192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''Sosial şəbəkələri bağlayan ölkə dünyanın gedişatından kənarda qalacaq''
2019-02-15 14:39:35

"Sosial şəbəkəni yalnız kimsə söyüş söyür, deyə qəbul etmək xətadır"

Azərbaycanda hakim partiyanın nümayəndələrinin sosial şəbəkələrə nəzarətin vacibliyi ilə bağlı dediklərinə Meydan TV-də münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli bu tipli çağırışların ilk dəfə olmadığını söyləyərək xatırladıb ki, 2010-cu ildə milli.az sosial şəbəkəsi yaradıldı.

“Ancaq bu layihə alınmadı. Ona görə ki, Azərbaycanda beynəlxalq sosial şəbəkə istifadə edilir, insanlar bundan yalnız siyasi düşüncələrini, gündəlik fikirlərini yox, həm də kommersiya platforması kimi, məhsullarının satışı, reklamı üçün istifadə edirlər. Sosial şəbəkəni yalnız kimisə tənqid edirlər, yaxud kimsə söyüş söyür deyə qəbul etmək xətadır. Sosial şəbəkə böyük bir platformadır, bunun üzərində biznes də, sosial infrastrukdur da, dövlət strukturlarının xidmət sferası da oturub. Bu mənada “sosial şəbəkəni bağlayıb hər şeyin qarşısını alacağıq” deyə düşünmək mümkün deyil”.

Amma hüquqşünas sosial şəbəkələrə çıxışı məhdudlaşdırmağın mümkünlüyünü istisna etməyib:

“Meydan TV və ya AzadliqRadiosuna girişi məhdudlaşıdırıblar. Facebook.com, youtube.com və digərləri də bloklamaq mümkündür. Amma bu addım onların istifadəsini dayandırmaz. Çünki insanlar VPN üzərindən giriş edib istifadə edərlər”.

O hesab edir ki, bu tip çağırışlar zamanın tələbinə uyğun deyil.

"Bu çağırışlar İlham Əliyevin son ritorikasına uyğun deyil"

Müsavat Partiyasının başqanı Arif Hacılı çağırışların İlham Əliyevin son ritorikasına uyğun olmadığını və əslində, ziddiyyət təşkil etdiyini hesab edir.

“İlham Əliyev cəmiyyətlə ünsiyyətdə dünyanın dəyişdiyini, dəyişən dünyanın tələblərinə uyğun idarəçilik sisteminin tətbiq olunmasından danışır. İctimai rəyi öyrənmək üçün mərkəz yaradır”.

Başqanın sözlərinə görə, ictimai rəyin öyrənilməsi üçün ən ciddi məkan sosial şəbəkədir.

“Əgər “Facebook” bağlanarsa, hakimiyyət həm daxildə, həm də xaricdə çox böyük problemlərlə üzləşər. Hakimiyyətdə olanlar bunu yaxşı bilirlər, ona görə internet məkanın qapadılacağını gözləmirəm. Ancaq milli sosial şəbəkə sistemi qurmaq istəyirlərsə, buda bir ideyadır, qura bilərlər, problem yoxdur”.

"Həqiqətlə mübarizədə qalıb gəlmək olmur"

Tarixçi-alim Altay Göyüşov məsələ ilə bağlı “Facebook” səhifəsində yazıb ki, bir xeyli adamı postlarına, şərhlərinə görə tutdular, statusa, hətta “like”-a görə işdən çıxartdılar:

“Facebook ailələri dağıdır” tipli arqumentlərlə anti-təbliğat apardılar. Profilləri, səhifələri oğurladılar, internetin sürətini azaltdılar, xaricdən texnologiyalar alıb tənqidi statusların yayılmasına maneə törətdilər, trol orduları yaradıb tənqidçilərin statuslarına qarışqa kimi hücumlar etdilər. Nəhayət, öz statuslarının altındakı yüzlərlə tənqidləri sildilər. Amma yenə də “Facebook”a uduzdular. Və indi bağlamaq istəyirlər. Niyə? Çünki həqiqətlə mübarizədə qalıb gəlmək olmur. Ona görə istəyirlər ki, heç kim heç yerdə həqiqəti deməsin, yazmasın, oxumasın, eşitməsin. Az.Tv-dəki kimi ancaq gop olsun”.

"İctimai fikri yoxlama cəhdləri edilir"

Filosof Musfiq Şükürov da sosial şəbəkələrdə bu məsələyə toxunaraq, yazıb ki, rəsmilərin sosial şəbəkələrin bağlanması ilə bağlı ictimai fikri yoxlama cəhdləri edilir.

“Görünür, elə-belə deyil. Təbii ki, söhbət “Facebook”dan gedir. Azərbaycanda “Twitter” populyar deyil. Əgər qəfildən “Facebook” bağlanarsa, yaranacaq ictimai stressin miqyasını təsəvvür etməkdə çətinlik cəkirəm. Əhalinin siyasiləşmiş kəsimi 15-20 faiz ancaq olar, bəlkə daha az. Qalan 80 faiz burda ər (və ya qız ) axtarır, biznes qurur, yaradıcılığını paylaşır, ölkənin gündəmi ilə tanış olur və ən nəhayət, sosial ehtiyaclarını ödəyir. Bayırda 21-ci əsrdir və insanlar indi virtualda realdan daha çox vaxt kecirirlər. “Facebook”un bağlanması insanların oksigeninin bağlanması effektini verə bilər. Durduqları yerdə 80 faizi də siyasiləşdirmək kimin işinə yarayacaq?”

Meydan TV