interneti yetərincə məhdudlaşdıran qanunlar hazırlayıb, o, hələ bizdə yoxdur. Amma beynəlxalq donorların ölkədən çıxarılması, vətəndaş cəmiyyəti və söz azadlığı fəallarına nəzarət, təzyiqlər, medianın maliyyə qaynaqlarını əldə saxlamaq və bu yolla idarə etmək istiqamətində eyni addımlar atılır. Düzdür,

Rusiyada Azərbaycandakı kimi KİV-ə Dəstək Fondu yoxdur, amma media müxtəlif yollarla dövlət tərəfindən maliyyələşdirilir və idarə olunur. Rus mətbuatında da "nəyi danışmaq olar, nəyi yox" kimi çərçivə var, televiziyalarda müstəqil simaların görünməsi problemdir. Onlarda da daha çox sosial şəbəkələrdə insanlar nəsə deyə bilir. Yəni, oxşarlıq çox böyükdür", Mehman Əliyev iki ölkə arasında paralel apararkən bildirir.

"Çox təəssüf ki, bu, hesabat reallığa cavab verən sənəddir", Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir.

"Azərbaycanda insan haqlarının pozulması nəinki total xarakter alıb, insan haqlarının pozulması hakimiyyətin mahiyyətinə çevrilib, hakimiyyəti qorumaq, davam etdirmək və ötürmək metoduna çevrilib", o əlavə edir.

REAL Ali Məclisinin başqanı Azər Qasımlı isə, bu qənaətdədir ki, Rusiya ilə müqayisədə Azərbaycanda durum qat-qat pisdir. O, fikrini əsaslandırmaq məqsədilə Azərbaycanda Rusiyadan fərqli olaraq müxalif düşüncəli şəxslərin parlamentdə təmsil edilmədiyini bildirir: "Düzdür, kommunist partiyası olan LDPR də sistemdaxili partiya, siyasi təşkilat olsa da, ancaq açıq şəkildə prezident Putini, iqtidarı, icra orqanlarını ara-sıra tənqid edir. Bizdə belə deyil, fərqli partiyaların üzvləridir, amma parlamentdə yox kimidirlər. Bizdə parlamentdə oturan partiya sədrlərini KPRF və ya LDPR ilə müqayisə etmək mümkün deyil. İkincisi, yerli özünü idarəetmə məsələsində də Azərbaycan Rusiyadan çox geridə qalır. Məsələn, bir sıra böyük şəhərlərdə bələdiyyə sədrləri müxalifət partiyalarının üzvləridir. Bizdə bələdiyyə səlahiyyətsiz, saxta seçkilər vasitəsilə seçilən qurumdur, Rusiya ilə müqayisədə durum daha acınacaqlıdır".

Azər Qasımlı Rusiyada Azərbaycandan fərqli olaraq müxalifət liderlərinin televiziya və radiolara çıxmaq imkanı olduğunu, bu ölkədə minlərlə müxalifyönlü çap mediasının mövcudluğunu qeyd edir. Bundan başqa, Müsavat Partiyası istisna olmaqla, aparıcı müxalifət partiyalarının qərargahlarının olmadığını, bir konfrans və ya qurultay keçirməyə yer tapa bilmədiklərini bildirir. Bu səbəbdən də Azərbaycanla Rusiyanın da avtoritar ölkələr olduğunu söyləsə də, Azərbaycanın daha çox geridə qaldığını, insan haqları və demokratiya sahəsində durumun qat-qat pis olduğunu düşünür.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət İbrahimqızı beynəlxalq təşkilatların Azərbaycana qarşı qaralama kampaniyası apardıqlarını bildirir. "Azərbaycanın imicini korlamaq üçün belə hesabat hazırlayırlar", deyən deputat tənqidlərlə razılaşmır.

O, ötən həftə "Transparency International"ın açıqladığı hesabatın nəticələrinə də toxunur. Həmin sənədə görə, Azərbaycan korrupsiya ilə mübarizədə 30 pillə geriləyib. M.İbrahimqızı isə Azərbaycan dövlətinin korrupsiya ilə mübarizədə ciddi iradə ortaya qoyduğunu deyir: "Korrupsiya dünyanın hər yerində var, amma o fonda Azərbaycana qarşı qaralama kampaniyası ilə razılaşmıram".

Hakimiyyətyönlü deputat Zahid Oruc "Freedom House" ​təşkilatı ilə Azərbaycan arasında münasibətin əvvəldən formalaşmadığını, o üzdən də tənqidin davam etdiyini söyləyir.

Deputatın qənaətincə, adıçəkilən qurum əvvəldən obyektivliyi əsas götürmədiyindən inersiya ilə ötən illərin hesabatlarına istinad edir və siyasi islahatları, antikorrupsiya tədbirlərini görmür.

O, adıçəkilən qurumun hesabatlarında son bir neçə ildə Azərbaycanın "azad olmayan ölkələr" sırasında yer almasını hakimiyyətin vaxtilə sərt addımlar atması ilə izah edir: "Demokratiyaya yardım adı altında bəlli şəxslərin, hərəkatların, beyin mərkəzlərinin müdafiə edildiyini, onları toxunulmaz kaskaya çevirdiyini görəndə Azərbaycanın dövlət başçısı sonrakı dönəmdə sərt addımlar atmağa başladı. Bu da Azərbaycan təhlükəsizliyini qorumaq məramı ilə edildi".

Deputat "Human Rights Watch", "Freedom House", "Amnesty International" kimi təşkilatların Azərbaycanda gerçəkləşdirilən islahatlarla bağlı dövlətə, dövlət rəhbərinə dəstək vermək niyyətində olmadıqlarını düşünür: "Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində uğur qazanmasını və tamam güvənilən ölkə meydana çıxmasını heç istəmirlər. Onların kriteriyalarına görə, parlamentin yarısı müxalifətçi olmalıdır, müxalifət mediasının meydanı geniş olmalıdır, hər hansı siyasi şəxs həbs edilməməlidir. "Freedom House"un görmək istədiyi mənzərə nə qədər Azərbaycanın maraqlarına uyğundur?".

"Freedom House"un hesabatında Azərbaycanla bağlı deyilənlərə, hələlik, rəsmi münasibət açıqlanmayıb. Amma hakimiyyət təmsilçiləri, bir qayda olaraq, ölkədə təməl hüquqların tam təmin olunduğunu deyir, insan haqları pozuntularına dair beynəlxalq tənqidləri qəbul etmirlər.