192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hüquq müdafiəçiləri: “50-dən çox siyasi məhbus əfv olunsa da, problem tam həll edilməyib”
2019-03-18 12:05:47

Hüquq müdafiəçilərinin dəqiqləşdirilmiş məlumatına görə, Azərbaycan prezidentinin əfv barədə fərmanı 51 siyasi məhbusa şamil edilib. Lakin fəallar hesab edirlər ki, sərəncam problemi həll etməyib və müxtəlf siyahılara görə, həbsxanalarda 74-dən 80-dək siyasi məhbus qalır.

Vətəndaş cəmiyyətinin siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupunun üzvü Bəşir Süleymanlı Turan-ın müxbiri ilə söhbətində deyib ki, əfv sərəncamı 51 siyasi məhbusu əhatə edib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurasına daxil olduğu vaxtdan bu yana siyasi məhbusların belə kütləvi şəkildə azadlığa buraxılması olmayıb.

O qeyd edib ki, təkcə tanınmış gənc və müxalifət fəalları, keçmiş dövlət məmurları yox, həm də İsmayıllı, Siyəzən, Mingəçevir şəhərlərində sosial xarakterli aksiyalarda iştiraka görə mühakimə olunmuş bütün şəxslər əfv edilib.

Bloger Rəşad Ramazanov (Ağəddin), azadxeber.org saytının redaktoru Nicat Əliyev əfv ediliblər. Müxtəlif dindarlar kateqoriyası, həmçinin 2015-ci il Nardaran hadisələrilə bağlı, "Səid Dadaşbəylinin işi" üzrə həbs olunanlar arasında əfv edilənlər var.

Bundan öncə martın əvvəlində iki nəfər - bloger Mehman Hüseynov və Müsavat Partiyası gənclər təşkilatının rəhbəri, şərti olaraq həbs edilmiş Əbülfəz Sadıqbəyli siyasi məhbuslar siyahısından çıxıblar.

Beləliklə, İşçi Qrupun fevralda elan etdiyi 127 nəfərlik siyasi məhbus siyahısından 53 məhkum çıxır. Lakin 74 nəfər hələ də siyahıda qalır.

B.Süleymanlı təəssüflə qeyd edib ki, əfv jurnalistlər Əfqan Muxtarlı və Seymur Həziyə, AXCP fəalı Fuad Əhmədliyə və digərlərinə şamil edilməyib.

Sosial şəbəkələrdə "Azad et!" kampaniyasının təşəbbüsçüsü, İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov əfvi "siyasi məhbuslar probleminin həlli yönündə düzgün addım" adlandırıb. "Lakin problem tam həll olunmayıb", - o, Turan-a bildirib.

R.Cəfərov qeyd edib ki, sərəncam demək olar ki, siyasi məhbusların bütün kateqoriyasını əhatə edib.

İslam Partiyasının işi üzrə mühakimə olunmuş bir qrup (partiya lideri Mövsüm Səmədov başda olmaqla) və "ömürlük həbs olunanlar" istisna təşkil edib.

Söhbət 1990-cı illərdə ölüm hökmünə məhkum edilənlərdən gedir. Ölüm hökmünün ləğvindən sonra məhkumları avtomatik olaraq ömürlük həbsə məhkum ediblər ki, bu da qanunsuz olub, çünki onların məhkum olunduğu vaxtda ölüm hökmünə alternativ cəza 15 il müddətinə azadlıqdan məhrumetmə olub.

R.Cəfərov hesab edir ki, hakimiyyət siyasi məhbuslar probleminin tamamilə həll olunması üçün addımları davam etdirməlidir.

Onun fikrincə, indiki əfvi alqışlayan beynəlxalq təşkilatlar bir müddət sonra qalan siyasi məhbusların azadlığa buraxılmasını tələb edəcəklər.

"AŞPA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib və istənilən halda hesabat hazırlanacaq. Ölkənin tənqid edilməsinə birdəfəlik son qoymaq üçün bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır", - R.Cəfərov vurğulayıb.

O, hakimiyyətin əfvə yanaşmasında məntiqlilik və ardıcıllığın olmadığını qeyd edib.

"Bu iş üzrə mühakimə olunmuş adamları aydın olmayan məntiqə əsasən ayırırlar - bəzilərini buraxırlar, bəzilərini yox. Ya da eləsini buraxırlar ki, hələ 8-10 il cəzası qalıb, amma bir ay cəza müddəti qalanı buraxmırlar", - R.Cəfərov qeyd edib.

O hesab edir ki, cəza müddətinin bitməsinə az qalmış şəxsləri vaxtından əvvəl şərti azadlığa buraxma mexanizmi vasitəsilə azad etmək olar.

"Parlament amnistiyasına təşəbbüs göstərmək olar. İndiyədək ağır olmayan cinayətlərə görə mühakimə olunanların barəsində amnistiya elan edilib. İndi isə ağır cinayətlərə görə mühakimə olunanların müəyyən kateroriyasına amnistiya tətbiq etmək olar", - R.Cəfərov deyib.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın koordinatoru Elşən Həsənov deyib ki, "əfv siyasi məhbuslar problemini həll etmədi". "Əlbəttə, siyasi məhbusların bir hissəsinin azad edilməsi yaxşıdır. Ancaq həbsxanalarda hələ 80 siyasi məhbus var.

Təəssüf ki, ölüm hökmünün ləğvindən sonra avtomatik olaraq ömürlük həbs cəzasına məhkum edilmiş 14 nəfərdən heç kim əfv edilməyib. Əfv olunanlar arasında Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş, yataq xəstəsi Əbülfəz Bünyadov yoxdur. Bu, siyasi məhbuslar probleminin natamam həll olunmasıdır", - E.Həsənov Turan-a bildirib.