192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Minimum əmək haqqının artırılması xərcləri də artıracaq”- ekspertlərin şərhi
2019-02-11 15:37:16

Azərbaycan prezidenti İlham Əliyev fevralın 8-də minimum əmək haqqının martın 1-dən 130 manatdan 180 manata qaldırılması barədə sərəncam imzalayıb. Amerikaninsesi.org yazır ki, ekspertlər sərəncamı müsbət qarşılasa da fəsadlarının olacağını da bildirir.

“Minimum aylıq əmək haqqı yalnız gəlirləri deyil, xərcləri də artırır”. İqtisad elmləri doktoru Qubad İbadoğlu bu sözlərlə prezident İlham Əliyevin aylıq minimum əmək haqqının 180 manata qaldırlması ilə bağlı sərəncamına münasibət bildirib.

İbadoğlu hesab edir ki, martın 1-dən işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, pay torpağı olanların sosial sığorta ödəmələri də artacaq.

“Minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Əmək haqqı və pensiyaların artırılması istənilən halda təqdir olunur. Baxmayaraq ki, Azərbaycanda minimum aylıq əmək haqqı artandan sonra ABŞ-da 10 saatlıq ödənişə bərabər olacaq. Amma əsas diqqəti buna yox, minimum əmək haqqının artımının ikili təsirlərinə yönəltmək istərdim. Belə ki, minimum aylıq əmək haqqının məbləğinin martın 1-dən etibarən artımı bir tərəfdən maaşları 180 manatdan aşağı olan muzdlu işçilərə (əgər işdə qalarlarsa) ödənişlər minimum əmək haqqının yeni səviyyəsinə qaldırılacaq. Çünki, minimum əmək haqqının əsas funksiyası xüsusilə də ixtisassız işçiləri əsassız olan aşağı əmək haqqı ödənişlərindən qorumaq üçündür.”

Eksperin fikrincə, minimum aylıq əmək haqqının məbləğinin martın 1-dən etibarən artımı digər tərəfdən də işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, torpaq mülkiyyətçilərinin sosial sığorta ödəmələrini yüksəldəcək.

“Məsələn, Bakıda tikinti və ticarət sektorunda VOEN-lə fəaliyyət göstərən işçisi olmayan fərdi sahibkarlar sosial müdafiə fonduna martın 1-dək minimum əmək haqqının 50 faizi qədər - 65 manat, martın 1-dən 90 manat ödəməli olacaq. Gəncə və Sumqayıtda isə martın 1-dək 58,5 manat, martın 1-dən sonra isə 81 manat olacaq. Fərdi torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri də minimum əmək haqqının 6 faizi qədər sosial sığorta haqqı ödəməlidirlər. Məsələn, ailə kəndli təsərrüfatının üzvlərinin hər biri martın 1-dək 7,8 manat, martın 1-dən sonra sonra isə 10,8 manat ödəməli olacaqlar,” iqtisad elmləri doktoru facebook səhifəsində bildirib.

Natiq Cəfərli: "Azərbaycan 100 dollardan az minimum əmək haqqı olan ölkələrin siyahasından çıxacaq"

İqtisadçı ekspert Natiq Cəfərli yazır ki, prezident fərmanla minimum əmək haqqını 130 manatdan 180 manata qaldırdı, artım az qala 40% təşkil edir. Təbii ki, müsbət addımdır, amma bəzi başqa nüanslar var.

“Minimum əmək haqqının, əslində işə görünlər üçün də, işçilər üçün də ciddi əhəmiyyəti yox idi (bəzi hesablamalara təsir edirdi). Yeganə olaraq biznes rəsmi müqavilədə minimum əmək haqqından az maaş göstərə bilməzdi, zatən ölkədə heç kim özəl sektorda aylıq 130 manata çalışmırdı. "Qara maaş" çox olurdu, sadəcə rəsmiləşdirəndə 130 manat civarında müqavilə bağlayırdılar. Dövlət sektorunda isə bütün müqavilələr rəsmi idi və maaşlar 130 manatdan çox idi, indi 180 manatdan çox olacaq, yəni bunun dövlət sektorunda çalışanlara daha çox xeyri dəyəcək,” o qeyd edib.

