192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Cahangir Hacıyevin bacısı: 'Bizə qarşı qanunsuzluqlar yeni formalar alır'
2019-03-29 14:54:11

«Ailəmizə qarşı müxtəlif istiqamətlərdən təzyiqlər, qanunsuzluqlar davam edir. Ona görə də növbəti dəfə Sizə müraciət etmək məcburiyyətindəyəm», – Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva martın 28-də prezidentə ünvanladığı şikayət məktubunda yazır.

Ə.Hacıyeva AzadlıqRadiosuna bildirib ki, martın 22-də Gürcüstana gedərkən sərhəddə saxlanılaraq geri qaytarılıb. Ona deyilib ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışına qadağa qoyub: «Qardaşımın işi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iki il idi ki, ölkədən çıxışımı yasaqlamışdı. Halbuki, mənim o işə heç bir aidiyyətim yoxdur. Dekabrın 13-də Avropa Məhkəməsi mənim şikayətim üzrə qərar çıxarıb, bu qadağanın qanunsuzluğunu təsdiqlədi. Ondan sonra yanvarın 25-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də idarənin mənimlə bağlı hərəkətini qanunsuz hesab etdi, məhdudiyyətin götürülməsinə qərar verdi. Buna baxmayaraq, martın 22-də Gürcüstana gedərkən yenidən sərhəddə saxlanıb geri qaytarıldım. Halbuki, səhhətimdəki problemlərə görə müalicəmlə əlaqədar xarici ölkəyə getməyə ehtiyacım var».

Ailələrinin müxtəlif formalarda təzyiqlərə məruz qaldığını deyən Ə.Hacıyevanın sözlərinə görə, hətta notariat əməliyyatları da apara, anasının vəfatından sonra vərəsəlik şəhadətnaməsini ala bilmir: «Heç bir notariat kontoru işi icraata götürmür, şikayətlərə də baxılmır».

Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı C.Hacıyevlə 2015-ci il sentyabrın 15-dən nə görüşə, nə də telefonla danışa bildiyini xatırladan Ə.Hacıyeva prezidentə məktubunun sonunda yazır: «Bizə qarşı qanunsuzluqlar yeni-yeni formalar alır. Bu qanunsuzluqlara son qoyulmasında bizə köməklik göstərilməsini Sizdən xahiş edirəm».

Ə.Hacıyeva ölkədən çıxışına məhdudiyyətlə əlaqədar daxili işlər naziri Ramil Usubova da müraciət edib.

2015-ci ilin dekabrından həbsdə olan və 15 il azadlıqdan məhrum edilən C.Hacıyevin haqqındakı ikinci cinayət işi üzrə mühakiməsi də davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Təqsirləndirilən şəxslər sırasında C.Hacıyevlə yanaşı, bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 19 nəfər var. Həmin 19 nəfər əsasən D.Xəlilovun «General Construction» şirkətində işləmiş, sonradan adlarına müxtəlif şirkətlər yaradılıb Beynəlxalq Bankdan kredit götürülmüş şəxslərdir.

Martın 28-də məhkəmədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları şahid qismində ifadə verib. Onlar həmin şirkətlərdə, özəlliklə tikinti işləri ilə bağlı iş həcmini yoxlayıblar, şirkətlərin bir neçəsində şişirtmələrə yol verildiyi haqda rəy veriblər. Təqsirləndirilən sabiq deputat D.Xəlilov xatırladıb ki, FHN əməkdaşları onların həbsindən öncə, şirkətlər fəaliyyət göstərdikləri dövrdə apardıqları yoxlamalarda isə heç bir qanunsuzluq aşkarlanmaması barədə rəy vermişdilər.