192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fuad Ağayev: “Azərbaycana yeni Konstitusiya lazımdır”
2018-11-13 14:44:00

Hüquqşünas, vəkil Fuad Ağayev "Amerikanın səsi" radiosuna müsahibəsində Azərbaycan Konstitusiyasının azadlıqlara hüquqi təminat verməsindən, əsas qanuna edilən dəyişikliklərin mənfi və müsbət tərəfləri, eləcə də Konstitusiya qanunvericiliyinin gələcək perspektevlərindən danışıb.

Sual: 1995-ci il noyabrın 12-də Azərbaycanın Konstitusiyası qəbul olunub. Azərbaycanda 23 ildir ki, Konstitusiya Günü qeyd edilir. Ümumiyyətlə, Konstitusiya azadlıqlara təminat verirmi?

Cavab: Bilirsiniz, əgər biz Konstitusiyanı ayrıca bir normativ hüquqi akt, qanunvericilik aktı kimi, əsas qanun kimi qəbul ediriksə, kağızda bəli, təminat verir. Çatışmazlıqlara baxmayaraq, təminat verir. Amma reallıqda vəziyyət başqadır. Çünki Konstitusiyanın bir sıra müddəaları, o cümlədən insan hüquqları və azadlıqlarının müdafiəsi ilə bağlı müddəalar addımbaşı inzibati, dövlət orqanları, məhkəmələr tərəfindən pozulur. Bilirsiniz, pozuntu var, hansısa qanunların düzgün təfsir edilməməsindən irəli gəlir. Bir də var aşkar, bilərəkdən edilmiş pozuntu. Əfsuslar olsun ki, sonuncu pozuntuların sayı son 15 ildə kəskin şəkildə artıb.

Sual: 23 il ərzində Konstitusiyaya üç dəfə dəyişiklik edilib. Bu dəyişikliklər dövlət quruluşunun mahiyyətini necə dəyişdirdi?

Cavab: Əfsuslar olsun ki, Konstitusiyaya edilmiş dəyişikliklər bir qayda olaraq onun daha da mürtəceləşdirilməsi məqsədi daşıyıb. Lap sonuncu qrup dəyişiklikləri götürsək, dövlət başçısının səlahiyyət müddətinin 7 ilədək uzadılması, ali dövlət vəzifələri tutan şəxslər üçün , o cümlədən deputatlar üçün , vitse -prezidentlər, baş nazir üçün nəzərdə tutulmuş senzlər, həmçinin yaş senzinin aradan qaldırılması, əlbəttə ki, bu, dünya təcrübəsinə, mütərəqqi ənənələrə uyğun bir şeylər deyil. Sözsüz ki, bunun fəsadlarını biz artıq görürük. Və onu da nəzərə alaq ki, Azərbaycanda bu dəyişikliklərin qəbul edilməsi referendumlar vasitəsilə həyata keçirilir. Bu referendumlar nə dərəcədə şəffaf və ədalətli qaydada keçirilir? Əlbəttə ki, sözlərimizi bir daha təsdiq etmiş olar.

Sual: Ekspertlərin fikrincə, Konstitusiyada yazılan hüquqlar yalnız kağız üzərində qaldı. Bu fikirlərlə razısınız? Niyə və səbəblər nədir?

Cavab: Baxır, kağız üzərində nə qaldı. Yəni, ilk qrup dəyişikliklərdən biri o idi ki, Azərbaycanda qanunvericilik orqanı, yəni Milli Məclis əgər əvvəllər qarışıq şəkildə seçilirdisə, heç olmasa, deputatların az hissəsi olsa da, həmin az hissə belə deyək çoxmandatlı vahid Azərbaycan dairəsi üzrə seçilirdi. Partiya siyahılar üzrə gedirdi. Proporsional qaydada gedirdi həmin seçkilər. Digər hissəsi mojaritar qaydada gedirdisə, indi əfsuslar olsun ki, bu proporsional seçki sistemi Azərbaycanda, ümumiyyətlə, kənara atılıb. Yəni, bu, ilk qrup dəyişikliklərdən idi. Bu, kağız üzərində qalmayıb. Yəni, baxsanız Azərbaycanda Milli Məclisə seçkilər yalnız mojaritar qaydada həyata keçirilir, daha doğrusu keçirilməlidir. O seçkilər də hansı yolla öz nəticələrini qoyur o da bəlli məsələdir. Amma o ki qaldı bir sıra hüquqlara, o cümlədən seçki hüquqlarına, insanların hüquq bərabərliyinə, ədalətli məhkəmə araşdırmasına və digər bir sıra hüquqlara onlar çox kobud şəkildə pozulur. Yəni, mən bayaq deyirdim əvvəllər hansısa pozuntular çox zaman məhz qanunun başqa cür, yəni onun mahiyyətinə, dilinə, üslubuna, hərfinə zidd şəkildə təfsir olunmaqla pozulurdusa, indi bu pozuntular aşkar pozuntulardı.

Sual: Bəs çıxış yolunu nədə görürsünüz ?

Cavab: Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə 1991 ci ilin avqustunda Milli Məclisdə qəbul olunmuşdu. Sonra həmin ilin oktyabrında Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. O zamandan 27 ildən də artıq vaxt ötüb. Bu müddətdə kifayət qədər təcrübə toplanıb. O təcrübənin əhəmiyyətli bir hissəsi mənfi səciyyəlidir.

Hesab edirəm ki, Azərbaycanın o təcrübəsini nəzərə alaraq, qanunvericilik tətbiqi və təcrübəsini nəzərə alaraq, mütərəqqi ənənələrini nəzərə alaraq tamamilə yeni bir Konstitusiya layihəsi hazırlanmalıdır. Bu işə öz töhfəmizi verməyə hazırıq. İnanmaq istərdim ki, iqtidar da bu sahədə konstruktiv əməkdaşlıq etmək istəyər. İnanmaq istərdim. Amma çox çətindir.