192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Azərbaycanda işsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir"
2019-02-15 17:57:01

Rəsmi məlumata görə, 2018-ci ildə Azərbaycanda 118 min yeni iş yeri yaradılıb. Bu barədə prezident İlham Əliyev bu ilin yanvarında bildirib.

Lakin AzadlıqRadiosunun Bakı küçələrində apardığı sorğunun həmsöhbətlərindən biri 56 yaşlı Ələkbər Muradəliyev da deyir ki, nə qədər çalışsa da, bu 118 min yeni iş yerindən birinə sahib ola bilmir. Hansı qapını döysə, yaşını səbəb göstərib, imtina cavabı eşidir.

Ələkbər Muradəliyev 4 nəfərlik ailəsi ilə kirayədə yaşayır. Deyir ki, uzun müddət sürücü işləyib, başqa ixtisası da yoxdur.

Prezident İlham Əliyev fevralın 13-də Beyləqana səfərində də bildirib ki, məhz heç bir ixtisası olmayan, işsiz vətəndaşlara ödənişli ictimai işlər yaradırlar. Onun dediyinə görə, bu il azı 30 min belə ictimai iş yeri yaradılacaq.

İctimai işləri vətəndaşlara DOST adlanan "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” tərəfindən təklif olunur. Bu agentlik 2018-ci ilin avqustunda yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyir ki, yeni yaradılan ictimai işlər əsasən abadlıq, təmizlik, sosial, ekoloji layihələrdə olan işlərdir. Maaşları isə minimum əmək haqqına uyğun hesablanır:

“Martın 1-dən onların əməkhaqqı 180 manat olacaq. Bundan əlavə onlar üçün 22 faiz Sosial Müdafiə Fonduna ödənişləri də edilir. Yəni, əmək müqaviləsi ilə işə götürülür, gələcək pensiya təminatları olur. Bundan başqa, işdən azad olunsalar və ya ixtisar olunsalar, işsilikdən sığorta ödənişləri olur”.

Nazir bildirib ki, ötən 7 ayda paytaxt və regionlarda 25 min ictimai iş yeri yaradılıb.

Sosial İqtisadi İnkişaf Mərkəzinin tədqiqatçısı Rəşad Həsənov deyir ki, son zamanlar hökumətin sosial siyasətində bəzi dəyişikliklər hiss olunur. Dayanıqlıq, maliyyə təminatı üçün addımlar atılır. Sosial yardım kimi passiv müdafiə mexanizmləri, daha fəalı ilə əvəzlənir. Rəşad Həsənov bu istiqamətdə özünüməşğulluq proqramını xüsusi vurğulayır. Amma o bildirir ki, bütün görülən işlərə baxmayaraq, hökumətin işsizliklə mübarizə siyasəti hələki özünü doğrultmayıb:

“Bu istiqamətdə çox ciddi çətinliklər və nöqsanlar var. Xüsusilə də, bu istiqamətdə dövlət siyasətini icra edən dövlət qurumlarına ciddi inamsızlıq var. Siz təsəvvür edin ki, Dövlət Məşğulluq Mərkəzlərinin reputasiyası o qədər zəifdir ki, vətəndaşlar işsiz olduqları halda belə ora müraciət etmirlər. Ona görə də Azərbaycanda işsizliklə bağlı açıqlanmış rəqəmlər reallığı əks etdirmir”.

İqtisadçı Rəşad Həsənov deyir ki, hökumət işsizlik problemini həll etmək istəyirsə, sahibkarlıq mühitini inkişaf etdirməli, inhisar aradan qaldırılmalıdır.

Rəsmi məlumata görə Azərbaycanda işsizlik 5 faiz həddindədir. Hökumət təkcə ötən il 118 min yeni iş yerinin yarandığını bəyan edir.

Amma müstəqil ekspertlər bu rəqəmlərə şübhə ilə yanaşırlar.