192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanla bağlı daha bir korrupsiya qalmaqalı – Seyşel adaları və gözətçi işləyən “milyonçu”
2018-11-14 12:00:34

Reuters agentliyinin Maltadakı mənşəyi qaranlıq şirkətə dair təhqiqat yazısında daha bir azərbaycanlının adı çəkilir.

Agentlik 17 Black adlı “müəmmalı” şirkətə 2015-ci ildə 1.5 milyon dollar “ödəmiş” Mayor Trans Limited ofşor şirkətinin sənədlərə görə sahibi Rüfət Baratzadə ilə əlaqə yarada bildiyini yazır.

Agentlik qeyd edir ki, bank hesabı Latviyada, qeydiyyatı Seyşel adalarında olan Mayor Trans Limited bu ödənişi “maliyyə məsləhəti xidmətləri” adı ilə edib.

17 Black şirkətinin mövcudluğunu ilk dəfə Maltanın təhqiqatçı jurnalisti Daphne Caruana Galizia faş etmişdi. Bir çox Malta siyasətçiləri, ofşor şirkətləri və onların Azərbaycan da daxil bəzi ölkələrlə “sirli” münasibətləri barədə yazan Galizia ötən il avtomobilində partladılaraq öldürülüb.

Reuters yazır ki, jurnalistin qətlinin onun yazılarlında adı çəkilən şirkət və fərdlərlə əlaqəli olduğunu göstərən dəlillər yoxdur. Reuters vurğulayır ki, Dubayda qeydiyyatı olan 17 Black şirkətinin bu hadisə ilə bağlı olduğunu iddia etmir.

Köhnə tanışlar

Jurnalist 17 Black şirkətinin əsl sahibini tapa bildiyini iddia edirdi. O yazırdı ki, şirkətin əsl sahibi maltalı daşınmaz əmlak şirkətinin sahibi Yorgen Fenech-dir və 17 Black şirkətinin hesabı Dubaydakı Nur Bankdadır.

Galizia bildirirdi ki, Fenech-in şirkətinə Malta dövlətinin sərfəli kontraktları verilib. 2013-cü ildə Maltada 450 min avroluq (517 milyon dollar) qaz elektrik stansiyasının tikintisi də ona tapşırılmışdı.

Jurnalist aşkar etmişdi ki, bu şirkətlə Maltanın iki yüksək vəzifəlisi – 2013-2016-cı illərdə Maltanın energetika naziri olmuş Konrad Mizzi və baş nazirin administrasiya rəhbəri Keith Schembri sıx bağlıdır.

AzadlıqRadiosu bu iki rəsmi, habelə Maltanın baş naziri Joseph Muscat və Azərbaycanın hakim ailəsi arasındakı münasibətlər barədə vaxtilə geniş yazı dərc edib.

Reuters yazır ki, qaz stansiyası tikintisinin özəl əllərə tapşırılmasının da təşəbbüskarları bu rəsmilər olub. Agentlik 2015-ci ildə yazılmış bir email-ə istinadən yazır ki, Mizzi və Schembri 17 Black şirkətindən pul vəsaitləri almış şəxslərin sırasındadır.

Schembri sonradan deyib ki, 17 Black şirkətindən pul qazanmaq üçün biznes planı olsa da, bu plan baş tutmayıb. Mizzi isə bu şirkəti tanımadığını bildirib.

Reuters yazır ki, Maltada İstilik Elektrik Stansiyasının tikintisi üçün tenderdə Malta investorları, Azərbaycanın SOCAR və Almaniyanın Siemens şirkətləri qalib olublar. 450 milyon avroluq Delimara stansiyasının tikintisi 2017-ci ildə başa çatıb.

Asfaltsız küçədə yaşayan “milyonçu”

Reuters 17 Black şirkətinə yaxın mənbəyə istinadən yazır ki, bu, sadəcə olaraq “piştaxta firmasıdır”. Belə firmaların yaradılması üçün onun qurulduğu ölkəyə getmək mühüm deyil.

