192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Meydan TV: “Azərbaycandakı ''sərhədli'' reportyorlar“
2019-04-01 16:27:10
Ölkədən çıxışına qadağa qoyulmuş jurnalistlər bu prosesin nə vaxta qədər davam edəcəyini bilmirlər
 
"Səyahət qadağası məni təkcə arzularımdan saxlamır, həm də doğulduğum ölkədə əsir kimi hiss etdirir. Hərəkətim ancaq ölkənin sərhəddinə qədərdir. Oradan o biri tərəfə keçə bilmərəm. Bu, mənə həbsxana mühitini hiss etdirir, sadəcə divarları bir az uzaqdan çəkilib. Ən pisi odur ki, səfər qadağasının nə vaxt götürüləcəyi bilinmir".
 
Müstəqil jurnalist Sevinc Vaqifqızı belə deyir. O, 4 ildir ki, ölkədən kənara çıxa bilmir. Səbəb müstəqil media qurumu olan Meydan TV-nin vəzifəli şəxslərinə Azərbaycanda açılan cinayət işidir. Təkcə, Sevinc Vaqifqızı deyil, bu gün Azərbaycanda ölkədən çıxma yasağı olan xeyli jurnalist-yazar var. Biz tez-tez mətbuatda ölkədən çıxış yasağı olan insanlarla bağlı xəbərlər oxuyuruq. Ancaq bu qadağanın onlardan nələri aldığını bilmirik.
 
"Stopun olması hədəflərimi seçib, ona uyğun hərəkət etməmə mane olur"
 
Sevinc Vaqifqızının arzularından biri də ixtisası üzrə xaricdə magistr təhsili almaqdır. Hətta buna görə IELTS kursuna başlayıb. Xeyli müddət hazırlaşıb. Deyir, verəcəyi imtahanın nəticələri 2 il müddətində tanınırdı. Amma bir gün vəkili ona deyib ki, səyahət qadağası hələ uzun müddət qalacaq:
 
"Səfər qadağası qeyri-müəyyən müddətə uzadılmışdı. IELTS kursun yarımçıq qoyub çıxdım. Fikirləşdim ki, artıq 3 ildir səfər qadağam var və bu iki il daha davam etsə, imtahanımın nəticələri tanınmayacaq və əziyyətim boşa gedəcək. Stopun olması hədəflərimi seçib, ona uyğun hərəkət etməmə mane olur. Həyatımda heç bir təşəbbüs yoxdur. Bu da zaman-zaman məni depressiyaya salır. Baş Prokurorluğa səfər qadağasının götürülməsi üçün yenə məktub göndərmişdim. Yazırlar ki, məsələ araşdırılır. Amma 4 ildir nəticəsi olmayan araşdırmadır".
 
"Stopa görə təhsilimi davam etdirə bilmirəm"
 
Jurnalist İzolda Ağayeva da illərdir ölkədən kənara çıxa bilmir. Ötən ilin dekabrında Avropa Məhkəməsi bu qadağını onun hüquqlarının pozulması kimi tanıyıb və Azərbaycan hökumətini ona dəymiş maddi və mənəvi ziyana görə cərimələyib. İzolda da xaricdə magistr təhsili almaq istəyib. İllərdir qadağaya görə qalıb, gedə bilmir:
 
"Bundan başqa, bu 4 il ərzində peşəkarlığımı artırmaq üçün xaricdə keçirilən müxtəlif proqramlar olub. Həmçinin işlədiyim layihələrin xaricdə görüşləri olub. Bu qadağaya görə onların heç birində iştirak edə bilməmişəm. İki dostumun xaricdə olan toyuna gedə bilməməyimdən isə ümumiyyətlə, danışmıram. Bu ilin fevralından Baş Prokurorluğa 3 dəfə sorğu göndərmişəm. Hələ ki, aldığım cavab ərizəmin icraatda olması ilə bağlıdır. Ümid edirəm ki, cavab müsbət olacaq və qadağa aradan qalxacaq”.
 
“Giriş-Çıxış”, “Qadağandır”!
 
Dövlət qurumları ilk vaxtlar jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmasını boyunlarına almırdılar. Göndərilən sorğulara cavab gəlmirdi. Son bir neçə ayda qoyulan qadağalar dövlət tərəfindən inkar edilmir. Məsələn, jurnalistlərdən birinin sorğusuna Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun yazdığı cavabda deyilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ibtidai istintaqı aparılan ‪152006048‬ №-li cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar sizə “Qadağandır” statusu ilə “Giriş-Çıxış”, “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə fəallaşdırılaraq daxil edilib.
 
"Üstündə yasaqla, qadağayla yaşamaq ağırdır"
 
Müstəqil jurnalist Aytən Fərhadovanın da ölkədən çıxış qadağası var. Deyir, üstündə yasaqla, qadağayla yaşamaq ağırdır. Hələ bunun səbəbini anlamamaq bir ayrı dərddir:
 
"Avropa Məhkəməsi mənə qoyulan qadağanı qanunsuz hesab edib. Ancaq qərarı ədalətin bərpası hesab etmirəm. Bu, o halda olardı ki, jurnalist nə yazısına, nə də hansı qurumla əməkdaşlıq etdiyinə görə təzyiq altına düşməsin. Bu vəziyyətin özü aradan qaldırılsın".
 
