192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Türkiyənin Azərbaycana təhvil verdiyi şəxsin harada saxlanması barədə ailəsinə də heç bir məlumat verilmir
2019-03-30 13:59:29
Türkiyədə saxlanılaraq, Azərbaycan hökumətinə təhvil verilən “Müsəlman Birliyi” Hərəkatının üzvü Anar Cabbarovun harada saxlandığı bilinmir. Ailəsinin müqavilə bağladığı vəkil də əlində order olduğu halda, hüquqlarını müdafiə etməli olduğu şəxslə görüşə bilmir.
 
Bu barədə Meydan TV-yə A.Cabbarovun ailə üzvləri məlumat verib.
 
Yaxınlarının sözlərinə görə, A.Cabbarov martın 21-də Bakıya gətirilib. Onlara Anar Cabbarovun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı xəbər verilib. Novruz bayramı ilə əlaqədar ölkədə istirahət günlərində idarəyə getsələr də, heç bir məlumat ala bilməyiblər. Bayramdan sonra gəlmək tövsiyə olunub. Ailə üzvləri bildirir ki, martın 27-də bir daha Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gediblər, yenə konkret cavab ala bilməyiblər. Martın 28-də gedəndə isə orada Anar Cabbarov adlı şəxsin saxlanmadığını deyiblər.
 
“Vəkil də o idarəyə gedib. Ona deyiblər ki, ailə üzvləri gəlsin. Ailə üzvləri gedir, deyirlər, sabah gəl. Sabah gedirik, deyirlər, burada yoxdur. Belə də iş olar? Bu boyda ölkədə uşağımın yerini mənə deyən yoxdur. Martın 28-də Daxili İşlər Nazirliyinin “102 xidməti”nə də zəng eləyib xəbər vermişəm. Dedilər ki, qeydə aldıq. Sonra nazirliyə gedib, nazir Ramil Usubovun adına yazılı məktubu da poçta atmışam. Yenə xeyri yoxdur, heç bir məlumat vermirlər. Mən anayam, öldüm axı. Ailə, üç körpə uşaq Türkiyədə nə vəziyyətdə qalıb. Atası da bayram ərəfəsində getmişdi, bu hadisədən sonra orada vəziyyəti pisləşib, təyyarəyə mindirməyə qorxurlar. Param-parça olmuşuq”, - deyə A.Cabbarovun anası Hökumə Cabbarova Meydan TV-yə bildirib.
 
Ailəsi ilə birlikdə öncə Rusiyada, daha sonra Türkiyədə yaşayıb, ticarətlə məşğul olan A.Cabbarov “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadəgilin ailəvi dostudur. Onun bu səbəbdən saxlanması istisna olunmur.
 
A.Cabbarovu martın 15-də Türkiyədə sənədlərində problem səbəbilə əvvəlcə polis idarəsinə, daha sonra Deportasiya İdarəsinə aparıblar. Türkiyədə hüquqlarını müdafiə edən vəkilə bildirilib ki, sənədlərində problem olduğundan onun haqqında dəqiqləşmə aparılır, tezliklə buraxılacaq. Daha sonra A.Cabbarov Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparılıb. Oradan müəyyən sənədlər alınıb. Martın 22-də vəkili A.Cabbarovla görüşə gedəndə ona deyilib ki, müvəkkili bəzi dəqiqləşdirmələr üçün yenidən Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparılır, bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək. Lakin A.Cabbarov bir daha geri qaytarılmayıb. Elə həmin gün Bakı aeroportunda tanışları A.Cabbarovun əlləri bağlı vəziyyətdə gətirildiyini görüb. A.Cabbarov keçərkən qısaca həmin şəxsə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını deyib və yaxınlarına xəbər verməsini istəyib.
 
Daxili İşlər Nazirliyi A.Cabbarovun saxlanma səbəbi və yeri barədə heç bir məlumat vermir.
 
Türkiyə hökuməti bundan öncə də bir neçə dəfə Azərbaycan hökumətini tənqid edən şəxsləri öz ərazisində saxlayaraq, Bakıya göndərib.