Məqalədə deyilir ki, 17 Black şirkətinin Nur Bankdakı hesabından 2015-ci ildə 9-10 milyon avro keçib. Pullar adətən bu hesabda qalmır, ayrı firmalara, adətən ofşor şirkətlərə köçürülürdü.

Reuters yazır ki, 17 Black şirkətinə 2015-ci ilin noyabrında Mayor Trans adlı şirkətdən 1.5 milyon avro ödənib. Və Birləşmiş Ştatların şirkətləri tənzimləmə sənədlərinə görə Mayor Trans Limited – startapdır və sahibi də Azərbaycan vətəndaşı Rüfət Baratzadə olaraq göstərilib.

Yenə də həmin sənədlərə görə bu şirkətin qeydiyyatı Bakıdakı sadə mənzillərdən biridir. Qonşuları 51 yaşlı Baratzadənin keçmiş metro işçisi olduğunu deyiblər.

Reuters yazır ki, Baratzadənin Bakının ətrafında, asfatsız yolun axırında yerləşən birmərtəbəli təzə evindəki ailə üzvləri onun tikintidə gözətçı olduğunu bildiriblər.

Agentlik Baratzadənin özü ilə də danışa bilib. O “Mayor Trans sizin şirkətinizdirmi” sualına “mənimdirsə, mənimdir” deyib və söhbəti davam etdirmək istəməyib.

Həmin ad, həmin soyad

Rüfət Baratzadə ad-soyadı 2015-ci ildə Azərbaycanın bir sıra medialarına çıxıb, hərçənd bunun həmin Rüfət Baratzadə olmasını dəqiqliyi ilə söyləmək mümkün deyil. Lakin bu Baratzadənin də şirkəti Mayor Trans göstərilir.

Day.az saytı yazırdı: “Azərbaycandan olan oliqarx Rüfət Baratzadə Amerikanın “Net Element” korporasiyasının səhmlərinin 8,5 faizini alıb…”

Sayt yazırdı ki, ABŞ sənədlərinə görə Rüfət Baratzadə “Net Element”in səhmlərinin 8,5 faizini ona məxsus olan, Seyşel adalarında qeydiyyatdan keçmiş “Mayor Trans” adlı offşor şirkətinin adına alıb:

“Baratzadə “Net Element” korporasiyasının səhmlərinin 3,2 faizini Kayman adalarında qeydiyyatdan keçən “Cayman İnvest” şirkətindən 3 milyon dollara alıb. Bu şirkət Qırğızıstan vətəndaşı Anaşxan Qabbazovaya məxsusdur…Rüfət Baratzadənin “Net Element”in səhmlərinin qalan 5,3 faizini Qazaxıstanın Coğrafiya Cəmiyyətinin prezidenti Nurlan Abudova məxsus “K1 Holdings” offşor şirkətindən 5 milyon dollara aldığı göstərilir”.

Məqalədə diqqət bir sıra şübhə doğuran məqamlara çəkilir:

“Maraqlıdır ki, hər iki sövdələşmədə Baratzadə “Net Element”in səhmlərinin birinə 2 dollar ödəyib. Hansı ki, sövdələşmənin bağlandığı vaxtda Nyu-York birjasında “Net Element”in səhmləri 1,2 dollardan satılırdı. Beləliklə, azərbaycanlı investor nədənsə korporasiyanın səhmlərinə bazar dəyərindən 60 faiz çox ödəyib”.

Və nəhayət qeyd olunurdu ki, “milyonçunun” kimliyini müəyyənləşdirmək mümkün olmayıb: “Rüfət Baratzadənin nə işlə məşğul olduğuna dair açıq mənbələrdə heç bir məlumata rast gəlmək mümkün olmayıb. “Net Element” korporasiyasında da yeni investorun barəsində məlumat verməkdən imtina ediblər”.

azadliq.org