192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
”Gəncə işi”nin Sabunçu mühakiməsi
2019-02-15 17:03:00

Gəncə hadisələri – istər 3 iyul 2018-ci ildə şəhərin icra başçısı Elmar Vəliyevə sui-qəsd, istərsə də iyulun 10-da baş verənlər və buna görə tutulanların məhkəmə prosesi Bakının Sabunçu Rayon Məhkəməsində gedir. Baxmayaraq ki, məhkəmənin mərkəzləşdirilmiş saytında proseslərin Gəncə Ağır Cinayətlər Məhkəməsinin zallarında keçirildiyi yazılır. Belə anlaşılır ki, Sabunçu Rayon Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin zalı rolunu oynayır. Bu səbəbdən bir çoxu, hüquq müdafiəçiləri və jurnalistlər həmin məhkəmələrdən gec xəbər tutub. Üstəlik, sonradan prosesə gedən bir-iki jurnalistə də məhkəmə zalında hər hansı qeyd aparmağa imkan verilmir. Hakim jurnalistlərə akkreditasiyadan, qeydiyyatdan keçməyi məsləhət görür. Bununla bağlı hakimə irad bildirəndəsə, o, yalnız dinləməyə icazə olduğunu deyir. Görünür, hadisələr vaxtı baş verənləri ictimaiyyətdən gizli saxlamağa çalışırlar. Mühakimə olunanlar tutulduqları vaxt ailələrindən gizlin saxlanıldıqları kimi…

Məhkəmənin Gəncədə deyil, Bakıda yarıgizli keçirilməsi də proseslərə az adamın gəlməsi məqsədilə düşünülüb. Müşahidəçilərin fikrincə, proses Gəncədə keçirilsəydi, təqsirləndirilənlərin ailə üzvləri, yaxınları məhkəmə iclaslarına gələcək, qələbəlik olacaqdı. Adamların uzaq yolu gəlməyə imkanları olmadığı səbəbindən belə addım atılıb…

Demək olar, təqsirləndirilən şəxslərin hamısı dövlət hesablı vəkillə təmin olunub. Elə məhkəmənin başlamasından ictimaiyyətin xəbərsizliyinə səbəb həm də bu amildir. Bu halda müdafiə sadəcə yola verilir. Vəkillər ictimaiyyətin, jurnalistlərin dəstəyindən yararlanmır. Çünki müdafiə formaldır, dövlət hesablı vəkil nə qədər əziyyət çəksə belə, dövlətin ona ayırdığından artıq ala bilməyəcək. Üstəlik, onların bu məhkəmələrdə tapa bilmədikləri ədaləti (tapmaq istəyənlərin) Avropa Məhkəməsində axtarmaq niyyəti də olmur. Beləcə, əslində, kimin haqlı, kimin haqsız olduğu ortaya çıxmır; Azərbaycan məhkəmələri onsuz da Femida xanımın xidmətindən çoxdan imtina edib. Dövlət hesablı vəkillər də, konkret Sabunçu prosesində, hər hansı məsələ, ya da vəsatətlə bağlı hakimə müraciətə “qadan alım, başına dönüm, möhtərəm hakim” sözlərilə başlayır, heç bir sözlə hakimi incitməməyə çalışırlar. Baxmayaraq ki, təqsirləndirilən şəxslər şüşə qəfəs içində qolu qandallı saxlanılır. Jurnalistlərə prosesi işıqlandırmağa imkan verilmir, açıq məhkəmə iclasında bu qanunsuz qadağaya da vəkillərdən reaksiya yoxdur.

Məsələn, fevralın 7-də Sabunçu Rayon Məhkəməsinin 8-ci zalında keçirilən (məhkəmənin saytında yazılanlara inansaq, bu proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2-ci zalında keçirilib) prosesdə vəkillərdən biri müdafiə etdiyi şəxslə bağlı çox yumşaq şəkildə vəsatət qaldırdı. 2018-ci iyulun 11-də saxlanılan müvəkkilinə yalnız 9 gün sonra – iyulun 20-də ittiham irəli sürülüb. 9 gün ərzində onun harada olduğu, necə saxlandığı barədə ailəsinə heç bir məlumat verilməyib. Vəkil bunun araşdırılmasını istəyirdi. Başqa vəkillər də vəsatəti müdafiə etdi. Valideynlərin sözlərinə görə, tutulanların, demək olar, hamısı belə xəbərsiz saxlanılıb, günlərlə ailələri yaxınlarını axtarıb. Hakim bu məsələylə bağlı sorğu veriləcəyini, növbəti proseslərdə buna aydınlıq gətiriləcəyini bildirdi.