"Nədir ki, Meydan TV-də bir neçə yazım yayımlanıb"
 
Yazar Rasim Qaraca da Meydan TV-nin vəzifəli şəxslərinə açılmış cinayət işinə görə 3 ildir ölkədən çıxa bilmir. Ancaq bunun səbəbini bu gün də anlamadığını deyir:
 
"Nədir ki, Meydan TV-də bir neçə yazım yayımlanıb. Bu yazıların hər biri ədəbiyyat mövzusunda olub. Ölkədən çıxışıma yasaq qoyulduğunu 2016-cı ildə Almaniyanın Goethe İnstitunun Kiyevdə təşkil etdiyi Naşirlərin beynəlxalq forumunda iştirak üçün getmək istərkən, hava limanında bildim. Yasaq Baş Prokurorluq tərəfindən qoyulub, mənim adım Meydan TV-yə qarşı açılmış cinayət işinə daxil edilib. Ölkədən çıxışımın mənə və hesab edirəm ki ədəbiyyatımızın inkişafına mənfi təsirləri olub. Bu illərdə heç bir beynəlxalq tədbirdə iştirak edə bilməmişəm".
 
"Məhkəmə olub, hələlik, stop qalır, götürülməyib"
 
Yazar deyir ki, Azərbaycan ədəbiyyatını təmsilən mötəbər tədbirlərə qatıla bilmir. Bu məsələylə bağlı məhkəməyə müraciət edib. Bir neçə dəfə məhkəmə çəkişməsi olub, hələlik, stop qalır, götürülməyib:
 
"Dəfələrlə Baş Prokurorluğa və başqa əlaqədar qurumlara müraciətlərim olub. Baş Prokururluğun cavabı belə olub ki, Meydan TV-yə qarşı başladılan proses tamamlanmayana qədər mənim məsələm həllini tapmayacaq”.
 
Son illər mediaya olan basqılar...
 
Son 5 ildə ölkədə mediaya basqılar artıb. Media Hüququ İnstitutu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu qapadılıb, Azadlıq Radiosunun Bakı bürosunun ofisi möhürlənib.
 
2015-ci il iyunun 30-da Meydan TV-lə əməkdaşlıq etmiş 4 jurnalist Şirin Abbasov, Natiq Cavadlı, Aytən Fərhadova və Elnur Muxtar Tbilisiyə getmək istəyərkən sərhəddən saxlanılıb və onlara ölkədən çıxışlarına məhdudiyyət qoyulduğu deyilib.
 
Həmin il avqustun sonlarında isə Mingəçevir hadisələri ilə bağlı Meydan TV-nin jurnalistləri ACDİÜ İİ-yə dəvət edilməyə və izahatları alınmağa başlanıb. Eyni zamanda, bəzi jurnalistlər vergi yoxlamasına məruz qalıb.
 
Avqustun 20-də axşam saat 6 radələrində Mingəçevir şəhəri, Günəş küçəsi 25 (Mingəçevir kəndi) ünvanda yaşayan Bəhruz Dilsuz oğlu Hacıyev Mingəçevir şəhər Polis Şöbəsinə çağırılıb, lakin 20 dəqiqə sonra onun ölüm xəbəri gəlib.
 
Buna etiraz edən Mingəçevir sakinləri və mərhumun yaxınları şəhərdə aksiyalar keçirib. Meydan TV həmin hadisəni və aksiyaları yayımlayıb. Təzyiqlər bundan sonra rəsmiləşdirilib.
 
Nəhayət, Meydan TV-nin vəzifəli şəxsləri və onlarla əməkdaşlıq edən jurnalistlərə qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə, külli miqdarda vergiləri ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (ACDİÜİİ) cinayət işi açılıb. Cinayət işində əvvəl Mingəçevir hadisələri adı ilə dindirilmiş 15-dən çox jurnalist yenidən şahid kimi dindirilib.
 
Bu gün müstəqil jurnalistlərdən Natiq Cavadlı, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Şirin Abbasov, Elnur Muxtar, Aytən Fərhadova, İzolda Ağayeva, Aytac Əhmədova, Xədicə İsmayıl və başqalarının ölkədən çıxışına məhdudiyyət qoyulub.
 
