192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ekspert: '...Vətəndaşın evini yıxırlar'
2019-02-14 16:37:56

«İstər bank, istərsə də tikinti sektorunda korrupsiyanın kök salmasının iki əsas səbəbi var».

Bunu maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib. O, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərovun dünən, fevralın 13-də Facebook-da canlı yayım vasitəsilə izləyicilərin suallarını cavablandırarkən dilə gətirdiyi fikirləri dəyərləndirib. K.Cəfərov demişdi ki, tikinti və bank sektoru ən çox korrupsiyalaşmış sahələrdir.

Ə.Həsənov isə sözlərinə davam edərək deyib ki, səbəblərdən biri qanunvericilikdəki boşluqlardırsa, digəri də qanunvericilik tələblərinin yerinə yetirilməsinə nəzarətin olmamasıdır: «Amma burada bunu da fərqləndirmək lazımdır ki, bank sahəsində qanunvericilik beynəlxalq standartlarına uyğun olmasa da, var. Tikinti sahəsində isə qanunvericilik demək olar ki, yoxdur».

Ekspertin qeyd etməsinə görə, bəzən məhkəmə proseslərinin gedişində elə hallar ortaya çıxır ki, təəccüb etməmək olmur: «Təsəvvür edin ki, tikinti şirkətinə fəaliyyət üçün lisenziya verilir, deyirlər ki, get filan evi sök, amma sakinlərin razılığını al. Bu tikinti şirkətinin nizamnamə kapitalı nə qədər olsa yaxşıdır? 200 manat. Mən bunu söz olaraq demirəm, sənədlərə əsasən deyirəm. Bunu hansısa evi sökməyə göndərəndə bəs düşünmürlər ki, həmin şirkət əhalinin razılığını hansı pulla alacaq?».

Ə.Həsənov vurğulayıb ki, belə halda vətəndaşın hüquqları qorumalıdır. Onun deməsinə görə, bəzən əks proses baş verir, hüquq-mühafizə orqanları şirkətlərin tərəfini saxlayırlar: «Belə olduğu halda əhali zorla evindən bayıra atılır, qanun vətəndaşı qoruya bilmir, mülkiyyət toxunulmazlığı hüququ pozulur. Belə demək mümkünsə, bir neçə vətəndaşa ev tikmək üçün bir o qədər də vətəndaşın evini yıxırlar».

Ə.Həsənov qeyd edib ki, bank sektorunda da vəziyyət yaxşı deyil: «Qarşıda 2015-ci ildə baş vermiş devalvasiyanın dördüncü ilinin tamam olacağı 21 fevral gəlir. 10 bank bağlandı, əhalinin əmanətlərinin qaytarılması prosesində problemlər yaşandı və indi də yaşanır...».

Ekspertə görə, bankların müflisləşməsi dünyanın hər yerində baş verir, amma Azərbaycandakı kimi biabırçılıq olmayıb. Onun deməsinə görə, hələ də bir çox əmanət sahibləri problem yaşayırlar...