Ekspert sual edir, `bəs əsas nüans nədir?`

“Məncə məsələyə bir az dərindən baxmaq lazımdır, Vergi Məcəlləsinə və İcbari Sosial Müdafiə ödənişləri qaydalarına edilən yeni dəyişikliklərə görə VÖEN-lə, və ya xidməti müqavilə ilə çalışanlar, fərdi sahibkarlar Dövlət Sosial Müdafiə Fondunna (DSMF) minimum əmək haqqının 20%-dən 50%-ə qədər (fəaliyyət növünə və yaşayış yerinə görə, formula uyğun) ödəməlidirlər. Minimum əmək haqqının ciddi artırılması yaxşı xəbər olsa da, DSMF-yə ödənişləri də artıracaq. Əslində DSMF çoxdan özünümaliyyələşməyə keçməli idi, yeyib-bitirdilərf fondu, buna imkan olmadı. Prezidentin bu gün verdiyi fərman fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq, amma kiçik biznesin üzərinə də əlavə yük gətirəcək.Qərarın daha bir əhəmiyyəti odur ki, başqa ölkələrlə müqaisəli statistikada vəziyyətimiz bir az yaxşılaşacaq, daha 100 dollardan az minimum əmək haqqı olan ölkələrin siyahasından çıxacağıq,” ekspert facebook səhifəsində yazıb.

İqtisadi Təhlil Institunun sədri Məhəmməd Talıblı: 2006-2018 illəri əhatə edən dövrlərdə hər il minimum əməkhaqqı təxminən ortalama olaraq 10-15 manat həcmində artıb. Minimum əməkhaqqının 2018-ci ildə 130 manatdan 180 manatadək (38,5%) artırılmasının yalnış təqdimatı gedir.

Minimum əməkhaqqı sadə vətəndaşların aylıq gəlirlərinin artımı deyil. Ayda ən aşağı səviyyədə rəsmi gəlir əldə edənlərin (işəgötürənlə işçi arasındakı əməkhaqqı) minimal həddi 180 manatdan az ola bilməyəcək. Bu əslində dövlər və özəl sektorun işəgötürdüyü işçiyə ən aşağı səviyyədə verməli olduğu minimum əməkhaqqının həddini ifadə edir. Orta statistik Azərbaycan ailəsinin bir ay ərzində aylıq kommunal xərclərinin məbləği həddində olacaq bu artıma görə sevinməli deyilik. Bayram ovqatını ifadə edən rəsmi məlumatlardan sonra bəlli oldu ki, minimum əməkhaqqının artımı 600 min insanı əhatə edəcək. Bunun 450 min nəfəri dövlət sektorunda, 150 min nəfəri isə özəl sektorda işləyənlərin əməkhaqqısında özünü göstərəcək. Deməli, büdcədən maliyyələşən 900 min işçinin tən yarısı 450 mini minimum əməkhaqqı alan vətəndaşdır.

Bu açıqlamanı verən dövlət qurumları özləri də bilmədən ölkədə yoxsulluğun real mənzərəsini etiraf etmiş oldular ki, ölkədə işləməyənlərdən kənarda aylıq gəliri 130 manat (76 dollar) səviyyəsində olan 600 min insan var. Bu isə o deməkdir ki, ölkədə 100 minlərlə vətəndaşın gündəlik gəliri 2,5 dollar imiş. Məlumat üçün bildirim ki, hazırda dünyada 2 ölkə yoxsulluğun mərkəzi hesab edilir. Konqo Demokratik Respublikası və Madaqaskar əhaliisinin 77% yəni, əksəriyyəti bir günə 2 dollardan az bir məbləğdə gəlir əldə edirlər. Bizdə minimum əməkhaqqı alanların gündəlik gəlirləri bu ölkələrdəki kritik yoxsulluq həddinə yaxındır.

Minimum əməkhaqları artırılmaya bilərdimi?

Mənim fikrimcə, 2 səbəbdən minimum əməkhaqqının artırılması qaçılmaz idi.

Birincisi, 600 min insanın rəsmi yoxsulluq zolağına düşməməsi üçün buna gedilməli idi. Çünki, bizim ölkədə rəsmi yoxsul insanlar o insanlar sayılır ki, onun aylıq gəliri 168 manatdan az olmasın. Bu baxımdan yanaşanda 600 min insan avtomatik olaraq yoxsul əhali qrupuna daxil edilmiş olacaqdı.

İkincisi, yaşayış minimumu və minimum əməkhaqqı arasında uyğunsuzlu baxımından bu mümkün ola bilməzdi. Belə ki, yeni büdcə ilindən ölkədə yaşayış minimumu 183 manat müəyyənləşdirilib ki, bu zaman onun qarşılığında ötən ilki səviyyədə və ya ondan bir az da artıq, məsələn 170 manat həcmində minimum əməkhaqqının müəyyənləşməsi mümkün ola bilməzdi. Ona ona yaxın və ondan yuxarı məbləğ müəyyənləşdirilməli idi. Bu isə Azərbaycanın sahib çıxdığı beynəlxalq konvensiyalara və sosial xartiyanın tələbələri baxımından qaçılmaz idi.