"Məhkəmə bu arqumentlərə səssiz qaldı"
 
Hüquqşünas Zibeydə Sadıqova deyir ki, 2014-cü ilin dekabrında Meydan TV Bakı bürosunu bağlasa da, onunla əməkdaşlıq etmiş jurnalistlərə qarşı münasibət dəyişmədi. Meydan TV ilə yaxından uzaqdan əməkdaşlıq etmiş jurnalistlər, yazarlar, tərcüməçilərin ölkədən çıxışına qadağa qoyuldu:
 
"Jurnalistlər və digərləri ölkədən çıxışlarına qadağa qoyulduğunu məhz hava limanında, sərhəd-keçid məntəqələrində bildi. Çünki ACDİÜİİ bu şəxslərə rəsmi qaydada qadağa qoyduğunu bildirməyib. Jurnalistlər məhkəməyə müraciət etdilər. İlk vaxtlar məhkəmələr də “bilmirdilər” ki, bu cür şikayətlərə hansı məhkəmə aidiyyatında baxılmalıdır. Çünki rayon məhkəmələri inzibati məhkəmələrin, inzibati məhkəmələr isə rayon məhkəmələrinin üstünə atırdı. Son nəticədə şikayətlərə baxan məhkəmələr bu şikayətləri təmin etmədi.
 
Baxmayaraq ki, şikayətçilər bildirirdilər ki, onlar şahid kimi dindiriliblər. Üstəlik, onlara ölkədən çıxışlarına qadağa qoyan məhkəmə qərarı təqdim edilməyib. Məhkəmə bu arqumentlərə səssiz qaldı".
 
Qanunla
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, jurnalistlər prokurorluğun qərarından məhkəməyə müraciət edib. Ona görə də, artıq məhkəmənin qərarını gözləməlidirlər:
 
“Bunun qanuni olub-olmamasını məhkəmə müəyyən edəcək. Birinci instansiya onların şikayətini təmin etməyibsə, demək qanunidir. Məhkəmələr bitsin, iş təkcə prokurorluğa qalsa, yenidən zəng edərsiniz”.
 
Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə görəsə, hər kəsin azadlıq hüququ var. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ da var. Miqrasiya Məcəlləsinin 9-cu maddəsi də deyir ki, Azərbaycan Respublikasının vətəndaşının dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququ var.
 
Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.
 
"Məhkəmələr şikayətçilərin əsas konstitusion hüquqlarının pozulmasına göz yumdu"
 
Z. Sadıqova deyir ki, göründüyü kimi, qanunvericilik heç bir halda şahidlərin ölkədən çıxışına qadağa qoyulmasını, üstəlik, bunun məhkəmə qərarı olmadan edilməsini nəzərdə tutulmayıb:
 
"Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsi bildirir ki, yalnız barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər.
 
Hətta CPM-in 9.1.2-ci maddəsi deyir ki, cinayət mühakimə icraatının əsas prinsipi insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir.
 
Beləliklə, məhkəmələr açıq şəkildə şikayətçilərin əsas konstitusion hüquqlarının pozulmasına göz yumdular. Şikayətçilər bildirirdilər ki, bu qadağalar məhz onların Meydan TV-də jurnalistlik etdiyinə görə qoyulub. Meydan TV də 2014-cü ildən sıxışdırılan media vasitələri sırasına daxildir. Beynəlxalq hesabatlar da (HRW, Freedomhouse) Meydan TV və digər KİV-lərə qarşı edilən basqıları davamlı olaraq işıqlandırıb".
 
"Məhkəmə qərarları ləğv edilməli və ölkədən çıxışa qoyulmuş qadağa götürülməlidir"
 
Ölkədən çıxışına qadağa qoyulan jurnalistlər Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. Onlardan bəzilərinin şikayətləri barədə AİHM qərar verib. Onların hərəkət azadlığının pozulması tanınıb. Lakin bu jurnalistlərin ölkədən çıxışına hələ də qadağa var.
 
Z. Sadıqova deyir ki, ölkədən çıxışa qoyulmuş qadağanın qanunsuzluğundan verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılıb və son instansiya apelyasiya instansiyası məhkəməsi olub. Belə olan halda avtomatik olaraq məhkəmə qərarları ləğv edilməli və ölkədən çıxışa qoyulmuş qadağa götürülməlidir.
 
Sevinc Vaqifqızı 2015-ci ildən bu yana ölkədən kənara çıxmayıb. Deyir, səbəb Meydan TV ilə bağlı Baş Prokurorluqda açılan cinayət işidir. Ancaq o, bu işdə şahiddir, təqsirləndirilən şəxs deyil. Deyir, dindirməyə çağırılanda da həmişə gedib. Heç vaxt istintaqdan yayınmayıb. Odur ki, bunu səbəb kimi göstərib, ölkədən çıxışına qadağa qoya bilməzdilər:
 
"Bu üç il müddətində emailimə təlimlərdə, ixtisaslaşma kurslarında iştirak üçün onlarla dəvət göndərilib. Amma bu dəvətlərin heç birinə qatıla bilməmişəm. Hər il Baş Prokurorluğa məktub yazıb qadağanın nə vaxt götürüləcəyin soruşuram. Heç bir müddət göstərilmir".
 
Jurnalistlər bəzən zarafatla "Sərhədli reportyorlar birliyi" yaradacaqlarını deyirlər...
 
Mənbə Meydan TV